“O çörəklər ağızda əriyirdi...” – İnstitut direktorunda heyrətamiz açıqlamalar
21 sentyabr 2020 13:08 (UTC +04:00)

“O çörəklər ağızda əriyirdi...” – İnstitut direktorunda heyrətamiz açıqlamalar

Keyfiyyətli və ləzzətli çörək hazırlamağın yolu yaxşı buğda yetişdirməkdən başlayır. Tarladan süfrəyə uzun bir yol var ki, o yolun əvvəlində hansı buğda növünün becərilməsi dayanır. 

Azərbaycanın milli buğda genefondu var. Həmin fondun fəaliyyətindən necə səmərəli istifadə etmək olar? Bu sahədə olan yeniliklər hansılardır?

Lent.az-ın mövzu ilə bağlı suallarını Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Zeynal Əkbərov cavablandırıb.

 - Zeynal müəllim, Milli Genbankda mühafizə edilən milli buğda sortlarımız çoxdurmu  və necə qorunur?

 - AMEA Genetik Ehtiyatlar İnstitutu (GEİ) 65 ilə yaxındır ki, ölkədə ərzaq təhlükəsizliyinin təmini sahəsində aktiv fəaliyyət göstərir. İnstitutun təşkilatçılığı ilə çoxlu yerli və beynəlxalq ekspedisiyalar təşkil edilib, strateji əhəmiyyətli kənd təsərrüfatı bitkilərinin yerli sortlarının və onların yabanı əcdadlarının toplanılması həyata keçirilib, genetik pasportlaşdırılması aparılmaqla gələcək nəsillər üçün Milli Genbankda uzunmüddətli saxlanılması təmin edilib.

Azərbaycanın dənli taxıl bitkilərinin tərkib hissəsi olan Buğda cinsi və onun yaxın-uzaq yabanı əcdadlarının genofondu AMEA GEİ-də yaradılan Milli Genbankda mühafizə edilir. Hazırda Genbankın Mərkəzi Məlumat Bazasında (MMB) 13503 bitki nümunəsinin pasport məlumatları saxlanılır. Bu nümunələr 113 fəsiləyə, 443 cinsə, 871 növə və 304 növmüxtəlfliyinə aiddir. Onlardan 5282 nümunə dənli taxıl və ərzaq paxlalılarına, 1635 yem paxlalılarına və 920 digər yem bitkilərinə, 875 tərəvəz-bostan, 1586 texniki, 2414 meyvə, 791 dərman bitkilərinə aiddir. Onlardan 8051,0 nümunənin toxumları orta müddətli saxlanma kamerasındadır. MMB-da qeydiyyatdan keçmiş nümunələrdən bioloji statusuna gorə 4869-u elmi seleksiya sortu, 2365-i yerli, xalq seleksiyası sortu, 3711-i tədqiqat materialı, 2266-ı yabanı əcdadlar, 8-i isə “digər” bitkilər kimi təsnif edilib. Orta müddətli saxlanma şəraitində olan nümunələrin isə 3380 seleksiya sortu, 631-i xalq seleksiyası sortu, 3209  tədqiqat materialı, 962-si yabanı növlər, 6-sı isə digər bitkiləridir.

Buğda bitkisi dünyada və eləcə də Azərbaycanda strateji ərzaq bitkisi hesab olunur və əhalinin un və un məmulatları ilə təminatında xüsusi çəkiyə malikdir. İnstitutda aparılan uzunmüddətli fundamental və tətbiqi tədqiqatlar nəticəsində “Sevinc”, “Cəfəri”, “Arzu”, “Bol buğda”, “Gürgənə 1”, “Zərdabi”, “Birlik”, “Qrekum-75/50”, “Kəhrəba”, “Qızıl buğda” və s. buğda sortları yaradılıb və təsərrüfatlarda becərilib. Hal-hazırda GEİ, eləcə də digər elmi-tədqiqat institutlarının yaratdıqları bütün yerli sortlar daxil olmaqla buğda bitkisinə aid 3000-dən çox nümunə Milli Genbankda mühafizə olunmaqdadır. İnstitutda ilk molekulyar-genetik səviyyədə tədqiqatlar da buğda və onun yabanı əcdadı hesab olunan eqilops bitkisi üzərində aparılıb, bərk və yumşaq buğda növlərinə aid 1000, müxtəlif eqilops növlərinə aid isə 250-dən artıq nümunənin molekulyar marker və yeni nəsil sekvenser texnologiyasının müxtəlif üsulları (WGS, GBS, DArTseq, AmpliSeq) ilə genotipləşdirilib, biotik və abiotik stres amillərə davamlılıq genlərinə görə səciyyələndirilib. GEİ-nun son illərdə beynəlxalq təşkilatlarla da əlaqələri xeyli genişləndirilib, dünya buğda kolleksiyalarına və onların genom verilənlərinə çıxış imkanı əldə edib.

 - Tədqiqat məqsədilə xaricdən ölkəyə buğda nümunələri gətirilirmi?

- 2019-2020-ci illərdə 1500-dən artıq buğda nümunəsi ölkəyə gətirilərək, onlar üzərində tədqiqat işlərinə başlanılıb. GEİ yeni buğda sortlarının yaradılmasında Əkinçilik Elmi Tədqiqat İnstitutu (Əkinçilik ETİ) ilə sıx əməkdaşlıq edir, yeni nümunələrin birgə müqayisəli tədqiqi və onların seleksiya proqramlarında istifadəsi həyata keçirilir. Təkcə bu il GEİ və Əkinçilik ETİ seleksiyaçı alimlərinin birgə əməkdaşlığı nəticəsində yaradılmış yeni “Korifey-88” bərk buğda, “Cənub” və “Mərcani” yumşaq buğda sortlarına patent verilərək rayonlaşdırılıb. Yeni sortların respublika üzrə və Azərbaycanın suvarılan düzən və nəmliklə təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunur.

Respublikanın müxtəlif bölgələrinə mütəmadi ekspedisiyalar keçirməklə, hibridləşdirmə və müxtəlif torpaq-iqlim şəraitlərində öyrənilmə - sınaq və seçmə yolları ilə AMEA Genetik Ehtiyatlar İnstitutunda mədəni bitkilərin və onların yabanı əcdadlarının genofondu zənginləşdirilir. Ərzaq təhlükəsizliyinin təmin olunması baxımından aqrar istehsal üçün önəmli olan brend bitkilərin yerli sortları və onların yabanı əcdadları prioritet sayılır. Fərdi fermer təsərrüfatlarından toplanılan Azərbaycanın brend bitkilərinin qədim, xalq seleksiyası sort və formaları Elmi-Tədqiqat Bazaları (ETB) və Dayaq Məntəqələrinin (DM) genofond bağlarında becərilərək tədqiq edilir, toxumları artırılaraq Milli Genbankda saxlanılır. Son illərdə biotik və abiotik mühit amillərinə davamlılığına, potensial məhsuldarlığına, dənin keyfiyyətinə görə əlamət kolleksiyaları və genetik mənbələr yaradılaraq Milli Genbankda qorunur.

Qədim, yerli xalq seleksiyası sortlarından və yabanı əcdadlardan istifadə etməklə yeni, müasir adaptiv sortların yaradılması istiqamətlərində seleksiya proqramlarının hazırlanması və həyata keçirilməsi üçün müxtəlif istiqamətlərdə elmi-tədqiqat işləri aparılıb. GEİ-nun Abşeron ETB, Əkinçilik ETİ-nun Qobustan Bölgə Təcrübə Stansiyası (BTS) və Şəki Regional Elm və İnnovasiya Mərkəzinin təcrübə sahələrində yumşaq buğdanın qədim, yerli xalq və müxtəlif dövrlərdə yaradılan, o cümlədən müasir seleksiya sortlarından ibarət tarla genbankı yaradılıb. GEİ Abşeron ETB, Əkinçilik ETİ Tərtər BTS-də bərk buğdanın qədim, yerli xalq və müxtəlif dövrlərdə yaradılmış, o cümlədən müasir seleksiya sortlarından ibarət tarla genbankı yaradılıb.

 - Milli buğda sortlarının üstünlükləri hansılardır? Bu gün ölkədə əkilən milli buğda sortları çoxdurmu?

 - Son illərdə AMEA Genetik Ehtiyatlar İnstitutu tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edilmiş “Leyla”, “Start”, “Cənub”, “Almaz”, “Xəmsə” və “Oğuz” yeni yumşaq buğda sortları Dövlət sort sınağında yüksək nəticələr göstərib. Bundan başqa, AMEA GEİ-də məhsuldarlıq və dənin keyfiyyət göstəricilərinə görə yumşaq buğda sortları ilə rəqabətə qabil “Maya”, “Korifey-88” və “Alyans” bərk buğda sortları yaradılıb. Yeni sortlar qısa və ortaboylu olmaqla məhsuldarlıq və dənin keyfiyyət göstəricilərinə görə suvarma əkinçiliyinin tələblərinə tam cavab verir. Tədqiqat nəticələri göstərir ki, Düzən Qarabağın suvarma şəraitində bərk buğda sortlarının məhsuldarlığı bölgədə rayonlaşdırılmış yumşaq buğda sortlarından yüksəkdir.

Buğdanın Azərbaycanda yaradılmış elmi seleksiya sortlarının, xüsusən də qədim yerli, calaq seleksiyası sortlarının əsas üstünlüyü onların yerli torpaq-iqlim şəraitlərinin abiotik amillərinə adaptivliyidir. Belə ki, əsrlərlə Azərbaycanın çox müxtəlif torpaq- iqlim şəraitlərində becərilməklə, yerli şəraitə uyğunlaşmış bitki formaları seçilərək artırılmış, sabit məhsuldarlıq və dənin keyfiyyətilə fərqlənən qədim sortlar yaradılıb.

Hazırda Azərbaycanda buğda əkinlərinin 80 faizini milli buğda sortları təşkil edir. “Əzəmətli 95”, “Qobustan”, “Aran”, “Qırmızı gül 1”, “Murov 2”, “Tale 38”, “Zirvə 85”, “Qızıl buğda”, “Ləyaqətli 80”, “Şəfəq 2” və s. payızlıq və yarımpayızlıq yumşaq buğda, və “Qaraqılçıq 2”, “Bərəkətli 95”, “Qarabağ” və s. bərk buğda sortları Azərbaycanda geniş ərazilərdə becərilir.

Son illərdə yüksək potensial və adaptiv məhsuldarlığa və dənin keyfiyyət göstəricilərinə görə seçilən, yüksək adaptivliyə malik genotiplərin öyrənilməsi nəticəsində yeni “Xəzri”, “Mətin”, “Əsgəran”, “Altun 2”, “Start”, “Cənub”, “Onur”, “Gülüstan 100”, “Yubley-90”, “Cümhuriyyət-100”, “Diabar”, “Almaz”, “Xəmsə” və s. yumşaq, “Zəngəzur”, “Korifey 88”,Göytəpə”, “Alyans”, “Rəvan”, “Araz”, “Xəzər”, “Gomur”, və s. bərk buğda və “Fidan tritikale” sortları yaradılıb. Bundan başqa, Azərbaycanda ilk dəfə olaraq qısaboylu (80,0-90,0 sm), intensiv tipli, yumru dənli yeni bərk buğda sortları (Comərd-90, Salvartı və Ağdərə) yaradılıb.

Qeyd etmək lazımdır ki, bərk buğda və digər tetraploid buğda növləri ən qədim dövrlərdən Azərbaycanda düzən və dağətəyi aran bölgələrdə, əsasən payızlıq əkinlərdə becərilib. XX əsrin 70-ci illərinə qədər bərk buğda sortları əkin sahəsinə görə birinci yeri tutub - payızlıq dənli bitki əkinlərinin 75,0 faizini təşkil edib. Bərk buğdanın əkin sahələri əsasən dəniz səviyyəsindən aşağı olan bölgələrdən 800-1000 metr yüksəkliyə qədər yerləşib.

 - Bərk buğda sortlarının becərilməsinin azalması nə ilə bağlıdır?

 - Sovetlər birliyi dövründə, “Bezostaya 1” tipli, daha məhsuldar yumşaq buğda sortlarının yaradılması və yayımı nəticəsində bərk buğdalar tədricən sıxışdırılıb. Təəsüflər olsun ki, müstəqillik dövründə də xeyli həcmdə ərzaq buğdası sortlarının toxumları yaxın və uzaq xaricdən idxal edilərək geniş sahələrdə əkilir.

Hazırda Azərbaycanda geniş becərilən yumşaq buğda sortlarının məhsuldarlığı yüksək olsa da, məhsulun maya dəyərinə diqqət yetirsək, təkcə toxumun və tarlanın pestisidlərlə dərmanlanmasına çəkilən xərclərin yüksək olması hesabına rentabellik aşağı düşür. Belə ki, bərk buğda sortları geniş yayılmış sürmə və pas xəstəliklərinə davamlıdır. Bundan başqa, aran bölgələrində, xüsusən son illərdə yumşaq buğdaların süd və mum yetişmə fazaları dövründə, yüksək anomal hərarət müşayət olunmaqla bitkilərin məcburi quruması nəticəsində məhsuldarlıq, xüsusən də dənin keyfiyyəti aşağı düşür. Bərk buğdalar isə, tarixən cənub bölgələrində becərildiyindən - yüksək temperatura və hava quraqlığına nisbətən davamlı və tələbkar olduğundan az zərər çəkir. Ona görə də yeni adaptiv bərk buğda sortlarının yaradılması və istehsalatda tətbiqi qlobal iqlim dəyişkənliyinin təsirinin azaldılmasında, məhsuldarlığın və dənin texnoloji göstəricilərinin yüksəldilməsində və ixrac potensialının artırılmasında real, səmərəli vasitəsidir.

 - Çörəyin və un məhsullarının tamının ləzzətli, məhsulun daha sağlıqlı olmasında yerli buğda sortlarının rolu nə qədərdir?

 - Tarixən Cənubi Qafqazda min illər ərzində yerli “Ağ buğda”, “Sarı buğda”, “Qırmızı buğda”, “Qara buğda”, “Qaraqılçıq”, “Qara sünbül” və s. bərk buğda sortları becərilib. Ümumiyyətlə, yerli sortlar, əsasən sort-populyasiya şəklində becərilib. Vaxtilə toplanılmış nümunələr 2-5 növ və növmüxtəliflikləri qarışığından ibarət olub. Məsələn, keçmişdə Azərbaycandan ekspedisiya yolu ilə toplanılmış və VİR (Rusiya) kolleksiyasında saxlanılan nümunələrin böyük əksəriyyəti bərk, yumşaq, turqidum (qırdiş), kompakt, və s. buğda növlərinin qarışığından ibarət olub. Müxtəlif növ qarışığının dənindən su dəyirmanında üyüdülmüş unun keyfiyyəti, çörəyin ətri, dadı yüksək olub. Mum yetişmə fazasında sünbüllərin biçilərək qurutduqdan sonra xırmanda döyülməsi də, yəqin ki, çörəyin ətri və dadını yüksəldən amillərindəndir.

Bundan başqa, Azərbaycanda, hətta dağ rayonlarında belə həmişə lavaş, əppək, təndir çörəyi, fətir, yuxa, sac-ocaq (xar) çörəyi və həcmi az olan digər çörək məmulatları hazırlanıb. Çörəyin həcminin qalxmasına kleykovinanın yüksək keyfiyyətinə ehtiyac olmayıb. Xəmirin qıcqırdılması üçün maya göbələklərindən deyil, yalnız təbii acı xəmrədən istifadə edilib. Məsələn, Muğan düzünün xam və dincə qoyulmuş torpaqlarında hələ qədim zamanlardan becərilən “Qaraqılçıq” və “Qırmızı buğda” kimi yerli bərk buğda sortları ətirli “kürə şörəyi” ilə həmişə diqqəti cəlb edib. “Pambıq” kimi yumşaq olan dadlı və ətirli çörəyin həcmi böyük, elastik olardı, hiss olunmadan ağızda “əriyirdi”.

Qlobal iqlim dəyişikliyi dövründə temperatur rejimi, yağıntıların mövsümlər üzrə və eləcə də bitkilərin vegetasiyası dövrlərində fərqli paylanması, xəstəlik törədiciləri və zərərvericilər əkinçiliyə güclü ziyan vuraraq məhsuldarlığı və keyfiyyət göstəricilərini aşağı salır. Ona görə də yeni intensiv və yarımintensiv tipli buğda sortlarının becərilməsində ekoloji tarazlığı qoruyan müasir aqrotexnologiyaları tətbiq etməklə vahid əkin sahəsindən yüksək və keyfiyyətli məhsulun alınması respublikamızda ərzaq təhlükəsizliyinin həlli istiqamətində aparılan kompleks tədbirlərdən biridir.

 

 

 

 

 

 

 

 

# 5584
avatar

Aygün İbrahimli

Oxşar yazılar