Hüseyn Dərya kimdir?  –  5 dəfə intihara cəhd edən, sui-qəsdə məruz qalan cəhənnəm əhli
21 avqust 2024 20:15 (UTC +04:00)

Hüseyn Dərya kimdir? – 5 dəfə intihara cəhd edən, sui-qəsdə məruz qalan cəhənnəm əhli

Lent.az “Bioqrafiya” rubrikasında az ömrünə çox faciələr sığdırmış, gənc yaşında vəfat edən, özünü sağlığında belə cəhənnəm əhli adlandıran reper Hüseyn Dəryadan bəhs edir.

- Hüseyn Dərya nə zaman və harada anadan olub?

Hüseyn Dərya 1975-ci il iyunun 29-da Suraxanı rayonunun Bakıxanov qəsəbəsində doğulub. Ailədə 5 uşaq olublar - 3 bacı, 2 qardaş. 

- Hüseyn Dərya orta və ali təhsil alıb?

İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə alıb. Bəzi məlumatlara görə, Hüseyn orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, ali təhsildən imtina edib.

- Hüseyn Dərya Qarabağ müharibəsində iştirak edib.

Bəli. I Qarabağ müharibəsində də iştirak edən Hüseyn Dərya 4 il 2 ay hərbi xidmət çəkib.

- Hüseyn Dərya nə zamandan rep deməyə başlayıb?

Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən deməyə başlayıb. İlk dəfə meyxana və muğamla repi sintez edib. Sənətçinin karyerasında yüksəliş 2000-ci ildən başlayıb. İfa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Hüseyn Dəryanı tamaşaçılara sevdirən “Keyf elə” mahnısı olur. Bundan sonra o, karyerasının ən uğurlu hissəsinə qədəm qoyur.

- Hüseyn Dəryanın albomu var?

Hüseyn Dəryanın diskoqrafiyasına 3 studiya albomu daxildir.

- Hüseyn Dərya ailəli olub?

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəllüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var.
Sevda Məmmədova ilə 2002-ci ildə tanış olublar. Sevda xanım onunla tanışlığı barədə belə deyib: O, birinci prodüseri İdrislə idi, ayaqqabısını təmizlətdirirdi. Həmin dönəmdə televiziyadakı "Musiqili meydan” verilişində Hüseynlə Elşad Xose yarışacaqdılar. Mən də onların yanından keçirdim. O an İdris məni saxladı və soruşdu: "Sizin fikrinizcə, kim daha yaxşıdı, Xose yoxsa Dərya. Mən isə "Elşad Xose” deyə keçib getdim. Mən onda heç Hüseyni yaxşı tanımırdım. Ümumiyyətlə, rep musiqisini sevmirəm və başa düşmürəm. Gündüz saat 3-4 ərəfələrində yol gedərkən arxamca addım səsləri eşitdim. Döndüm baxdım ki, Hüseynlə İdris gəlir. Hüseyn onda mənə yaxınlaşıb soruşdu: ”Xanım, siz məni niyə bəyənmirsiniz?”. Mən isə "bəyənmirsiniz deyəndə ki, bu tərz musiqiləri sevmirəm” dedim. Və beləcə tanış olduq. Mənə 2 bilet verdi. 1 həftə sonra konsertinə getdim. Bir-birimizi sevirdik və evlənmək qərarına gəlmişdik. Amma ailələrimiz buna qarşı çıxdı. Daha sonra Hüseyn mənə dedi ki, "gəl qaçırım səni”. Beləcə biz evləndik. Daha sonra qızımız Ayşə doğuldu. Ayşənin adını Hüseyn özü qoyub”.

- Hüseyn Dərya  birinci xanımından nə üçün  ayrılıb?

Narkotikdən istifadə asılığı ona ciddi zərərlər vurur, ailəsi dağılır, özü isə həbsə düşür. Birinci xanımı Sevdanın sözlərinə görə onların ailəsinin dağılmasına səbəb Hüseynin ikinci dəfə ailə qurduğu Sona adlı qadın olub: “Mən onu müalicə edir, həmişə yanında olurdum. Neçə illər dözdüm ki, qızım atasız qalmasın. Bizim ayrılığımıza səbəb Sona İbadova oldu. Sona bizim ailəmizi dağıtdı, yuvamı yıxdı. Sona guya Hüseynin pərəstişkarı idi. Hüseynə tez-tez zəng edir, mesaj yazırdı. Mən nə qədər yoldaşımı sevib, ona aşiq olsam da, axırda Hüseynə dedim ki, get, o Sona, o da sən, mən səndən ayrılıram”.

- Hüseyn Dəryanın ikinci xanımı nə üçün ondan ayrılıb?

Hüseyn Dəryanın ikinci evliliyi də uğurlu olmayıb. Həyat yoldaşı Sona ondan boşanaraq oğlu ilə birgə anasının evinə gedib Sona İbadova keçmiş əri Hüseyn haqqında bir dəfə  belə deyib: “Onun başı xarabdır. O görür ki, mən onu saymıram, onunla münasibətlərə son qoymuşam. Ondan sonra yeni bir həyata başlamışam”.

- Hüseyn Dəryanın reper həmkarları ilə münasibətləri necə idi?

Hüseyn Dərya həmkarları Anar Nağılbaz, Elşad Xose ilə əvvəllər dost münasibətdə olsa da, sonra da aralarında gərginlik yaranıb. Onlar son günlərinə qədər bir-birləri ilə küsülü olublar. Tanınmış reper Anar Nağılbaz Hüseyin Dəryanın ölümündən sonra onun dəfnində iştirak edib. Reperin ən yaxın dostu rejissor Kənan MM-dir.

- Hüseyn Dərya nə üçün həbs olunub?

Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə 1 il həbsdə qalıb.

- Hüseyn Dərya sağlığında nə üçün intihara cəhd edib?

Bəli. Hüseyn Dərya narahat həyat yaşadığını və doğulduğu üçün peşmanlığını verlişlərin birində belə cavablandırıb "Doğulmağıma peşmanam. Bəlkə də dünyaya gəlmə ixtiyarım öz əlimdə olsaydı, Allaha yalvarırdım ki, məni yaratmasın. Zəng vurub məni ölümlə hədələyiblər. Amma mən öləcəyimə sevinən insanam".

Hüseyn Dəryanın özünün sözlərinə görə həyatı boyu dəfələrlə intihara cəhd edib. Bir dəfə isə özü bu bərədə etiraf edib: "İki həftə dayanmadan gündə beş dəfə intihar planlamışam. Mən yaşadıqca hələ çox göz yaşı tökəcəm, mənim yaşadığım hər bir gün cəhənnəmə aparan bir addımdır".

- Hüseyn Dərya nə üçün vəfat edib?

2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında dünyasını dəyişib. Ölərkən 38 yaşında idi.

Birinci həyat yoldaşının sözlərinə görə Hüseyn Dərya qəza keçirəndən sonra xəstəxanaya aparılıb. Orada onun əməliyyat olunmasına qərar verilib. Lakin, astma xəstəsi olduğu üçün ona narkoz vermək olmazmış. Onun ölümünə səbəb də elə bu fakt olub. Narkoz verilən kimi Hüseyn dünyasını dəyişib.

Deyilənlərə görə, Hüseyn vəfat edəndən sonra onun nəşini morqdan çıxaran zaman Hüseynin səsini eşidiblər. Bu iddianı isə Fəxrəddin Sadıqzadə irəli sürüb: “Hüseyn Dərya morqdan çıxarılan vaxt mən orada idim. Cənazəni yaxınlarına təhvil verəndə çəkiliş aparırdım. Hüseyni maşına qoyanda bir xırıltı eşidildi. Əvvəlcə şoka düşdüm. Elə bildim ki, bu səsi tək mən eşitdim. Bir neçə saniyə sonra Hüseyn Dəryanın həyat yoldaşı Sona xanım da “bu, Hüseynin səsidir” dedi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11445
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar