716 milyonluq hərbi büdcə, 2,7 milyardlıq itki: Bu necə olur?
29 oktyabr 2020 11:10 (UTC +04:00)

716 milyonluq hərbi büdcə, 2,7 milyardlıq itki: Bu necə olur?

2020- ci il sentyabr ayının 27-dən oktyabrın 26-dək olan müddətdə davam edən Vətən müharibəsində Ermənistanın məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasının dəyəri 2,7 milyard ABŞ dollarını ötüb. 
Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb. 
Məlumata görə, bu müddət ərzində Ermənistan ordusunun 252 tankı məhv edilmiş, 53 tankı qənimət kimi götürülmüşdür. Ermənistan 79 ədəd piyadaların döyüş maşını, 275 müxtəlif çaplı top, 106 minaatan, 53 tank əleyhinə vasitədən məhrum edilmişdir. 82 “Qrad” qurğusu, 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, bir “TOS” sistemi məhv edilmişdir. Eyni zamanda 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, bir ”KRUQ”, 2 “S-125” zenit-raket kompleksləri və qurğuları zərərsizləşdirilmişdir. Həmçinin, 6 “S-300” atıcı qurğusu, bir aşkaretmə stansiyası, bir lokator, bir “Toçka-U”, 2 Elbrus əməliyyat taktiki raket kompleksləri məhv edilmişdir. Əlavə olaraq, 20-i silah-sursatla dolu olan 231 yük avtomobili məhv edilmiş, 173 yük avtomobili isə hərbi qənimət kimi götürülmüşdür. Qeyd edək ki, bu tam siyahı deyil, Ali Baş Komandan tərəfindən yaxınlarda Ermənistanın hərbi texnika və sursat itkisi barədə əlavə məlumat veriləcəkdir. 
Məhv edilmiş hərbi texnikanın içərisində Ermənistanın iqtisadi gücünün əldə etməyə heç bir imkan vermədiyi dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemlərindən, satışı qadağan olunmuş ballistik “Elbrus” raket sistemlərinə qədər çoxnövlü silah arsenalına rast gəlinməsi Ermənistanın ötən 30 il ərzində qanunsuz silahlandırılmasına da aydınlıq gətirmişdir. Cəmi bir ay ərzində Ermənistana vurulmuş hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfə üstələyir. Ancaq 716 milyon ABŞ dolları civarında hərbi büdcəsi olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması 7 iqtisadi qanunauyğunluqlarla heç bir halda izah oluna bilməz.  Belə ki, cəmi 2,6 milyard ABŞ dolları həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək baxımından xeyli məhduddur. Digər tərəfdən bir aylıq müharibədə itirdiyi hərbi texnikanın miqdarı Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Adi Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də pozduğunu və bu müqavilənin şərtlərinə uyğun olmayan həddə silah və hərbi texnika saxladığını ortaya çıxarmışdır. Fundamental iqtisadi qanunlar və hərbi xərcləmələr üzrə hesablamalar Ermənistanın hazırkı hərbi büdcəsinin xərc istiqamətləri vasitəsi ilə itirdiyi hərbi texnika və sursatı bərpa etməyə təxminən 25 il vaxt lazım olduğunu göstərir. Məhz buna görədir ki, artıq Ermənistan bu imkanlarının tükəndiyini görür və üçüncü ölkələrdən Ermənistana “humanitar yardım” adı altında silahların, maliyyə, ərzaq yardımlarının qanunsuz daşınması həyata keçirilir. Lakin Ermənistanın qanunsuz silahlandırılmasına şərait yaradan və ya birbaşa dəstək verən ölkələr bu silahların erməni terrorçuları tərəfindən özlərinə qarşı çevriləcəyi amilini də nəzərə almalıdırlar. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi paraqrafla qeyd etdiyi “erməni terrorizmi” anlayışının mahiyyəti bu ölkələr tərəfindən dərindən dərk olunmalıdır. Oktyabr ayında Gəncədə mülki əhaliyə qarşı törədilən terror aktları, bir vaxtlar ASALA-nın Avropa ölkələrində etdiyi silsilə terror aktlarının davamı kimi qəbul olunmalı və müvafiq nəticələr çıxarılmalıdır. Məhz buna görə də, Ermənistana yatırılan hər hansı sərmayə, verilən borc və pul köçürmələrinin birbaşa terrorizmin və Azərbaycan Respublikası İqtisadi İslahatların işğalın maliyyələşdirilməsinə sərf olunması amili beynəlxalq ictimaiyyət tərəfindən diqqətdə saxlanılmalıdır. Ermənistanı maliyyələşdirən beynəlxalq təşkilatların infrastruktur investisiyaları əslində Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur və bu təşkilatların mandatına heç bir halda uyğun gəlmir. Belə ki, Ermənistana kredit resurslarının ayrılmasında xüsusi rolu olan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq İnkişaf Assosiasiyası, Asiya İnkişaf Bankı, Avrasiya İnkişaf Bankı və digər təşkilatların mandatı əsasən iqtisadi inkişafın dəstəklənməsi, yoxsulluğun aradan qaldırılması və infrastruktura dəstək verilməsidir. Son dövrlər infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı Ermənistanın xarici təşkilatlardan cəlb etdiyi vəsaitlərin bir hissəsi çirkli pulların yuyulması sxemləri vasitəsi ilə hərbi nəqliyyat dəhlizlərinin inkişafına sərf olunur. Bu dəhlizlər isə beynəlxalq təşkilatlar tərəfindən də narkotik qaçaqmalçılığı və silah daşımaçılığı üzrə təhlükəli marşrutlar kimi qeyd olunur. Eyni zamanda, bu ərazidə ASALA, PKK kimi ABŞ və Avropa Birliyi səviyyəsində terrorçu kimi tanınmış təşkilatların akkumulyasiyası da qanunsuz silah və narkotik trafikinin dövriyyəsini təşkil etməyə xidmət edir. Digər tərəfdən, Ermənistanın maliyyələşdirilməsi birbaşa militarist iqtisadiyyata yatırılan sərmayədir. Belə ki, hərbi xərclərinin Ümumi Daxili Məhsulda xüsusi çəkisi 10 faiz ətrafında olan Ermənistan dünyada ən çox hərbiləşmiş azsaylı ölkələrdən hesab olunur. Buna müvafiq olaraq, beynəlxalq təşkilatlar və üçüncü ölkələr Ermənistanın maliyyələşdirilməsi, bu ölkəyə hər hansı vəsaitin verilməsinin terrorizmin maliyyələşdirilməsinə sərf olunduğunu nəzərə almalıdırlar. 

# 523
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar