67
17:09
04 Noyabr 2020

Ermənistan: Xaos və süqutun astanasında – AKTUAL ŞƏRH

Azərbaycan ordusunun əks-hücumları Emənistanda sözün həqiqi mənasında xaos yaradıb. Ölkə həm siyasi, həm iqtisadi cəhətdən süqut ərəfəsindədir. Erməni portallarından, sosial şəbəkə seqmentindən ölkənin dərin ruh düşkünlüyünə düşdüyü açıq hiss edilir. İş o yerə çatıb ki, Ermənistan hakimiyyətində münaqişə ilə bağlı bir-birinə zidd fikirlər səslənir. Baş nazir N.Paşinyan Türkiyənin münaqişənin nizamlanması prosesinə mane olduğunu və destruktiv rol oynadığını iddia etdiyi halda, prezident Aram Sarkisyan bildirir ki, “Moskva ilə Ankara arasında birgə əməkdaşlıq Qarabağ nizamlamasına kömək edə bilər”.

Bu, Ermənistan hakimiyyətində vahid mövqeyin olmadığı, Baş nazir Nikol Paşinyanın vəziyyətə nəzarəti itirdiyindən xəbər verir. Ermənistan vətəndaşları döyüşmək üçün könüllü şəkildə Qarabağa getməkdən imtina edirlər. Vəkil Robert Ayrapetyan sosial şəbəkə hesabında bildirir ki, doğum evlərində ataları döyüşə getməkdən imtina edən körpələrə doğum haqqında şəhadətnamə vermirlər və faktiki olaraq “uşaqları və anaları girov götürürlər”.

Bu ölkə artıq 3-4 gündür döyüşdə verdiyi itkilərin sayını açıqlamaqdan imtina edir. Bundan əvvəl açıqlanan rəqəmlər ölkədə böyük narazılığa səbəb olub.

Qarabağdakı rejim daxilində də xaos hökm sürür. “Lider” Araik Arutunyanın sağ olub-olmadığı bilinmir, keçmiş müdafiə nazirinin taleyindən xəbər yoxdur, müdafiə nazirinin müavini məhv edilib və s. “Yüksək vəzifəli” ermənilərsə Qarabağdan qaçıb.

Ermənistanın maliyyə naziri Cancuqazyan bir neçə gün öncə bəyan etdi ki, müharibənin hər günü Ermənistan iqtisadiyyatı üçün 30 milyon dollara başa gəlir. Onun hesablamalarına görə, Ermənistan iqtisadiyyatına 39 gün ərzində 1 milyard 170 milyon dollar zərər dəyib. 2020-ci ilin birinci yarısında Ermənistan iqtisadiyyatının onsuz da ağır olan vəziyyəti daha dramatik hal alıb. Belə ki, həmin dövr ərzində xəzinəyə vergi daxilolmaları yarıbayarı aşağı düşüb. İlin sonunadək ölkədə büdcə kəsiri ən optimist proqnozlara görə, 1 milyard dollar təşkil edəcək. Ermənistanın strateji valyuta ehtiyatları sonuncu dəfə qeydə alınmış 2,6 milyard dollardan 1,5 milyard dollara enib. Günü-gündən artan hərbi xərclər isə bu ehtiyatların da sonuna çıxacaq.

İndi Paşinyan anlayır ki, özünün də, erməni ordusunun sonu yaxınlaşır. Döyüş meydanındakı mövqelərini günbəgün itirən Ermənistan mülki obyektləri hədəf alır, dinc əhalini, uşaqları, qadınları, qocaları qadağan olunmuş silahlarla amansızcasına qətlə yetirir. Bu siyasət Paşinyan iqtidarı üçün heç də xoş olmayan perspektiv vəd edir. Və bunu həm də Azərbaycan əsgəri vəd edir…

Dİgər xəbərlər