12:27
06 Oktyabr 2020

Övladlığa götürülən bu uşaqların təhsil haqlarını dövlət ödəyəcək

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı ilə bağlı güzəşt onlar övladlığa götürüldükdə də saxlanacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Layihəyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayacaqlar.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Dİgər xəbərlər