Mübariz Qurbanlı: “Senatın bu hərəkəti heç nəyi dəyişmir” - MÜSAHİBƏ
26 noyabr 2020 17:22 (UTC +04:00)

Mübariz Qurbanlı: “Senatın bu hərəkəti heç nəyi dəyişmir” - MÜSAHİBƏ

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının APA-ya müsahibəsi

- Mübariz müəllim, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı tövsiyə sənədini qəbul etdi. Sizcə, bu, Fransanın özünün də tanıyıb qəbul etdiyi beynəlxalq hüquqi normalara zidd deyilmi?

- Fransa Senatının qəbul etdiyi bu qətnamə ilk növbədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olaraq vaxtı ilə özünün də səs verdiyi 4 qətnaməyə ziddir. Bu 4 qətnamə Ermənistanın Azərbaycan torpaqlarını işğal eləməsi ilə əlaqədar erməni silahlı birləşmələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını özündə əks etdirirdi. İkincisi, bu sənəd Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq və bütün danışıqlarda iştirak edərək ATƏT çərçivəsində bu münaqişə ilə bağlı qəbul edilmiş və Fransanın da təsdiqlədiyi sənədlərin əksinədir. Üçüncüsü, Avropa Şurasının üzvü olaraq, zamanında həmin qurumun Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar qəbul etdiyi sənədlərlə də ziddiyyət təşkil edir. Dördüncüsü isə Avropa İttifaqının üzvü olaraq Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyib. Fransa nümayəndə heyəti də orada iştirak edib. Bu məqamdan da baxsaq Fransa Senatının atdığı addım bütövlükdə beynəlxalq hüquqa və beynəlxalq münasibətlərə zidd olan bir addımdır. 

 

- Fransa Senatı bu sənədi qəbul eləməklə əslində Avropada olan milli separatist qruplara dəstək vermiş oldu. Əgər bu məntiqlə çıxış etsək, Fransanın özündə də milli baxımdan ziddiyyətli məqamlar var. Məsələn, Korsikanın 350 mindən çox əhalisi var, korsikalılar da uzun müddətdir Fransadan qopub ayrılmaq fikrini ortaya qoyurlar. Fransa buna icazə verərmi? Avropa dövlətlərinin içərisində - İspaniyada, Belçikada, Böyük Britaniyada, İtaliyada  - çoxsaylı xalqlar var. Avropanın elə ölkəsi yoxdur ki, orda milli icmalar olmasın. Yəni, milli icmaların hər birinin separatizminə icazə verilsə, bu, Avropa və dünya təhlükəsizliyi üçün böyük təhdid yarada bilər. Ümumilikdə dünyada 5 mindən çox xalq var və 200-dən çox müstəqil dövlət var. Hər bir ölkənin içərisində yaşayan xalqlar, icmalar müstəqil dövlət iddiası ortaya qoysalar, bu, dünyada böyük xaos yarada bilər. 

Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, beynəlxalq hüquqda Azərbaycanın ərazisi kimi tam şəkildə təsbit olunub. Tarixi baxımdan da Dağlıq Qarabağ bizim ərazimizdir. Azərbaycanda yaşayan ermənilər erməni xalqının icması formasında təşəkkül tapıb və hər hansı bir ölkə daxilindəki icma həmin ölkənin vətəndaşı olaraq o ölkənin qanunları ilə idarə olunur. Necə ki, Fransada xalqlar var ki, Fransanın tərkibindədirlər və oranın qanunları ilə yaşayırlar və hər hansı bir əlavə üstünlüyə malik deyillər, o cümlədən Dağlıq Qarabağda da hətta ermənilərin şişirdilmiş rəqəmləri ilə nəzərə alsaq belə müharibədən əvvəl 60-65 min əhali ola bilərdi. Bu sayda bir icmanın hansısa formada dövlət statusu, ya hansısa qurum formasında qəbul edilməsi məntiqə sığırmı? Ölkələr var ki, onların ərazisində milyon sayda milli icmalar var. Onların hər birinə ayrılıqda dövlət və ya başqa qurum kimi status vermək lazımdır? Bu, anormal bir məsələdir. 

- Bu sənədin təsir gücü varmı?

- Fransa Senatının qəbul etdiyi bu sənəd deklorativ xarakteri daşıyır. Fransa hökumətinin hansısa bir formada bu tövsiyələrə uyğun addım atacağı gözlənilmir. Fransa rəsmiləri də bunun edilməyəcəyini söyləyirlər. Amma Fransanın siyasi hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı çıxışları olub. Fransa prezidenti, xarici işlər  naziri səviyyəsində yalan və yanlış açıqlamalar olub. Əlbəttə, bütün bunlar məqbul deyil və Fransa-Azərbaycan münasibətlərinə ziddir. Zamanında Fransa-Azərbaycan arasında ikitərəfli sənədlər imzalanıb. Bu ikitərəfli sənədlərdə, birgə bəyanatlarda Azərbaycanın ərazi bütövlüyü öz əksini tapıb. Bəli, Senatın bu addımı tamamilə hüquqa və beynəlxalq münasibətlər sisteminə ziddir, eyni zamanda separatizmə rəvacdır. Dağlıq Qarabağ ilə əlaqədar Azərbaycan ilə Rusiya və Ermənistanın birgə imzaladığı sənəd müharibəsinin dayandırılmasına yönəlib və bu istiqamətdə addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini qəti şəkildə bəyan edib. Buna görə də Fransa Senatının qəbul etdiyi sənəd əhəmiyyəti olmayan kağız parçasıdır. Amma bunun Ermənistandakı revanşistlər üçün müəyyən təsiri olur və onlar bundan sui-istifadə edir. Əslində bu addım “Sorosçu” Paşinyanın xilası üçündür.

Bir məsələni də vurğulamaq istərdim ki, Senatın qəbul elədiyi sənəd anti-türk və anti-Azərbaycan xarakterlidir. Bu, onu göstərir ki, Fransada türkofobiya və Azərbyacanafobiya əhval-ruhiyyəsi yayanlar var. Əgər bu sənədi diqqətlə oxusaq görərik ki, onun erməni lobbisinin mərkəzlərində hazırlandığını görərik. Senatın bir çox üzvləri erməni lobbisinin hay-küyü, bəziləri də vəsaiti hesabına anti-türk, anti-Azərbaycan fəaliyyəti ilə məşğuldurlar. Azərbaycan haqlı olaraq bu sənədi pisləyir, Azərbaycan ictimaiyyəti bunu qəti rədd edir. Senat bu addımı ilə əksinə Fransanın özünə xələl gətirən hərəkətə yol vermiş olur. Biz isə öz ərazimizdə mübarizə aparmışıq, öz ərazimizi işğaldan azad etmişik. Bu, bizim haqqımızdır və BMT nizamnaməsinə və beynəlxalq hüquqa uyğundur. Ona görə Fransa Senatının bu hərəkəti heç nəyi dəyişmir və dəyişə də bilməz.  

- Dağlıq Qarabağdakı xristianlığa aid dini abidələrlə bağlı nə deyə bilərsiniz? Sanki Qərb bu məsələlər ətrafında süni təşviş yaratmaqla məşğuldur.

- Mən sizə bir məqamı deyim ki, ermənilər bu müharibədə ağır, hərbi, siyasi, iqtisadi məğlubiyyətə uğrayıb. Bütün bu məğlubiyyətlər fonunda ermənilərin iki silahı qalıb: ermənilər beynəlxalq miqyasda ağlaşma yolu ilə, məzlum xalq rolu ilə özlərinə tərəfdaş axtarırlar; ermənilər xristian heysiyyətini coşduran çağırışlar edərək guya ermənilərə məxsus tarixi-dini abidələrə təhdidlər olacağını yalan şəkildə yaymağa çalışırlar. Bununla da xristian aləmində özlərinə tərəfdar toplamağa cəhd edirlər. Əslində Dağlıq Qarabağdakı xristian abidələrinin hamısı Qafqaz Albaniyasına aid məbədlərdir. Bu kilsələr 1836-cı ildə Çar Rusiyası tərəfindən Qafqaz Albaniyasının əmlakı erməni kilsəsinə verilib. Bu, tam qeyri-qanuni olub. Çünki erməni kilsəsi ilə Alban kilsəsi dini baxımdan tamam ayrı istiqamətlərdir. Erməni kilsəsi Alban kilsələrində heç zaman dini ibadətlər keçirməyib.

- Onların bir-birindən hədsiz fərqləndikləri məlumdur. Hətta bu kilsələr memarlıq baxımdan da fərqlənirlər. 

- Elədir. Çar Rusiyasının zamanında Dağlıq Qarabağda olan alban kilsələri Erməni Qriqorian Kilsəsinin himayəsinə keçsə də onlar həmin kilsələrdə ibadət etməyiblər. Sovet dövründə belə həmin tarixi abidələr Azərbaycan xalqının abidələri kimi mühafizə olunub və orada heç zaman dini ayin icra edilməyib. Sual olunur, əgər bunlar ermənilərə aid dini məbədlər idisə, nəyə görə ermənilər bu kilsələrdə heç zaman ibadət etməyiblər? Məsələn, Xudavəng, Gəncəsər, Ağoğlan kilsələri 19-cu əsrdə erməni kilsəsinin tabeçiliyinə keçdikdən sonra belə ermənilər bu kilsələrdə ibadət həyata keçirməyiblər, o cümlədən sovet dövründə, İkinci Dünya müharibəsindən sonra dinə qarşı başlayan yumşalma vaxtı belə bu kilsələrdən istifadə etməyiblər. O kilsələri sovet dövründə də Azərbaycan xalqı qoruyub-saxlayıb. Yalnız Azərbaycan ərazilərini işğal etdikdən sonra ermənilər kilsələri qriqorianlaşdırmağa, onun içərisində və xarici görünüşündə dəyişiklik etməyə başlayıblar. Bunu Qarabağı zəbt edəndən sonra bu torpaqlarda daimi məskunlaşmaq məqsədi ilə ediblər. Bu gün nə Xudavəngin, nə Gəncəsərin, nə Ağoğlanın erməni kilsələrinə aiddiyyəti var. Bu gün Azərbaycanda Alban-Udi icması var. Nicdə onların mərkəzi yerləşir. Alban-Udi icması da Azərbaycanda olan alban kilsələrinin hamısını özünün icması tərkibində idarə etmək haqqına malikdir. Bu gün Azərbaycan öz ərazisində olan bütün dinlərə məxsus tarixi abidələri qoruyur. Gör nə vaxtdan bəri biz zərdüştlüyə aid məbəd olan Atəşgahı hifz edirik. Xristianlığın pravoslav qoluna aid kilsələr qorunur, dövlət hesabına təmir olunur.  Azərbaycan dövlətinin hesabına katolik kilsəsi tikilərək katoliklərin istifadəsinə verilib. Heydər Əliyev Fondu bu sahədə böyük işlər həyata keçirir. Lüteranlar, baptistlər xristianlığa aid digər təriqət və onların qollarına Azərbaycanda diqqətlə yanaşılır. 

- Əksinə, onların işğal etdikləri torpaqlarda məscidləri dağıtdıqlarını görmüşük.

- Doğurdur, ermənilər bütün bunların əksinə Ermənistanın Dağlıq Qarabağda təcavüz zamanı İslama qarşı törətdiyi vəhşilikləri görmüşük. Demək olar ki, məscidlərin mütləq əksəriyyəti dağıntılara məruz qalıb, içərisində heyvan saxlayıblar, təhqir ediblər və sair. Bir məqama da diqqət yetirməyimizi istəyərdim. Dağlıq Qarabağdakı xristianlığa aid dini abidələr erməni kilsəsinə bağlı idisə nəyə görə ermənilər Çar Rusiyası və sovet vaxtı bu kilsələrlə heç maraqlanmayıb? Çünki özlərinki saymayıblar. Onlar həmişə Qafqaz Albaniyası kilsələri ilə mübarizə aparıblar. Ona görə də Qriqorian kilsəsinin rəhbərliyi yalnız işğaldan sonra bu mənhus niyyətləri üçün, bu torpaqlarda qalmaq məqsədi ilə çoxlu pul qoyaraq hərbi istehkamlar tikdikləri kimi “ideoloji istehkamlar” da yaradıblar. Biz möhtərəm prezidentimizin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücayəti ilə bunların hərbi istehkamlarını darmadağın etdiyimiz kimi dini-ideoloji istehkamlarını da darmadağın edəcəyik. Fransada və ya başqa yerdə kiminsə nəsə danışmasından, erməni lobbisinin pulu ilə seçilən senatorların addımlarından asılı olmayaraq biz bunu yerinə yetirmişik. Azərbaycan xalqı qalibdir, bütün dinlərə də tolerant yanaşır və bu baxımdan nümunəvi ölkədir. 

# 1942
avatar

Oxşar yazılar