71071
13:36
03 Sentyabr 2020

Abituriyentlər DİM-dən nə soruşurlar? - "Keçid balları ..." - RƏSMİ CAVAB

“Dövlət İmtahan Mərkəzinə (DİM) müraciətlərin məzmunu həmin dövr üçün aktual olan məsələlərə görə dəyişir”.

Bu barədə Lent.az -ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib. O bildirib ki, dünənə qədər hər kəs 20-21 avqustda keçirilən imtahanların nəticələri ilə maraqlanıb:

“Biz nəticələrin sentyabrın 4-dək elan olunması ilə bağlı məlumat vermişdik, lakin əməkdaşların, ekspert-müəllimlərin gərgin əməyi sayəsində nəticələr daha tez sentyabrın 2-də elan olundu.

Nəticələr elan olunduqdan sonra isə müsabiqə şərtləri və ixtisas seçimi və s. məsələlər daha çox soruşulur. Müsabiqə şərtləri iyun ayında nəşr olunan “Abituriyent” jurnalının 2 saylı buraxılışında verilib və Mərkəzin saytına yerləşdirilib. Fürsətdən istifadə edib qısa şəkildə bir daha xatırlatmaq istəyirəm ki, I-IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən , imtahanının ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Lakin bəzi ixtisaslar üzrə fərqli müsabiqə şərtləri də var. Elə ixtisaslar var ki, orada şərtlər daha aşağı müəyyən olunub. Ümumi bal 150, imtahanın ikinci mərhələsindən 50 və daha yuxarı bal toplayanlar həmin ixtisasları seçə bilərlər. Hər ixtisas qrupunda belə ixtisaslar var. Abituriyentlər müsabiqə şərtləri ilə ətraflı bu linkdən tanış ola bilərlər.

Müsabiqə şərtlərini ödəyənlər yaxın günlərdə başlayacaq ixtisas seçimində iştirak edə bilərlər. Bununla bağlı yaxın 1 neçə gün ərzində “Abituriyent” 4 jurnalı nəşr olunacaq. “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası “Abituriyent” 4 jurnalında veriləcək. Burada, həmçinin qəbul aparılan ixtisaslar, onların kodları göstəriləcək”.

X.Xanlarzadə qeyd edib ki, hər ixtisas qrupu üzrə ayrıca “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər nəşr olunacaq:

“Burada abituriyentlərin imtahan ballarının paylanması, eləcə də ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunacaq.

Subbakalavrlar da ixtisas seçimin necə olacağı ilə bağlı suallar verirlər. Onlar da abituriyentlərlə bir yerdə ixtisas seçimində iştirak edəcəklər”.

Qurum rəsmisi əlavə edib ki, keçid balları ilə də maraqlanan abituriyentlər var:

“Qeyd edim ki, keçid balı müsabiqə nəticəsində formalaşır və əvvəlcədən bunu bilmək mümkün deyil. Keçid balı abituriyentlərin sayı, nəticələri və plan yerlərindən asılı olaraq dəyişir. Abituriyentlər sadəcə müəyyən istiqamət götürmək üçün daha əvvəlki illərdə formalaşan keçid ballarına baxa bilərlər. Keçid balları “Abituriyent” 2 jurnalında verilib”.

9 illik təhsil bazasından kollecə ixtisas seçiminin tarixləri barədə də müraciətlər var. Bu abituriyentlər üçün ixtisas seçimi bu gün başlayıb və sentyabrın 13-dək davam edəcək.

Jurnalistikaya qəbul olmaq istəyənlərin qabiliyyət imtahanlarına qeydiyyatı da III ixtisas qrupu üzrə imtahan verənlərin apelyasiya prosesi bitən kimi – yaxın 2-3 gün ərzində başlayacaq”.

Dİgər xəbərlər