Dünyada bu gün - VİDEO
22 oktyabr 2020 09:11 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

NADİR ŞAH ƏFŞAR

(1688-1747)

Görkəmli dövlət və hərbi-siyasi xadimi, Azərbaycan, Türküstan və Hindistanın şahı, Əfşarlar sülaləsinin banisi Nadir şah Əfşar 1688-ci il oktyabrın 22-də Xorasanın Dərəgəz vilayətinin Dəstgird kəndində anadan olub. Türk soylu Əfşar tayfalarının Qırxlı boyundan olub. Səfəvi şahı II Təhmasib onu Xorasanda canişin təyin edib, bundan sonra özünə Təhmasibqulu xan adını götürüb. Ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizənin başlanğıcını qoyub. Nadir 1736-cı ilin martında Muğan qurultayında özünü şah seçdirib, Səfəvi dövlətinə rəsmən son qoyub və Əfşarlar imperiyasını yaradıb. Böyük Moğol imperatorluğunu məğlub edərək, bir müddət Dehlini də ələ keçirib. Nadir şah Əfşar 1747-ci il iyunun 19-dan 20-nə keçən gecə saray daxili sui-qəsd nəticəsində qətlə yetirilib. Ölümündən sonra onun yaratdığı imperiya da süqut edib.

AĞA ƏLİZADƏ

(1871-1954)

Azərbaycan Xalq Cümhuriyyətinin ilk Şeyxülislamı Ağa Cavad oğlu Əlizadə 22 oktyabr 1871-ci ildə Bakının Pirşağı qəsəbəsində ruhani ailəsində anadan olub. Bağdad Universitetinin İlahiyyat fakültəsində və Nəcəf şəhərindəki Ali Dini Universitetdə təhsil alıb. 1903-cü ildə 32 yaşında Təzəpir məscidinə axund təyin edilib. Bakıda "Səadət" Müsəlman Ruhani Cəmiyyəti yaradıb və onun sədri seçilib. Qafqaz Müsəlmanları İdarəsinin üzvü olub. 1918-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin 8-ci Şeyxülislamı təyin edilib və 1944-cü ildə keçirilmiş seçkidə yenidən bu vəzifəyə seçilib. Dünyanın bir çox ölkələrində təşkil olunmuş konfransların iştirakçısı olub. Ağa Əlizadə 1954-cü il dekabrın 15-də Bakıda vəfat edib.

ƏRTOĞRUL CAVİD

(1919-1943)

Musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 1919-cu ilin bu günü Bakıda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışıb, 1941-1942–ci illərdə Konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib. Azərbaycan xalq mahnılarını nota salıb, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümələr edib. Bir çox şeirlərin, pyeslərin və rəsmlərin müəllifidir. Ərtoğrul Cavid 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat edib. O, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və məşhur xəttat Müşkünaz Cavidin oğlu, əməkdar mədəniyyət işçisi Turan Cavidin qardaşıdır.

KAMİL ƏLİYEV

(1921-2005)

Azərbaycanın xalq rəssamı Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də İrəvan şəhərində anadan olub. Bakı Rəssamlıq Məktəbində təhsil alıb. “Soyuz-Torq Reklam”ın baş direktoru, baş rəssamı, Bədii Fondun Yaradıcı-İstehsalat Kombinatının direktoru, Bakı Zərgərlik Fabrikinin direktoru, Yerli Sənaye Nazirliyinin İstehsalat şöbəsinin müdiri vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonuna qədər “Azərxalça” Elm-İstehsalat Birliyinin baş direktoru olub. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib. Əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş edilib. “İstiqlal” ordeni və medallarla təltif edilib. Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

TOĞRUL ŞAHTAXTİNSKİ

(1925-2010)

AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Toğrul Nemət oğlu Şahtaxtinski 22 oktyabr 1925-ci ildə Bakı şəhə­rində anadan olub. Azərbaycan Sənaye İnstitutu­nun Kim­ya-texnologiya fakül­təsində təhsil alıb. Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutun­da elmi işlər üzrə direktor müavini, labora­toriya və şöbə müdiri, Naxçıvan Elmi Mərkəzinin rəhbəri, Azərbay­can SSR EA Kimya Problemləri İns­titutunun direktoru, Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibi və AMEA-nın akademik-katibi, “Azərbaycan kimya jurnalı”nın baş redaktoru vəzifələrində çalışıb. 500 elmi əsərin, o cümlədən 120-dən çox ixtira və pa­tentin, 12 monoqrafiyanın müəllifidir. Dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilib. “Şərəf nişanı”, “Xalq­lar Dostluğu”, “Şöhrət”, “İstiqlal” ordenləri, “Fədakar əməyə görə” medalı, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Toğrul Şahtaxtinski 8 oktyabr 2010-cu ildə Bakıda vəfat edib.

FUAD QASIMZADƏ

(1929-2010)

Azərbaycan filosofu, akademik Fuad Feyzulla oğlu Qasımzadə 1929-cu ilin bu günü Bakı şəhərində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Univer­si­te­tin­in ­Tarix fakül­təsini fəlsə­fə ixti­sa­sı üzrə bitirib. 60 il ərzində Azərbaycan Dövlət Universi­tetində müəllim və fəlsəfə kafedrasının müdiri vəzifəsində, Müdafiə Şurasının üzvü və sədri kimi fəaliyyət göstərib. Elmi yaradıcılığı dövründə 30 kitab və 500-dən çox elmi məqalə çap etdirib. Onun əsas tədqiqat sahəsi Azərbaycan fəl­səfi ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olub. "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilən Fuad Qasımzadə 2010-cu il avqustun 3-də Bakı şəhərində vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub. O, görkəmli dilçi alim, akademik Feyzulla Qasımzadənin oğludur.

LEV YAŞİN

(1929-1990)

Dünya şöhrətli futbolçu Lev İvanoviç Yaşin 1929-cu il oktyabrın 22-də Moskvada doğulub. Futbolçu karyerası ərzində yalnız "Dinamo Moskva" klubunda çıxış edib. 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1971-ci il mayın 27-də futbolçu karyerasını başa vurduqdan sonra bir müddət uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi kimi çalışıb. Qapıçı karyerası ərzində 812 matç keçirib. Beynəlxalq Futbol Federasiyası onu XX əsrin “Ən yaxşı qapıçısı” adına layiq görüb. Əfsanəvi qapıçı Avropa Kubokunun qalibi, gümüş mükafatçısı, XVI Yay Olimpiya Oyunlarının çempionu, “Qızıl top”un, FİFA-nın “Futbolda xidmətlərinə görə” qızıl ordeninin və bir çox mükafatların sahibi olub. “Qızıl top” mükafatını qazanan yeganə qapıçıdır. Lev Yaşin 1990-cı il martın 20-də vəfat edib.

MAİLƏ MURADXANLI

(1940-2010)

Azərbaycanın əməkdar jurnalisti, tərcüməçi, dramaturq və publisist Mailə Balabəy qızı Muradxanlı 22 oktyabr 1940-cı ildə Salyan şəhərində müəllim ailəsində anadan olub. 1946-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirdikdən sonra 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika bölməsində təhsil alıb. Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olub. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlayıb. Sonralar ədəbi dram verilişləri baş redaksiyasında baş redaktor, incəsənət və bədii ədəbiyyat şöbələrində vəzifəsində işləyib. Ömrünün son illərində ANS televiziyasında çalışıb. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı ilə təltif edilən Mailə Muradxanlı 12 iyun 2010-cu ildə vəfat edib. O, aktyor-rejissor Elxan Cəfərovun və jurnalist Lalə Cəfərovanın anasıdır.

MƏHƏMMƏDƏLİ PİŞNAMAZZADƏ

(1853-1932)

Zaqafqaziya şeyxülislamı, axund Məhəmməd Əli oğlu Pişnamazzadənin anım günüdür. O, 1853-cü il mayın 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olub. İlk təhsilini Gəncə mədrəsəsində, ali ruhani təhsilini isə Təbrizdə alıb. Gəncə cümə məscidində axund olub, Gəncə Vilayət Ruhani Məclisinin sədri, Tiflisdə Qafqaz Müsəlmanları İdarəsinin sədri və Zaqafqaziya Şeyxülislamı vəzifələrində çalışıb. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilib. "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil edib, daha sonra Gəncə və Gəncə ətrafında yeni tipli məktəblər açdırıb. Bir neçə dəfə həbs olunaraq Türküstana, Kazana sürgün edilib və əfv olunub. 1918-ci il dekabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib. Şeyxülislamlıq vəzifəsindən səhhətində yaranan problemlərə görə istefa verib və öz fəaliyyətini Gəncə Cümə məscidinin axundu kimi davam etdirib. Məhəmmədəli Pişnamazzadə 1932-ci il oktyabrın 22-də vəfat edib və Gəncədə İmamzadə qəbiristanlığında dəfn olunub.

CAHANGİR ZEYNALOV

(1865-1918)

Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi Cahangir Məşədi Rza oğlu Zeynalovun xatirə günüdür. O, 21 sentyabr 1865-ci ildə Bakıda doğulub. Atası kimi, o da tacirlik edib. İbtidai təhsil alsa da, rus və fars dillərini mükəmməl öyrənib, geniş mütaliə bazası olub. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Əvvəllər Həbib bəy Mahmudbəyovla Sultanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynayıb. XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə müxtəlif əsərləri tamaşaya qoyub. Müsəlman dram artistləri şirkətinin təşkilində müstəsna rolu olub. "Nicat" və "Səfa", "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında əsasən aktyorluq edib, tamaşalara quruluş verib. Bakıda qabaqcıl elm ocaqlarından sayılan "Səfa" məktəbində dərs deyib. Dəfələrlə "Səfa" teatr bölməsi idarə heyətinin rəhbərləri sırasına seçilib, 1914-cü ildə isə sədr vəzifəsini tutub. Mirzə Fətəli Axundzadənin "Hacı Qara"sında Hacı Qara, "Müsyö Jordan və Dərviş Məstəli şah"da Şahbaz bəy və Məstəli şah, "Molla İbrahimxəlil kimyagər"də Molla İbrahimxəlil, "Hekayəti-Xırs quldurbasan"da Tarverdi, "Lənkəran xanının vəziri"ndə Mirzə Həbib və bir sıra başqa obrazları canlandırıb. Təntənəli yubileyi keçirilən ilk Azərbaycan aktyoru kimi tarixə düşüb. Cahangir Zeynalov 1918-ci il oktyabrın 22-də Bakıda dünyasını dəyişib. O, xalq artisti Nəsibə Zeynalovanın atası, əməkdar incəsənət xadimi, rejissor Cahangir Novruzovun babasıdır.

CEYHUN HACIBƏYLİ

(1891-1962)

Yazıçı, salnaməçi, jurnalist, tərcüməçi və redaktor Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli də bu gün xatırlanır. O, 1891-ci il fevralın 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada Nəcəf bəy Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb. Bir müddət Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində çalışıb, sonradan təhsilini davam etdirmək üçün Peterburqa gedib, universitetin Hüquq fakültəsinə daxil olub. Ardınca Fransaya gedib və Sorbonna Universitetində təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib. Eyni zamanda “Müsəlmanlıq”, “İzvestiya”, “İttihad”, “Azərbaycan” qəzetlərinin redaktoru olub. 1908-ci il yanvarın 12-də qardaşı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulmasında onun da xidmətləri olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransına göndərilib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha vətənə qayıtmayıb və Fransada mühacirət həyatı yaşayıb. Ceyhun Hacıbəyli 1962-ci ilin oktyabr 22-də vəfat edib və Parisdə dəfn olunub.

MOLLAĞA BƏBİRLİ

(1905-1970)

Azərbaycanda Kukla Teatrının yaradıcısı Mollağa Bəbirlinin anım günüdür. O, 1905-ci il sentyabrın 15-də Bakıda doğulub. 17 yaşından Akademik Milli Dram Teatrının yardımçı heyətində çıxış edib. 1927-1928-ci illərdə Moskvada qrim və kukla teatrı ixtisası üzrə təhsil alıb. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrının truppasında aktyorluq edib, bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaradıb. 1931-ci ildə indiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əsasını qoyub, teatrın “Sirk” adlı tamaşası isə 1932-ci ildə göstərilib. Bir neçə filmdə də rol alan Mollağa Bəbirli 1970-ci il oktyabrın 22-də Bakıda vəfat edib.

# 745
avatar

Oxşar yazılar