İspaniyada ana və yetkin yaşda olan qızı təxminən iki il ailə başçısının meyiti ilə eyni evdə yaşayıblar. Dəhşətli hadisə Barselona yaxınlığındakı Kabrera-Danoya bələdiyyəsində aşkarlanıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kan-Formiqa yaşayış massivinin sakinləri vəziyyətdən şübhələnərək polisə müraciət ediblər. Qonşular ev sahiblərinin uzun müddət heç kimlə əlaqə saxlamadığını, həyətin ətrafında isə böyük miqdarda zibil və çirk toplandığını bildiriblər.
Hadisə yerinə gələn polis əməkdaşları evdə iki qadın aşkar ediblər.
Məlumata görə, ana və qızı ən azı COVID-19 pandemiyası dövründən etibarən yaşadıqları evin ərazisini tərk etməyiblər. Onlarla birlikdə evdə daşınmaz əmlakın sahibi olan 75 yaşlı ailə başçısının meyiti də olub.
Hüquq-mühafizə orqanlarının ilkin məlumatına əsasən, evə və meyitə baxış zamanı zorakı ölüm əlamətləri aşkarlanmayıb. Ekspertlər kişinin təxminən iki il əvvəl təbii səbəblərdən öldüyünü ehtimal edirlər.
Mərhumun meyiti artıq Barselonadakı Məhkəmə Tibb İnstitutuna göndərilib. Ekspertiza kişinin dəqiq ölüm səbəbini və tarixini müəyyən etməyə imkan verəcək.
Araşdırma zamanı qadınların ölən qohumlarının yanında nə qədər müddət qapalı həyat sürdüklərinin də dəqiqləşdirilməsi nəzərdə tutulur.
Polis bildirib ki, ana və qızı saxlanılmayıb. Hüquq-mühafizə orqanları onların hərəkətlərində cinayət tərkibi müəyyən etməyib.
Hazırda qadınlara tibbi və sosial xidmətlər tərəfindən zəruri yardım göstərilir.