Dünyada bu gün - VİDEO
20 oktyabr 2020 09:04 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

MƏHƏMMƏD ƏSƏD BƏY

(1905-1942)

 

Məhəmməd Əsəd bəy adı ilə tanınan azərbaycanlı mühacir jurnalist və yazıçı Lev Nussimbaum 1905-ci il oktyabrın 20-də Kiyev şəhərində anadan olub. Valideynlərini itirdikdən sonra xalasının əri, yəhudi Abraham Nussimbaum tərəfindən övladlığa götürülüb. Tiflis, İstanbul və Berlində yaşayıb. Berlin Universitetində şərqşünaslıq üzrə təhsil alıb. “İslam İcması”nın, “Şərq Dilləri Seminariyası”nın və “İmperiya Yazıçıları Palatası”nın üzvü olub. Bir sıra qəzetlərdə məqalələr yazıb, Azərbaycan Cümhuriyyəti və Şərq, eləcə də İslam dünyası haqqında kitablar dərc etdirməklə Qərbi Avropada məşhur müəllifə çevrilib. “Şərqdə neft və qan”, “Qafqazın 12 sirri”, “Ağ Rusiya”, “Rusiya yolayrıcında”, “Maye qızıl” və bir çox başqa əsərlərin müəllifidir. Məhəmməd Əsəd bəy 1942-ci il avqustun 27-də İtaliyanın Neapol şəhərinin yaxınlığında yerləşən Pozitano adlı yerdə vəfat edib.

 

 

YUSİF YUSİFOV

(1906-1995)

 

Tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor Yusif Niftalı ağa oğlu Yusifov 20 oktyabr 1906-cı ildə Qazax rayonunda doğulub. Qazax Müəllimlər Seminariyasında təhsil alıb. Müxtəlif illərdə müəllim, məktəb müdiri, şöbə müdiri, Ağdamda “Lenin yolu” qəzetinin redaktoru, Bakı şəhər Partiya Komitəsinin mühazirəçisi və şöbə müdirinin müavini, Keşlə və Ağdam rayonları partiya komitələrinin birinci katibi, Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi, Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrində çalışıb. 1947-1951-ci illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olub. Dəfələrlə SSRİ, Azərbaycan SSR və Naxçıvan MSSR Ali sovetlərinə deputat seçilib. Bir çox orden və medallarla təltif olunan Yusif Yusifov 1995-ci il iyunun 14-də vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

 

 

ƏHMƏD CƏMİL

(1913-1977)

 

Azərbaycan şairi Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü ilin bu günü İrəvan şəhərində doğulub. Bakıda Ali Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində təhsil alıb. Müxtəlif illərdə orta və ali məktəblərdə müəllim, metodist, redaksiyalarda məsləhətçi, ədəbi işçi, məsul katib, redaktor, baş redaktor vəzifələrində çalışıb. Şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında dərc olunub. Rus, gürcü, ukrayna, erməni, özbək, belarus, tacik və başqa dillərdən Azərbaycan dilinə tərcümələr edib. İki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunub. Əhməd Cəmil 1977-ci il sentyabrın 27-də Bakıda vəfat edib.

 

 

İDRİS AĞALAROV

(1917-1975)

 

Azərbaycanın xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov 1917-ci il oktyabrın 20-də Tiflisdə anadan olub. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1937-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. "Şahsənəm", "Azad" və başqa operalarda yaddaqalan obrazlar yaradıb. İdris Ağalarov 4 may 1975-ci ildə Bakıda vəfat edib.

 

 

FİRUDİN ŞUŞİNSKİ

(1925-1997)

 

Musiqişünas Firudin Məhəmməd oğlu Həsənov-Şuşinski 20 oktyabr 1925-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. Malıbəyli kənd məktəbində, Ağdam məktəblərində ədəbiyyat müəllimi işləyib. İkinci Dünya müharibəsində fərqləndiyinə görə "İgidliyə görə" və başqa orden, medallara layiq görülüb. "Şuşa", "Cabbar Qaryağdıoğlu", "Seyid Şuşinski", "Tiflisin köhnə musiqiçiləri", "Azərbaycan xalq musiqiçiləri" və başqa kitabların müəllifidir. Uzun illər Azərbaycan televiziyasında "İfaçılıq sənəti" verilişini aparıb. Firudin Şuşinski 1997-ci il oktyabrın 25-də Bakıda vəfat edib.

 

 

ŞÖVKƏT ƏLƏKBƏROVA

(1922-1993)

 

Azərbaycanın xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci ilin bu günü Bakıda anadan olub. Azərbaycan Dövlət Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfində təhsil alıb. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub, Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqədən sonra Üzeyir Hacibəyovun dəvəti ilə Azərbaycan Dövlət Xorunda peşəkar müğənni karyerasına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında işləyib, 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Repertuarında muğamlar, xalq və bəstəkar mahnıları üstünlük təşkil edib. Rejissor Lətif Səfərovla evli olan Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

MÜƏMMƏR QƏDDAFİ

(1942-2011)

 

Liviyanın dövlət və hərbi xadimi Müəmmər Qəddafinin anım günüdür. O, 1942-ci il iyunun 7-də Siirt şəhərində anadan olub. 1965-ci ildə Benqazidəki hərbi kolleci leytenant rütbəsində bitirib, 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərilib və kapitan rütbəsi alıb. 1967-ci ildəki altı günlük müharibə zamanı tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanıb. 1969-cu ildə hakimiyyəti ələ keçirərək, ölkədə monarxiyanın ləğv olunduğunu bəyan edib. 1977-ci ildən dövlət tam olaraq Liviya Sosialist Xalq Ərəb Cəmahiriyyəsi adlanıb. Ziddiyyətli bir şəxsiyyət kimi tanınan polkovnik Qəddafi ölkəni 42 il idarə edib. Onun hökmranlığına Tunis və Misirdə olduğu kimi, 2011-ci ilin fevral ayında başlayan “ərəb baharı” inqilabı son qoyub. Müəmmər Qəddafi 2011-ci il oktyabrın 20-də Siirt şəhərinə daxil olan üsyançılar tərəfindən öldürülüb.

 

 

VASİLİ ƏLİYEV

(1959-1992)

 

Azərbaycanın Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyevin xatirə günüdür. O, 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Daxili Qoşunlarda hərbi xidmət keçib. 1980-ci ildə Qubadlı rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi fəaliyyətə başlayıb.Nümunəvi xidmətinə görə "Polis əlaçısı" döş nişanı ilə təltif edilib. Qarabağ savaşı başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Vasili Əliyev 1992-ci ilin oktyabrın 20-də Topağac yüksəkliyi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Prezidentinin 11 may 1993-cü il fərmanı ilə ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

 

 

NURƏDDİN YOLÇUYEV

(1963-1992)

 

Şəhid Nurəddin Novruz oğlu Yolçuyev də bu gün xatırlanır. O, 1963-cü il iyulun 29-da Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib, bir il kolxozda çalışıb. Sovet ordusunda iki illik hərbi xidmətini Almaniyada başa vurub. 1985-ci ildə həm işləmək, həm də təhsil almaq üçün komsomol putyovkası ilə Rusiyanın Arxangelsk vilayətinə gedib, orada zavodda işləyib və ali məktəbə daxil olub. Xocalı faciəsindən sonra Azərbaycana qayıdaraq, torpaqlarımızın müdafiəsi uğrunda silaha sarılıb. Naxçıvanik, Aranzəmin və Ağbulaq kəndlərinin ermənilərdən təmizlənməsində fəal iştirak edib, 50-dən çox erməni quldurunu və düşmənin bir neçə zirehli texnikasını məhv edərək xeyli silah-sursat ələ keçirib. İgidliyinə görə dəfələrlə mükafatlandırılıb və bölük komandirinin müavini vəzifəsinə təyin olunub. Nurəddin Yolçuyev 1992-ci il oktyabrın 20-də Ağdamın Əliağalı kəndi istiqamətində növbəti dəfə kəşfiyyata gedən zaman minaya düşərək həlak olub və Quzanlı qəbiristanlığında dəfn olunub.

# 613
avatar

Oxşar yazılar