Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolması və köməksiz vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.
Nazirlikdən Lent.az-a bildirilib ki, dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Keçirilən tədbirlər nəticəsində 6-sı azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.