194
20:15
03 Noyabr 2020

“Son nəfəsimə qədər onu unutmayacağam...” – ƏSİR DÜŞƏRGƏSİSON BÖLÜM

“Zəngilan rayonunun Mincivan qəsəbə sakini, Qarabağ müharibəsində girov götürülən Abbas Şahməmmədovla söhbətimiz yazıya çevriləndə artıq özü həyatda olmayacaqdı...” İki ay öncə yazmağa başladığım hekayətin bütün bölümlərinə bu kədərli cümlə ilə başlayanda ağlıma da gəlməzdi ki, sonuncu bölümdə bu sözlərə qürurla aşağıdakıları da əlavə edəcəyəm:

Abbas Şahməmmədov həyatda yoxdur, ancaq müzəffər Azərbaycan ordusu Zəngilan şəhərini də, Mincivan qəsəbəsini də erməni işğalından azad edib!

Burada kədərlə qürur bir cümləyə sığdığı kimi, biz də bu günlərdə bu iki duyğunu birlikdə yaşayırıq: itkilərimizə üzülür, bu günü görmək nəsibi olmayan insanlarımız üçün kədərlənir, torpaqlarımızın işğaldan azad edildiyi üçün sevinirik. Əsgərimiz təkcə ölkənin ərazi bütövlüyünü deyil, həm də bizim düz 28 ildir sınan qürurumuzu bərpa edir...

Müəyyən səbəblərdən yazını yayıma gec hazır etmişdim, vicdanım qarşısında əzab çəkirdim ki, Abbas kişi öz hekayəsini oxuya bilmədi... Ancaq indi həm də doğma torpağının – Mincivanın azad edilməsindən xəbərsiz köçdü dünyadan... Öncəki 5 bölümdə ölüm bədəninin heç azalmayan ağrılarını ovudub düşüncəsi ilə təskinlik tapırdımsa, indi həm də əminəm, nəhayət ki, onun ruhu da şaddır... Sanki doğma yurdunun əsirlikdən azad edilməsi üçün o da öz əsirlik hekayəsini danışıb başa çatdırmalı imiş...

Son bölümü hazırlayarkən onun səs yazısına yenə qulaq asdım... Bu dəfə fərqinə vardım ki, o səsdə ağrı ilə yanaşı bir həsrət də var... Yaşasaydı, bu gün səsindəki o həsrət də sona çatacaqdı...

Lent.az ailəsi adından Abbas Şahməmmədova rəhmət diləyir, ailəsinə səbir arzulayırıq... və Mincivan qəsəbəsinin işğaldan azad edilməsi münasibəti ilə gözləri aydın deyirik...

Əvvəli burada: I hissə, II hissə, III hissə, IV hissə, V hissə

VI hissə

70 illik ömrün son 27 ilini gülüşü dodaqlarını tərk edən Abbas kişi ancaq BQXC nümayəndəsi Pyer Reyçeli xatırlayanda üzünə təbəssüm qonur, gözlərinə işıq gəlirdi. “Pyerlə bağlı bütün xatirələr gözümün qabağındadır” deyirdi...

- Pyeri görəndə ürəklənirdik, sevinirdik... İçimizdə çoxdan itirdiyimiz ümid doğulurdu ki, yəqin Pyer bir gün bizi qoltuğuna vurub, buradan aparacaq...

- Və bir gün həqiqətən də apardı...

- Bəli, bizi Şuşada BQXC-nın maşınına mindirdilər. Mən Pyerin maşınında idim... Elə sevinirdim ki... Hələ ona dedim ki, “sən allah qoy maşını mən sürüm!” Dedi “yox, ermənilər görür, daha yanımdasan, gedirik, gedib sürəcəksən!” Xeyli yol gedəndən sonra acmışdıq, ancaq yeməyə oturmaq olmazdı. Çünki bizi havadan helikopter nəzarəti ilə aparırdılar. Pyer bir yer tapdı, dedi əlüstü yeyin, oturun maşına... Aeroportda bizi yoxlayıb, cibimizdə nə var aldılar...

- Cibinizdə nə var idi?

- Ailədən gələn məktublar... Ancaq Pyer başa saldı ki, bu məktublar bizdə qalmalıdır. Sonra tapşırdılar ki, cərgəni pozmadan sıra ilə gedin oturun təyyarəyə... Mindik... Bakıda da təyyarədən elə düşdük ki, heç kimi görmədik. Yenə sıra ilə maşına mindirib, birbaşa Qobustana apardılar. 1996-cı ilin Qələbə Günündə... Mayın 9-da Şuşa həbsxanasından Qobustan həbsxanasına gətirildik. Dedilər guya qayda belədir... Nə bilim, doğrudan belə qayda var?

- Bəli, əsirlikdən BQXC xətti ilə azad edilən hər kəsi əvvəlcə Qobustan həbsxanasına gətiriblər. Bir neçə gün onlarla söhbət aparılıb, nələr yaşadıqları öyrənilib, əsirlikdə qalanlar barədə əlavə məlumat toplanılıb və s. Sizi Qobustan həbsxanasında nə qədər saxladılar?

- Çox qaldım, 13 iyuna qədər dindirdilər...

- Proses uzağı bir-iki həftə sürür, sizdə niyə bu qədər uzun çəkdi? Anlaşılmayan nə var idi?

- Bizi bir-bir çağırıb, hər şeyi soruşurdular. Biz də olduğu kimi danışırdıq. Orada İbrahim müəllim var idi, axırda soruşdu ki, “Abbas kişi, sən orda neyləmisən, onu mənə de, səhər səni buraxacam, get evə, balalarının yanına!” Danışdım, dedi ki, “yox, düz deyil!”

- Nəyi gizlədirdiniz?

- Qızım, allah haqqı, mən bilmirdim ki, İbrahim müəllim hər şeyi bilir. Mən orada bir nəfərlə savaşmışdım, ona görə də sonradan peşman olmuşdum, yadımdan da çıxmışdı. Birdən xatırladım, danışdım.

Deməli, işləməkdən qayıdırdıq... Axı erməni həyətlərində işləyirdik... Gördüm çimmək üçün imkan var, təklif etdim ki, çimək, razılaşmadı. Dedim “mənim yanımda yatırsan, hər tərəfi iy basır, çimək, bit azalsın, təmiz olaq!” Onda mübahisəmiz düşdü, süpürləşdik. Mən onu vurdum, bax, onu danırdım...

- Bu hadisəni danışandan sonra buraxdılar?

- Hə, qızım. Sən demə, bilirmiş... Danışandan sonra dedi ki, “get, hazırlaş, bu gün çıxacaqsan!” Mən də gedib uşaqlarla görüşdüm, çıxdım...

- Əminə xanım, bəs siz onun azad olunması ilə bağlı xəbəri necə aldınız?

- Hər gün işdən çıxanda BQXC-ya gedirdim, orada Rafiq müəllim var idi, deyirdi “sən buraya gəlmə!” Deyirdim “necə gəlməyim? Mən rayon adamı, 3 yerdə işləyirəm, 2 balam başsız qalıb...” Deyirdi ki, “yox, səni görəndə mən xəcalətimdən yer axtarıram girməyə. Həm işləyirsən, həm də gəlib burada dayanırsan...” Yalvarırdım ki, “Abbasın adını dəyişilənlərin siyahısına sal,” deyirdi, “vicdan haqqı, çalışıram! Çünki hər dəfə səni görəndə ürəyim pis olur...”

Yasamalda yataqxanada qalırdıq, televizorumuz yox idi. İşdən gəldim, dedilər, əsirləri gətiriblər. Qızımgil Badamdarda məskunlaşmışdılar, piyada qaçdım onlara ki, axşam saat 6 xəbərinə baxım... Nəfəsim ağzımdan çıxır, hamımız həyəcanla oturmuşuq, uzaqdan göstərdilər ki, 65 nəfər təyyarədən düşüb, getdi... Nə ad çəkən oldu, nə üzlərini göstərdilər. Qızımın qaynı maşın tutdu, getdik Gəncliyə, BQXC-nın ofisinə... Orda dedilər siyahıda Abbas Şahməmmədovun da adı var... Qızım, bu xəbəri eşidəndə... Abbasın dəyişildiyini biləndə... pilləkəndən necə üzü aşağı yıxıldım... Qızım da hamilə idi... Tez özümüzü toplayıb, BQXC-dən də birbaşa Qobustan həbsxanasına qaçdıq... Getdik gördük millət tökülüb bura...

- 65 əsir gəlib... Hamısının qohumu, yaxını...

- Köhnə sarı avtobuslar var idi, həbsxananın ətrafı onunla dolu idi, iynə atsan, yerə düşməzdi...

- Görüş verirdilər?

- Yox, bizi qovurdular ki, çıxın, gedin, olmaz! Qızım dedi, “lap silahla qovun, mən atamı görməmiş getməyəcəyəm! Nə şərait olur-olsun, lap balamı da itirim, amma atamı görməliyəm!” Elə də oldu, qızım həmin uşağını itirdi...

Hamı çəkildi, getdi, qaldıq biz. Yalvardıq, yapışdıq... Axırda dedilər ki, “baxın, bu kişi neçə ildir əsirlik çəkib, hamilə qızı onu elə görüb, ürəyi dözməyəcək... Halı pis olacaq...” Qızım dedi, “yox, özümü saxlayacam!” Bir şərtlə razılaşdılar – “Sizi içəri buraxa bilmərik, qapının qabağına gəlin, Abbası da içəridən göstərəcəyik...”

Razılaşdıq... Neyləyək? Sonuncu dəfə 3 il əvvəl Arazın qırağında gördüyümüz idi...

Mən, qızım, yeznəm, iki oğlum, qohum-əqrəba... Sıra ilə dayanmışdıq. Abbası çıxartdılar, aralıdan keçdi... Bu illərdə nə hala düşmüşdümsə heç məni tanımadı... Kiçik oğlum idmanla məşğul olurdu, bədənli idi, onu da tanımadı... Qızımla böyük oğlumu tanımışdı... Qızım əllərini qapının barmaqlığından irəli uzadıb atası ilə qucaqlaşdı...

Sonra evdə bizə dedi ki, “deyəsən atamın ayaq barmaqlarını kəsiblər... Qapının altından ayaqlarımla tapdadım, boşluq var idi...” Sən demə ayaqqabısı ayağına böyük imiş...

- Üz-üzə, normal görüşünüz nə vaxt oldu?

- Elə həbsxanada olanda. Sonradan İbrahim müəllim icazə verdi, hər gün yemək bişirib aparırdıq. Ayın 13-də Abbas evə gələn günü oğlanlarımın ikisini də apardım hərbi hissəyə ki, “indi buyurun, əsgər aparın!” O vaxta qədər qoymurdum ki, əvvəlcə ataları gəlsin, sonra! Kiçik oğlumun yaşı düşmürdü, böyük oğlumu apardılar, o biri il də kiçik oğlumu... Mən isə uzun müddət Abbasın müalicəsi ilə məşğul oldum.

Ermənilər dəmirlə döyəndə gözünə girmişdi. Təkcə gözlərinin əməliyyatına 300 dollar verdim. Bədəni yanıq-yanıq idi, bağırsağını 3 dəfə əməliyyat elətdirmişəm. Bağırsağı nə isə düz gəlmirdi... Zərbələrdən qabırğaları sınmış, beyni kütləşmişdi... Başıma çox iş gəldi, qızım... Günün günorta çağı yataqxanada V mərtəbənin eyvanından özünü aşağı atırdı ki, “erməni gəlir”. Güclə tutub saxlayırdıq... Yataqxana səs-küylü yer, Abbasın isə başı səs götürmürdü, həkim dedi yaşamasını istəyirsənsə, sakit yerə apar. Biz də buranı tapdıq... Bura idarə idi, dəmirlər, borular yığırdılar. Yaşayış yeri deyil deyə düşündük ki, sakitlik olar. Birtəhər düzüb-qoşduq, yığışdıq...

- Nə vaxt işləməyə başladı?

- İyunun 13-də evə buraxdılar, iyulun 1-dən işə başladı.

- Harada?

- Qarajda. İndi isə taksi sürür...

- UAZ necə oldu?

- O maşınla bağlı başıma müsibət gəldi... (Gülür)

- Bəs onu harada saxladınız?

- Gizlətdim.

- Harada?

- (Gülür) Çadır gətirmişdim, üstünə çəkib, dedim “maşın İranda qalıb”. Hər soruşanda dedim “maşın yoxdur! Yiyəsi nə vaxt əsirlikdən gələcək, onda da sürəcək!” Abbas gələndən sonra gizlətdiyim yerdən çıxardıb, çadırı üstündən açdım. Yenə də özünə qismət oldu! İndi də qapının qabağındadır.

- Gələndə gördüyümüz maşın?

- Bəli, həmin maşındır... Mincivandan gələn maşın... Artıq çürüyüb, istifadəyə yararsızdır, ancaq atmırıq... Atmarıq! Onun xatirəsi bizim ailə üçün çox əzizdir. Onunla evimizdən çıxmışıq, təkərlərində Mincivanın tozu qalıb...

- Abbas dayı, üstündən illər keçəndən sonra əsir düşərgəsi ilə bağlı yadınıza əsasən nələr düşür?

- Döyülmək... Başqa heç nə... Necə döyürdülər... Aldığım məftil və dəyənək yaraları ömrümün sonuna qədər mənimlə olacaq... Məftil dəydiyi yeri daha çox yandırırdı, ona görə də əsasən məftillə döyürdülər... Döyülməyəndə də qorxu içində idik... Gözümüzü qorxutmaq üçün hər şey edirdilər. Məsələn, ətrafa tikanlı məftillər çəkmişdilər, onun üstünə də insan başı, burnu, qulağı və s. asmışdılar... Gecəmiz də, gündüzümüz də hər dəqiqəmiz həyəcan, qorxu, ölüm idi... Bir də tez-tez evdən gələn məktubları oxuyanda ağlamağımızı xatırlayıram...

- O məktublar ki, bir qayda olaraq bir-birinin təkrarı idi... “Yaxşıyıq, nigaran qalma, səni dəyişməyə çalışırıq...”

- Bəli, qızım... Siz deyəsən artıq o məktublarda nə yazıldığını bir əsir qədər dəqiq bilirsiniz... Həqiqətən ümumi sözlər idi, amma o qədər doğma idi ki... İnsan olduğunu unutduğun bir vaxtda bir parça kağız gətirirlər ki, “evdən məktub var!” Hansı ev? Rayon işğal olunub, heç bilmirsən ailən, balaların harada, necə yaşayır? Nə yeyib, nə içir? Özün min bir işgəncə gördüyün halda “yaxşıyam, nigaran qalmayın” yazırsansa, deməli sənə gələn məktublarda da yazılan “yaxşıyam, nigaran qalma”lar həqiqət deyil... Və bütün bunlara baxmayaraq o məktubları gözləyirsən... alanda sevinirsən... oxuyanda göz yaşlarını saxlaya bilmirsən...

- Məktublar necə paylanırdı? Ümumi verilirdi, yoxsa?

- Pyer tək-tək adımızı çağırıb, məktubumuzu verirdi... Biz də məktubu alan kimi bir küncə çəkilib, oxuyurduq... Onda fərqinə varmırdıq, amma indi düşünürəm ki, demək olar hamımıza sizin dediyiniz kimi, eyni məktublar gəlirdi. Amma yenə də biz onları təklikdə oxuyurduq... Əsirlikdə ən məhrəm hiss evdən gələn məktubları oxumaq idi... Sən ancaq o məktubları oxuyanda həyatda olduğunu, kiməsə lazım olduğunu hiss edirdin... O məktublar sənə bütün işgəncələrə dözüb yaşamaq gücü verirdi... Düşünürdün ki, hardasa uzaqda məni düşünən, xatırlayan və mənim üçün dua edən kimsə var...

Sağollaşıb ayrılanda telefonumu alıb, yenidən Pyer Reyçelin şəklinə baxır. Baxışlardakı sevgi ilə minnətdarlıq duyğusunun nə qədər intəhasız olduğunu görüb, düşünürəm: Görəsən Pyer bilir ki, hardasa uzaqda onu düşünən, xatırlayan və onun üçün dua edən nə qədər insan var...?

Taleləri nə qədər bənzər olsa da, hər müsahib yaddaşıma fərqli cür həkk olunur. Abbas Şahməmmədov hafizəmdəki fotosunda sonsuz minnətdarlıq hissi ilə xilaskarı Pyer Reyçelin fotosuna baxır...

Ondan ayrılanda ürəyimdən keçirdi ki, kaş bir də heç vaxt ağrımasın... Buna görə də dünyadan köçməsi ilə bağlı xəbəri alanda yaxınlarından necə, hansı şəraitdə vəfat etdiyini soruşdum. Həyatı nə qədər ağır keçsə də, son an çox rahat olub dedilər... Taksi sürərkən özünü yaxşı hiss etməyib, avtomobili yolun kənarına çəkib, saxlayıb... Başını sükanın üstünə qoyub...

Əminəm ki, son nəfəsində də Pyeri yad edib, gözləri sonuncu dəfə minnətdarlıqla onu xatırlayıb... Axı özü demişdi ki, “son nəfəsimə qədər də onun üçün duaçı olacam!”

***

Mən artıq Qızıl Xaç Məktublarını oxuyanda Abbas Şahməmmədov həyatda yox idi... Məktubların yaratdığı sualları kim cavablayacaqdı? Məsələn, niyə bir-birinin eynisi olan məktublara arada rus dilində cavab gəlib? Qəribədir... Bütün ömrünü Mincivanda yaşayan Abbas ailəsinə məktubu rus dilində yazardımı? Bəlkə də... Ancaq məktubun sonundakı kəlmə qətiyyətlə onu Abbasın yazmadığını deyir. Təcrübəmdən bilirəm, əsirlikdə olan heç bir kişi həyat yoldaşına yazdığı məktubu “öpürəm” kəlməsi ilə bitirməz, bir qayda olaraq “uşaqların üzündən öp” və ya “uşaqlardan muğayat ol” tapşırardı...

Bu barədə söhbətdən nə qədər yayınsa da, suallarımı Pyer Reyçelin özünə ünvanlamaq qərarına gəldim.

- Rus dilində iki məktub yazılıb. Biri böyük sevgi və həssaslıqla yazılıb. Əminəm, onu siz yazmısınız. Bəs ikincini?

- Bəli, birinci məktubu mən yazmışam, mənim xəttimdir, yazdığımı da xatırlayıram. İkincini isə Sercio yazıb... Bizim əməkdaşımız idi, arada saxlanılanlara məktub yazmaqda kömək edirdi...

- Müsahiblərimdən heç birinin xatirəsində Sercio adlı şəxs xatırlanmır...

- O, mənə qədər qısa bir müddət fəaliyyət göstərib... Yəqin ona görə də az xatırlayırlar...

- Sizi isə heç unutmurlar... İstəyirəm biləsiniz ki, əsirlikdən xilas etdiyiniz bütün azərbaycanlıların dualarında yaşayırsınız... Abbas son günlərinə qədər sizin adınızı böyük minnətdarlıq hissi ilə çəkirdi...

- Abbası yaxşı xatırlayıram... Həyatının son günlərinə qədər məni xatırlamasından çox təsirlənirəm, kövrəlirəm... Həqiqətən, bu, çox təsirlidir... Xahiş edirəm, Abbasın ailəsinə mənim başsağlığımı çatdırın...

İşlədiyim azərbaycanlıların hamısının ürəyimdə ayrıca yeri var... İstəyirəm biləsiniz ki, mən də heç birini unutmamışam... Və onların duası mənim üçün həyatda aldığım ən qiymətli hədiyyədir...

***

Əziz oxucu!

Ola bilsin ki, tanış olduğun bu tale “Əsir düşərgəsi”nin sonuncu hekayəsi idi. Böyük ehtimalla, Vətən müharibəsi başa çatdıqdan, insanlar doğma yurd-yuvasına qayıtdıqdan sonra ancaq xoş xatirələrini danışmaq istəyəcəklər. Bizim missiyamız əsirlikdə olan torpaqlarla eyni taleyi yaşayan insanımızın həyat hekayəsini tarixdə əbədiləşdirmək idi. Bütün bu zamanı yanımızda olduğun üçün sənə minnətdarıq! Qalibi sevmək cəsarət istəmir, məğlubu oxumaq, qurbanı duymaq isə insandan böyük ürək sahibi olmağı tələb edir. Bu böyüklüyün üçün çox sağ ol!

İndi isə tarixdə öz layiqli yerini tutmaq növbəsi torpağın hər qarışı uğrunda canı ilə, qanı ilə savaşan, Vətəni əsirlikdən xilas edən oğullara çatıb. Bu dəfə sizinlə birlikdə onların hekayəsini yazacağıq! Pyer əsir və girovlar üçün kim idisə, bu qəhrəman oğullar da Vətən torpağı üçün həmin xilaskarlardır! Pyerin adı keçmiş əsirlərin duasında yaşadığı kimi, o əsgərlər də torpağın duasında yaşayacaqlar... Torpağın duasında yaşamaq isə hər kəsə nəsib olmur!

Abbas Şahməmmədovun timsalında dünyadan yurd həsrəti ilə köçən bütün insanlarımızın ruhuna sonsuz sayğı və ehtiramla...

Millətin alnındakı ləkəni qanı ilə silən əsgərə sevgilərlə...

Dİgər xəbərlər