1339
16:03
17 Sentyabr 2020

Şagird çantasının ağırlığının yüngülləşməsinə səbəb olan dərsliklər nəşr edilib - RƏSMİ

Yeni tədris ilindən istifadəyə verilən yeni dərsliklər

2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib.

Təhsil Nazirliyindən Lent.az -a verilən məlumata görə, Təhsil İnstitutu tərəfindən hazırlanmış yeni dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif “Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır.

Digər dərsliklərdən fərqli olaraq, bu dərsliklərin dəstinə dərslik, müəllim üçün vəsait və iş dəftərindən əlavə olaraq valideynlər üçün tövsiyələr də daxil edilib. Bu dərsliklərin daha bir fərqli cəhəti onların 2 hissəli, yəni hər hissəsi tədris ilinin bir yarımilini əhatə etməklə tərtib edilməsidir. Bu formatda tərtibat həm də şagird çantasının ağırlığının xeyli yüngülləşməsinə səbəb olur.

Cari tədris ilində kütləvi istifadəyə verilən yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də yer alır. Dərslik təhsilalanların dinləyib-anlama vərdişlərinin inkişaf etdirilməsi məqsədilə dil daşıyıcıları tərəfindən səsləndirilən müvafiq audio-fayllarla müşayiət edilir. “Happy Campers” dərsliyi ölkəmizin “Xarici dil” fənni üzrə təhsil proqramına (kurrikulumuna) uyğunlaşdırılıb və digər dərsliklər kimi ölkə üzrə seçilmiş pilot məktəblərdə sınaqdan keçirilib.

Qeyd edək ki, sözügedən yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurrikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.