3464
15:33
01 Sentyabr 2020

Əlillik təyinatı almaq üçün hara müraciət etməli? - Nazirlikdən açıqlama

Son zamanlar əlilliyin təyinatı ilə bağlı müxtəlif suallar yaranıb. Bəzi insanlar əlillik təyinatını almaq üçün hara müraciət etməli olduğunu bilmir.

Məsələ ilə bağlı APA -ya açıqlama verən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Gülnar Əzizova bildirib ki, Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il 446 nömrəli “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş) dəyişikliklər edilməsi barədə qərarına əsasən, əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır: “Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət səhiyyə müəssisəsinin göndərişi, başqa sözlə Forma 88-dir. Əlillik qiymətləndirilərkən yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə səhiyyə müəssisəsinə (poliklinikaya) müraciət etməlidir. Müraciət edən şəxsə səhiyyə müəssisəsi tərəfindən şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, ixtisaslaşmış həkim rəyi, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə göndəriş rəsmiləşdirilir.

Göndəriş rəsmiləşdirildikdən sonra elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə ötürülür. Göndəriş altsistemə daxil olduqdan sonra göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxsləri və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır”.

G.Əzizova deyib ki, adsızlaşdırılmış göndərişlər dərhal altsistem tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK-ə) (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) elektron şəkildə göndərilir: “Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Əlilliyin təyin olunub-olunmaması ilə bağlı məlumat şəxsin mobil telefonuna SMS bildiriş vasitəsilə göndərilir. Bunun üçün göndərişdə şəxsin öz adına olan mobil nömrəsinin qeyd olunması vacibdir. Şəxslər e-sosial.az internet portalındakı şəxsi kabinetindən əlilliklə bağlı məlumatları əldə edə bilərlər. “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib. Hazırda Nazirlər Kabinetinə təqdim edilən sənədə əsasən, xəstəlik, çatışmazlıq və zədə fəsadlarının insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan orqanizmin funksiyalarının itirilməsi faizlərlə ifadə olunacaq. Yeni meyarlarda əlilliyin qiymətləndirilməsi zamanı insanın 7 əsas həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınacaq. Bunlar özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti bacarığıdır”.

Qurumun mətbuat katibi qeyd edib ki, “Əlilliyin müəyyən olunması meyarları” hazırlanarkən bu sahədə Rusiya, Avstriya, Böyük Britaniya, Almaniya və ABŞ kimi ölkələrin ən qabaqcıl beynəlxalq təcrübəsi öyrənilib, Avropa İttifaqının “fiziki və əqli əlilliklə bağlı reytinq dərəcəsi” sənədi təhlil edilib, Dünya Səhiyyə Təşkilatının standart diaqnostik aləti olan “Xəstəliklərin Beynəlxalq Təsnifatı” və “Funksionallığın Beynəlxalq Təsnifatı”ndan geniş istifadə olunub.

Bütün dünyada yayılan koronavirus pandemiyasına görə Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi səbəbindən səhiyyə müəssisələrinə əlilliyin qiymətləndirilməsi ilə bağlı vətəndaş müraciətlərinə məhdudiyyət qoymuşdu.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejiminin tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Bu səbəbdən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinin pandemiya şəraitinə uyğunlaşdırılması ilə əlaqədar müəyyən məhdudiyyətlər olub: “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunmuş xüsusi karantin rejiminin xüsusiyyətləri nəzərə alınmaqla əlillik məsələləri ilə bağlı vətəndaş müraciətlərinə baxılması infeksiyaya yoluxma riskini istisna edən şəraitdə sanitariya-gigiyena qaydalarına və normalarına, baş dövlət sanitariya həkimi tərəfindən təsdiq edilmiş metodiki göstərişlərə riayət edilməklə həyata keçirilməkdədir”.

Dİgər xəbərlər