"Azərbaycanın uğurlu əməliyyatları Ermənistanı əsas gəlir mənbəyindən məhrum edir" - DEPUTAT
01 oktyabr 2020 12:05 (UTC +04:00)

"Azərbaycanın uğurlu əməliyyatları Ermənistanı əsas gəlir mənbəyindən məhrum edir" - DEPUTAT

"Müasir dövrdə müharibə aparmaq həm də iqtisadi gücə və imkanlara əsaslanır. Təbii ki, döyüş meydanında əsgərin gücü, ruh yüksəkliyi, texnika və texnologiyanın varlığı və ondan istifadə vərdişləri, komandalığın döyüşü planlaşdırmaq bacarığı həlledici rol oynayır. Bunlarla yanaşı, təchizat, maliyyə imkanları, iqtisadiyyatın dözümlülüyü müharibə aparan tərəfin qələbəsini təmin edən əsas amillərdəndir".

Lent.az məlumat verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. O qeyd edib ki, artıq dördüncü gündür davam edən Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan işğalçılarını torpaqlarımızdan çıxartmaq üçün əks-hücum əməliyyatlarına başlayıb:

"Bir sıra ərazilər düşməndən azad edilib. Erməni işğalçı qüvvələri bütün istiqamətlərdə ağır itkilər verməklə məğlubiyyətin hər gün yaxınlaşdığını hiss etməkdədirlər. Azərbaycan ordusu döyüşdə ən müasir silahlarla yanaşı müasir metodlardan da istifadə edir. Ermənistran rəhbərliyi döyüş başlayan gündən bütün səylərini döyüşü dayandırmağa yönəldiblər. Müxtəlif ölkələrin rəhbərlərinə zəng edən Ermənistan baş naziri onlardan Azərbaycanın əks-hücumunu dayandırmağı xahiş edir.

Niyə Ermənistan bu qədər tələsir, döyüşün dərhal dayandırılmasını xahiş edir? Səbəb yalnız hərbidirmi?

Təhlillər göstərir ki, Ermənistan iqtisadi cəhətdən qısa müddətli belə döyüş aparmağa qadir deyildir. Təqribi hesablamalara görə, son günlər məhv edilmiş erməni texnikaların dəyəri artıq 1 milyard dolları keçir. Gündəlik döyüş əməliyyatlarını aparmaq milyonlarla dollara başa gəlir. Ermənistanın isə belə bir müharibəni davam etdirmək üçün iqtisadi gücü də yoxdur. İqtisadi cəhətdən 3 dəfə Azərbaycandan kiçik olan Ermənistanın hərbi büdcəsi cəmi 658 milyon dollardır. Azərbaycan ordusunun hərbi büdcəsi isə 2.3 mlrd dollardır, yəni 4 dəfəyə yaxın böyükdür".

Komitə sədri qeyd edib ki, digər tərəfdən Azərbaycan iqtisadiyyatının ehtiyatları kifayət qədər böyükdür:

"Strateji ehtiyatlarımız 52 milyard dollara yaxındır. Ermənistanda bu rəqəm 2.6 milyard dollar təşkil edir. Pandemiya dövrü Ermənistan iqtisadiyyatına ciddi zərbə vurmuşdur, halbuki Azərbaycan iqtisadiyyatı bu dövrdə ən az zərər görən iqtisadiyyatlardandır. Qarabağda döyüşlər başlayan kimi erməni dramının devalvasiyaya uğraması iqtisadi vəziyyətin çox gərgin olduğunu deməyə əsas verir. Digər tərəfdən, Ermənistan iqtisadiyyatının əsas gəlir mənbəyi dağ-mədən sənayesidir. Dağ-mədən sənayesi isə həm Azərbaycanın işğal olunmuş ərazilərindən, həm də dövlət sərhədinə yaxın Ermənistan ərazilərindən hasil edilən məmulatlar hesabına xeyli gəlir əldə edir. Azərbaycanın apardığı uğurlu əməliyyatlar nəticəsində hər iki ərazidə hasilat dayanmışdır ki, bu da Ermənistanı əsas gəlir mənbəyindən məhrum edir.

Beləliklə, Ermənistan hökuməti nə hərbi cəhətdən, nə də iqtisadi cəhətdən Azərbaycanla müharibə aparmaq gücündə deyil. Bunu özləri də yaxşı anlayırlar, ona görə bütün dünyaya yalvarırlar. Bütün təhlillər Azərbaycanın şəksiz qələbəsini proqnozlaşdırır".

# 1354
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar