"Doğma torpaqlarımızı Cənnətə çevirəcəyik" - Çaytumas kənd sakini...
28 oktyabr 2020 10:43 (UTC +04:00)

"Doğma torpaqlarımızı Cənnətə çevirəcəyik" - Çaytumas kənd sakini...

“Mən Qubadlı rayonunun Çaytumas kəndində dünyaya gözümü açmışam. Doğma kəndimdir. Kənddən çıxanda 14 yaşım var idi. Oranın təbiətinə, suyuna öyrəşmişdik. Kəndimizdə böyük mülkümüz, evlərimiz, bir neçə bağ yerimiz var idi. Kənddən çıxanda evimizdən heç nə götürə bilmədik”.

Bunu Lent.az-a açıqlamasında AMEA Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib.  

Ə.Həsənov vaxtilə kəndlərindən çıxdıqları vaxtı xatırlayıb: “Ermənilər bizim kəndi vururdular. Artıq kəndimiz mühasirəyə alınmışdı. Kənddən çıxanda heç kim heç nə götürə bilmədi. Çox yaşlı insanlarımız - tarix müəllimim İzzət müəllim və qızı, ailəsi, uşaqları hamısı kənddən çıxa bilmədilər. Çünki hər kəs ancaq özünü xilas edə bilirdi. Ermənilər artıq yaşlı, qoca, gənc demədən ağır silahlarla bizim əhalini vururdular. Çox dəhşətli mənzərələr var idi. Hamı ağlaşırdı. Yadımdadır ki, sonra biz müxtəlif yerlərdə kənd sakinləri ilə görüşəndə ağlayırdıq, nə yaxşı kimsə sağ-salamat çıxıb gəlib”, - deyirdik. Qonşu kənddən Kərəm müəllim ermənilərə əsir düşdü. İllər sonra qayıtdı və vəfat etdi. Kəndimizdən çox şəhidlər verdik. Qonşumuz Hafiz Quliyev döyüşlərdə şəhid oldu. Bibim oğlu İlqar Əhmədov da Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu”.

Müsahibimiz deyir ki, kənd sakinləri bir gün mütləq doğma torpaqlarına qayıdacaqlarına inanırdılar: “Sentyabrın 27-də müharibə başlayandan sonra torpaqlarımız işğaldan azad olunduqca, ölkə rəhbərimiz alınan kəndləri dedikcə, hamımız çox sevinirik. Bu hisləri ifadə etmək mümkün deyil. Qubadlının işğaldan azad olunması, onun yanında kəndimiz Çaytumasın adının çəkilməsi bizi sevindirdi. Sevincdən bir-birimizi ağlayaraq təbrik etdik. Çox möhtəşəm hislərdir. Təsəvvür edin, 27 ildir  şəhərlərimiz, kəndlərimiz erməni terror qruplaşmasının işğalı altında idi. Həkəri, Bərgüşad çayları, kəndimizdə bitən növbənöv güllər, ağaclar, çiçəklər, növbənöv quşların cəh-cəh səsləri xüsusilə gözəl idi. Buz kimi bulaqlarımız, böyük, qədim çinar ağacımız, çinarın dibindən axan bulaq hamısı gözümün qarşısındadır. Yəqin ki, erməni terrorçuları oranı viran qoyublar. Ümid edirəm ki, tezliklə həm dövlət, həm də millət olaraq işğaldan azad etdiyimiz doğma torpaqlarımızı cənnətə çevirəcəyik. Ali Baş Komandanımıza dərin təşəkkürümüzü bildiririk! Onun hər çıxışını diqqətlə izləyirik, çox bəyənirik. Yaxşı ki, bizim belə möhtəşəm Prezidentimiz var. Yaxşı ki, qəhrəman, rəşadətli ordumuz var. Əsgərlərimizə təçəkkür edirik. Onlara möhkəmlik, mərdlik qələbə arzu edirik!

Yaşasın Azərbaycan əsgəri! Yaşasın Prezidentimiz!

Şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaxınlarına səbr, dözüm arzu edirəm. Yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm.

# 1360
avatar

Aygün İbrahimli

Oxşar yazılar