Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu Bakı Nəqliyyat Agentliyinin taksi şirkətlərinin fəaliyyəti üçün hazırladığı konsepsiya ilə bağlıdır.
Artıq iki gündür gündəmdən düşməyən bu məsələ sosial şəbəkə izləyicilərinin mütləq əksəriyyətinin sərt reaksiyasına səbəb olub. BNA-nın yeni hazırladığı konsepsiyada paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinin vahid dispetçer və vahid qiymət tarifində cəmləşməyi planlaşdırılıb. Görəsən, yeni konsepsiyanın həyata keçirilməsi sərnişinlərə və ümumilikdə ictimai nəqliyyata necə təsir edəcək?
Rubrikamızın sualını iqtisadçı ekspert Pərviz Heydərov cavablandırıb. İqtisadçı bildirib ki, ikinci qüvvənin sözügedən sahəyə müdaxiləsi rəqabətin yoxa çıxmasına, nəticədə keyfiyyətin aşağı düşməsinə səbəb olacaq:
“İstər nəqliyyat, istərsə də digər sahələrdə həm qiymət amilini, həm də xidmətin keyfiyyətini qaldıran ən böyük amil rəqabətdir. Əgər istənilən sahədə rəqabətin qarşısı alınarsa, nə normal qiymətdən, nə də keyfiyyətdən söhbət gedə bilməz. Düzdür, kimsə deyə bilməz ki, özəl taksi şirkətlərinin fəaliyyətində hər şey normaldır. Burda da müəyyən kortəbiilik və çatışmazlıqlar var. Ancaq o sahədə qiymət amili bilavasitə tələb və təklifin balansı nəticəsində yaranır. İkinci bir qüvvənin sözügedən sahənin qiymət amilinə müdaxilə etməsi, onu öz istədiyi şərtlər əsasında formalaşdırmağa çalışması, ancaq və ancaq rəqabəti məhdudlaşdıracaq. BNA-nın hazırladığı konsepsiya bəri başdan keyfiyyətin azalmasına və narazılıqlara zəmin yaradır.
Taksi şirkətlərinə tələb çox olduğu üçün onun fəaliyyəti də aktivdir. Nəzərə almaq lazımdır ki, metro və avtobusların fəaliyyəti zamanı da bir qrup insanlar məhz taksi şirkətlərinə üz tuturdular. BNA-nın konsepsiyası həyata keçirilsə və nəticədə rəqabət pozulsa, həmin insanlar da metro və avtobuslara axın edəcək. Nəticədə onsuz da keyfiyyəti lazımi səviyyədə olmayan ictimai nəqliyyatın yükü daha da artacaq. 1 manatlıq taksilərin yığışdırılması da bu sahənin inhisarlaşması deməkdir”.