Çexiyanın mərkəzi hissəsində qadın yaxın zamanlarda şumlanmış torpaqda parıltı görüb və bu barədə arxeoloqlara məlumat verib. Sonradan məlum olub ki, söhbət bölgədə indiyədək aşkar edilən ən böyük sikkə xəzinəsindən gedir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, tapıntının içərisində təxminən 900 il əvvəl torpağa basdırılmış 2150-dən çox gümüş denari olub. Sikkələr keramika qabda saxlanılıb.
Arxeologiya İnstitutunun və Kutna Horadakı Çex Gümüş Muzeyinin mütəxəssisləri müəyyən ediblər ki, sikkələr Premyslid sülaləsindən olan üç hökmdarın dövründə zərb olunub. Bunlar kral II Vratislav, həmçinin knyazlar II Bretislav və II Borjivoydur. Onlar təxminən 1085–1107-ci illərdə hakimiyyətdə olublar.
Bu məlumatlar sikkələrin XI əsrin sonlarında Praqa zərbxanasında hazırlandığını göstərir. Tədqiqatçıların fikrincə, xəzinə böyük ehtimalla XII əsrin birinci rübündə gizlədilib.
Araşdırmaya rəhbərlik edən mütəxəssislər tapılan pulların hərbi ehtiyat ola biləcəyini də istisna etmirlər. Onların əsgərlərin maaşlarının ödənilməsi üçün nəzərdə tutulduğu və ya hərbi əməliyyatlar zamanı əldə edilən qənimət olduğu ehtimal edilir.
Ehtimal olunur ki, kimsə pulları gizlədərək sonradan geri qayıtmağı planlaşdırıb, lakin bunu edə bilməyib.
Hazırda sikkələr Çex Gümüş Muzeyinin mütəxəssislərindədir. Onların hər biri ayrıca kataloqlaşdırılacaq, təmizlənəcək və fotoşəkli çəkiləcək. Hər sikkə üçün numizmatik təsvir hazırlanacaq və bütün kolleksiya ətraflı kataloqda toplanacaq.