02:11
07 Oktyabr 2020

Türkiyəli politoloq: “Türkiyə və Azərbaycan meydanda da, dialoqda da güclüdür”

“Türkiyə və Azərbaycan meydanda da, dialoqda da güclüdür. Çünki bu gün güclü Türkiyə, güclü Azərbaycan var” .

Bunu Türkiyəli politoloq İsmail Tekpınar APA -nın yerli bürosuna açıqlamasında bildirib.

İ.Tekpınar deyib ki, Azərbaycanın müzəffər ordusunun 10 gün ərzində göstərdiyi rəşadət, ələ keçirilən önəmli yüksəkliklər onu deməyə əsas verir ki, Azərbaycan meydanda da güclüdür: “Azərbaycan işğal olunmuş ərazilərinin boşaldılması və Qarabağ probleminin 30 ilədək dialoq və sülh yolu ilə həll olunmasını istədi. Baxmayaraq ki, bu müddətdə Azərbaycan üçün nə qədər maddi-mənəvi itkilərə başa gəldi. Məsələn, Ermənistan təcavüzkarlığı üzündən təkcə 1992-1994-cü illərdə Azərbaycanın ümumilikdə 30 minə yaxın hərbçisi və dinc sakini həyatını itirdi. Amma Ermənistan Azərbaycanın sülh yolunu tutmasından, bu humanizmindən daha mənfi nəticə çıxardı və təxribatçı hücumlarını artırmaqla Azərbaycanın 30 illik təmkinini sönmüş vulkan kimi püskürtdü”.

Türkiyəli politoloq əlavə edib ki, biz dünənə qədər də ermənilərin törətdiyi qətliamları unutmadıq və müharibə qanunlarından kənar olan bu günki hücumlarını unutmayacağıq: “Gəncə, Bərdə, Tərtər və Azərbaycanın digər bölgələrində mülki əhaliyə qadağan olunmuş silahlarla hücum etməklə Ermənistan beynəlxalq hərbi cinayətə yol verir və bu cinayətlərinə görə beynəlxalq səviyyədə mühakimə olunacaq”.

“Əlbəttə imperialist qüvvələrin maşası olan Ermənistandan ər meydanına çıxıb mərd-mərdanə savaşacağını gözləmirik. Amma dünyanın təcavüzkar, müstəmləkəçi ökələrinin qarşısında haqlının yanında olan, haqqa söykənən Türkiyə var. Bu qərbi nə qədər narahat etsə də, Türkiyə haqq işində sonadək dövləti ilə, milləti ilə Azərbaycanın haqlı mübarizəsinə dəstək verəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünənki çıxışında dediyi kimi Türkiyə regionda söz sahibidir. Mən hesab edirəm ki, Azərbaycan bu qətiyyətilə Vətən uğrunda müharibəsində qalib olacaq və regionda ən qüdrətli ölkələrdən birinə çevriləcək”, deyə İ.Tekpınar vurğulayıb.

Politoloq əlavə edib ki, bu gün Qərb Şərqi Aralıq dənizində gərginlik yaradan, təxribat törədən Yunanıstanı müdafiə edib Türkiyəni təkləmək istədiyi kimi, Dağlıq Qarabağ məsələsində də Ermənistanı müdafiə etməklə Azərbaycanla Türkiyəni tərksilah etmək istəyir: “Amma Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərilə desək, dünya beşdən böyükdür və doğruya zaval yoxdur”.

Dİgər xəbərlər