Fransanın Overn-Ron-Alp (Auvergne Rhône Alpes) regionunun prezidenti Loran Voke (Laurent Wauquiez) bir neçə gün əvvəl sosial şəbəkə hesabında Ermənistana dəstəyini ifadə edən paylaşım edib. Paylaşılan şəkillər arasında Ermənistana göndərilən yardımlarla birlikdə ölkənin bütün regionda yerləşən qonşu dövlətlərinə - Azərbaycana, Gürcüstana, Türkiyəyə, İrana və İraqa ərazi iddialarını əks etdirən xəritə təsvir olunub.
Qeyd edək ki, sözügedən paylaşım müzakirələrə və etirazlara səbəb olub. Paylaşılan xəritəyə etirazını bildirən gürcülər, türklər və azərbaycanlılar Loran Vokenin tarixdən xəbərsiz olduğunu bildirib və paylaşımı silməsini tələb ediblər.
“Bu, informasiya müharibəsində bizim xeyrimizədir”
Bu sözləri mövzunu Lent.az-a şərh edən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Ermənistan hakimiyyətinin və onları dəstəkləyənlərin son günlər etdikləri Azərbaycanın lehinədir, çünki onların iç üzləri açılır:
"Ermənilər "Dənizdən-dənizə Böyük Ermənistan" xəritəsini illərdir ki, müxtəlif yerlərdə yayımlayırlar. Sözügedən xəritə onların muzeylərində, hətta metrostansiyalarında belə əks olunur. Onlar bu xəritə ilə tək Azərbaycana yox, Türkiyəyə, Gürcüstana, İrana və İraqa da ərazi iddiaları sürürlər. Buna görə də ermənilərə tək biz yox, digər adıçəkilən dövlətlər də reaksiya verməlidirlər.
Digər tərəfdən, Fransa ilə Gürcüstanın əlaqələri normaldır. Onlar 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı vasitəçi kimi çıxış ediblər. İndi Fransa rəsmisinin sözügedən xəritəni yayımlaması ölkələrin münasibətlərinin korlanmasına səbəb ola bilər. Region prezidentinin Ermənistana bu cür dəstək verməsi onun öz ölkəsinə zərər verəcək”.
Politoloq qeyd edib ki, "Dənizdən-dənizə Böyük Ermənistan" xəritəsi ermənilərin başlarını çox ağrıdacaq və bununla da bir azdan digər ölkələrdən də etiraz səsləri ucalacaq.
“Ermənilər Böyük Ermənistan xülyası ilə yaşayırlar”.
Bu sözləri isə Lent.az-a Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib. O qeyd edib ki, Ermənistanın Azərbaycan, Türkiyə, Gürcüstan, İraq və s. dövlətlərin ərazi bütövlüyündə həmişə iddiaları olub:
“Hər bir millətin öz milli-psixoloji xüsusiyyətləri olur. Ermənilərin haqsız torpaq iddiaları onların milli xüsusiyyətidir. Onların xislətində başqa xalqların ərazilərini işğal etmək, insanların hüquqlarını pozmaq, qətliamlar törətmək həyat tərzinə çevrilib. Onlar yaxın qonşuları ilə hər zaman münaqişə içərisində olublar. Bu da Qafqaz bölgəsinə sonradan yerləşmələri ilə bağlıdır. Tarixi-elmi araşdırmalar dəfələrlə isbat edib ki, ermənilərin tarixdə dövlətləri olmayıb. Onlar müxtəlif imperatorluqlara sığınaraq yaşayıblar və hər zaman Böyük Ermənistan xülyası üçün qan töküblər”.
Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri bildirib ki, sosial zəmində bu kimi paylaşımlar müxtəlif reytinqlər qazandıra bilər, ancaq real həyat və tarixi həqiqətlər Loran Vokenin paylaşımından ibarət deyil:
“Əlbəttə, onun yaşadığı bölgədə erməni diasporası “uğurlu” fəaliyyət həyata keçirib və onu öz məkrli siyasətlərinin təsiri altına ala biliblər. Ancaq istər Türkiyə, istərsə də digər dövlətlərin ərazisinə göz dikən ermənilər tarixin hər mərhələsində olduğu kimi, yenə xəyal qırıqlığına uğrayacaqlar.
Uzun illərdir Avropa və Amerikada bizim diasporamız formalaşıb. Onlar ciddi fəaliyyətlər içərisindədirlər. Fikrimcə, diaspor fəaliyyəti ilə lobbiçilik fəaliyyəti bir-birindən ayrılmalıdır. Bizim lobbiçilik fəaliyyəti ilə bağlı xüsusi strateji planımız olmalıdır.
Son hadisələrlə bağlı ermənilər xaricdə olduqca aktiv fəaliyyət göstərirlər. Onlar on minlərlə saxta hesablar açaraq, internet dünyasında aktiv fəaliyyət göstərirlər. Biz isə daha çox ölkə daxili sosial mediada aktivik. Birmənalı şəkildə qəbul etmək lazımdır ki, müharibə təkcə səngərdə aparılmır. Bu gün informasiya müharibəsi beynəlxalq ictimai fikrin düzgün formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Bunun fərqində olmalıyıq. Qarşımızda əxlaqsızlıq və yalan sahəsində heç bir sərhəd tanımayan bir düşmən var. Onlar bütün vasitələrdən istifadə edirlər. Ermənilərdə hər hansı bir norma və etik qaydalar anlayışı yoxdur. Biz bunu Xocalıda yaşamışıq. Bu gün eyni ideologiya ilə informasiya sahəsində çalışırlar. Onların Böyük Ermənistan ideyaları, əlbəttə, xülya olaraq qalacaq. Ancaq biz onların bu ideologiyada olduğunu, ərazi iddiasında olduqları dövlətlərin xalqlarına çatdırılmalı, ermənilərin daxili aləmlərindəki pis və məkrli ideologiya barədə qonşu və müttəfiqlərimizi xəbərdar etməliyik”.
Orxan Həsənoğlu vurğulayıb ki, xüsusilə Fransadan bu kimi paylaşımların edilməsi təbii və gözləniləndir:
“Hazırda Birləşmiş Millətlər Təşkilatı və Minsk qrupu da xüsusi çağırışlar edir. Amma bunların hər biri çox gecikmiş çağırışlardır.
Bunu da qeyd edim ki, Fransa prezidenti Emmanuel Makron Avropa Birliyini təmsil etmir. Onun fikirləri yalnız Fransa dövlətinin Dağlıq Qarabağ haqqındakı strategiyasıdır. Həmçinin fransız ermənipərəstlərin paylaşımları da onların subyektiv və əsassız fikirləridir.
Fransada fəaliyyət göstərən və bu günə qədər həyata keçirdiyi layihələrdə separatizmi dəstəkləyən Loran Vokenin paylaşımı müzakirələrə səbəb olub. Mən bunun ciddiyə alınmasının tərəfdarı deyiləm. Çünki biz bu gün Dağlıq Qarabağ və çevrəsində öz tarixi torpaqlarımızın düşmən işğalından azad olması üçün mübarizə aparırıq. Vokenin paylaşımlarından əvvəl hələ 2012-ci ildə ABŞ-da yaşayan və həmin ölkədə erməni diasporunun ana sütunlarından biri olan Harut Sasunyan “Armenian Weekly” qəzeti üçün bənzər fikirlər səsləndirmişdi. H.Sasunyan Anadolu torpaqlarının ermənilərə aid olduğunu və ərazinin boşaldılaraq Ermənistan dövlətinə verilməsinin vacibliyini vurğulamışdı. Bu ifadələr isə istər Türkiyə, istərsə də ABŞ-da yaşayan türk diaspor təşkilatlarının ciddi etirazı ilə qarşılanmışdı”.