83
12:14
27 Oktyabr 2020

Məşhur fenomen cəbhə bölgəsində: “Qarabağ Azərbaycandır!”

Türkiyənin məşhur sosial şəbəkə fenomeni Azərbaycana dəstəyini ifadə edib.

Lent.az xəbər verir ki, Türkiyənin məşhur sosial şəbəkə fenomeni Ruhi Çenet Azərbaycana gəlib. O, “İnstagram” hesabında postlar paylaşaraq Azərbayana dəstəyini nümayiş edib. Cəbhə bölgəsinə gedən Çenet, azərbaycanlı hərbçilərlə şəkil çəkdirərək “Qarabağ Azərbaycandır!” sözlərini yazıb.

“Azərbaycan ordusu sürətli irəliləməyə davam edərkən, azad edilmiş "Qarabağ" torpaqlarını lentə alırıq. Bu torpaqlar 30 ildən çoxdur ki, Ermənistan tərəfindən işğalda idi. Lakin indi çətin mübarizə ilə hər bir qarış torpaq Azərbaycana geri qaytarılır. Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla bir çox beynəlxalq təşkilat "Qarabağ" torpaqlarını Azərbaycan ərazisi hesab edir. Bu günlərdə Qarabağda ayrılıq başa çatır. Qarabağ Azərbaycandır!”

Daha sonra Gəncəyə də gedən fenomen, terror zamanı ailəsini itirən uşaqdan bəhs edən post paylaşıb:

“Nilay 2 yaşındadır. Ermənistandan Azərbaycanın Gəncə şəhərinə atılan raket nəticəsində valideynlərini itirdi. Hələ 20 gündür görmədiyi anası və atasının harada olduğunu soruşur. Bu balaca qızın gözlərinə baxanda bir daha ailəsini görməyəcəyini anladığını, amma etiraf etmək istəmədiyini çox yaxşı başa düşürəm. İndi babası onun yeganə ailəsidir. Həyat balaca Nilay üçün bir daha əvvəlki kimi olmayacaq”.

Qeyd edək ki, Ruhi Çenet 20 Oktyabr 1990-cı ildə anadan olub. Universitet təhsilini Hindistanda tamamlayan Çenet, 2011-ci ildə Türkiyəyə qayıtdıqdan sonra “Youtube” platforması üçün videolar hazırlamağa başlayıb. Məlumatlarla zəngin videolar hazırlamağa çalışan məşhur blogerin kanalında 5 milyona yaxın izləyicisi var.

Onu da əlavə edək ki, Çenet ilin əvvəlində Ermənistana səfər edib və 1 həftə paytaxt İrəvanda qalaraq əhali arasında Türkiyə, Azərbaycan və Xocalı soyqırımı ilə bağlı sorğu keçirib. Çenetin hazırladığı 15 dəqiqəlik video-reportajda işğalçı ölkənin hansı durumda olduğu və türklərə necə nifrət bəslədikləri bir daha bəlli olub.

Dİgər xəbərlər