Fransanın "Nitsa" klubunun və Fil Dişi Sahilinin millisinin futbolçusu Vahi dünya çempionatı başlamazdan əvvəl danışılmış oyunlarda iştirak etmək şübhəsi ilə Fransa polisi tərəfindən saxlanılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 23 yaşlı futbolçu mayın 17-də "Mets"ə qarşı keçirilən oyunda sarı vərəqə alması ilə bağlı araşdırmanın əsas fiqurlarından biridir. Məsələ ilə tanış mənbələrin sözlərinə görə, istintaq bukmeker kontorlarında qeydə alınan şübhəli məbləğdə mərc məlumatlarından sonra başlanıb.
Fransa Peşəkar Futbol Liqası daxili çempionatın təşkilatçısı kimi həmin qarşılaşmada Vahinin sarı vərəqə alacağı ilə bağlı qeyri-adi dərəcədə çox mərc edildiyinə dair siqnallar alıb. Bu hal hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib və futbolçunun mayın 29-da saxlanılmasına səbəb olub.
Hazırda istintaq davam edir. Müstəntiqlər futbolçunun sarı vərəqəni qəsdən alıb-almadığını və bunun daha geniş danışılmış oyun sxeminin bir hissəsi olub-olmadığını araşdırırlar.
Qeyd olunur ki, araşdırmanın nəticələri həm futbolçunun karyerasına, həm də "Nitsa" klubuna ciddi təsir göstərə bilər.