68
11:31
12 Noyabr 2020

Ermənistanın kasetli bombalardan istifadəsi faktı - OMBUDSMANDAN ÇAĞIRIŞ

Məlum olduğu kimi, Ermənistan Azərbaycanın Bərdə rayonunda mülki şəxslərin sıx məskunlaşdığı və hərəkətdə olduğu əraziləri oktyabrın 27-28-də qadağan olunmuş silahlardan istifadə etməklə raket atəşinə tutub. Nəticədə iki gün ərzində ümumilikdə 25 mülki şəxs həyatını itirib, 80-dən artıq şəxs yaralanıb. Bərdəyə ardıcıl hücumlar, xüsusən oktyabrın 28-də Bərdə şəhərinin ticarət obyektlərinin yerləşdiyi mərkəzi hissəsinin hədəfə alınması səbəbindən çoxsaylı mülki obyektlər də dağıntılara məruz qalıb.

Bununla bağlı Ombudsman Səbinə Əliyeva Bərdə rayonunda yerində faktaraşdırıcı missiya həyata keçirib.

Qurumdan Lent.az -a verilən məlumata görə, araşdırma zamanı Bərdədə mülki və sosial obyektlərin yerləşdiyi ərazilərdə Ermənistan tərəfindən beynəlxalq hüquqla qadağan edilmiş kasetli bombaların istifadəsi faktı, eləcədə baş vermiş tələfat və dağıntılarla bağlı materiallar əldə edilib.

Ombudsman tərəfindən toplanmış materiallar əsasında hazırlanmış hesabatda beynəlxalq hüquq və humanitar hüququn pozulmasına dair faktlar əsasında Ermənistanın sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin qarşısının alınması məqsədilə tədbirlər görülməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib.

Oktyabrın 27-si 28-ni əhatə edən hesabat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Dİgər xəbərlər