13654
17:12
31 Avqust 2020

Bu il birinci sinfə gedəcək şagirdlərin ƏN CİDDİ PROBLEMİ : "Qeydiyyatımızı geri çəkməli oldum"

“Məktəbi seçəndə mənim ordan gözləntim övladımın xoşbəxt bir mühitdə təhsil alması idi. İndi oğlum onlayn təhsil alacaqsa, o, sadəcə dərs öyrənə biləcək, amma həmin o xoşbəxt mühitdə ola bilməyəcək”.

Bunu bu il birinci sinfə qədəm qoymalı olan Toğrulun anası Zümrüd xanım deyir. Oğlunun məktəb mühitində, yaşıdları ilə birlikdə təhsil almasının daha doğru olacağını düşünən Zümrüd xanım deyir ki, məktəblilər üçün təhsil qədər, dərs aldıqları mühit də önəmlidir:

“Uşağı məktəbə yazdırdım, ödənişini də etdim. Həmin məktəbə oğlum ən yüksək - 200 bal toplayaraq qəbul olub. Amma tədrisin distant olacağını eşidəndən sonra qeydiyyatımızı geri çəkməli oldum. Bununla bağlı məktəbin direktoru ilə də danışdım. Burada arqumentim ondan ibarətdir: məktəbi seçəndə mənim ordan gözləntim övladımın xoşbəxt bir mühitdə təhsil alması idi. İndi oğlum onlayn təhsil alacaqsa, o, sadəcə dərs öyrənə biləcək, amma həmin o xoşbəxt mühitdə ola bilməyəcək. Ona görə də övladımın təhsilini bu il dondurdum”.

Əlbəttə, bu gün onunla eyni fikirdə olan və övladının necə təhsil alacağı ilə bağlı narahatlıq keçirən minlərlə valideyn var. Yeni təhsil ilinin başlamasına sayılı günlər qalıb. Şagirdlər də, valideynlər də həmişəkindən daha təlaşlı, daha qayğılıdırlar. Buna səbəb məktəbə hazırlaşmaq, dərs vəsaitləri almaq, geyimləri hazırlamaq deyil, dərslərin necə keçiriləcəyi və ona uyğun olaraq hazırlıq işlərinin necə qurulmasıdır.

Xüsusilə də məktəbə yeni qədəm qoyacaq birinci sinif şagirdlərinin hazırlığı daha mürəkkəbdir. Çünki onlar indiyə qədər alışıq olmadıqları sosial mühitə daxil olurlar. Təbii ki, bu mərhələdə bütün uşaqlar dəyişikliyə uğurla adaptasiya ola bilmir və müəyyən narahatlıqlar yaradır. Nəzərə alsaq ki, bu il vəziyyət başqadır, o zaman balacaların qayğılarının da artacağını deyə bilərik.

Bəs birincilər bu çətinliyin öhdəsindən necə gələcəklər? Bir tərəfdə can alan koronavirus, digər tərəfdə də təhsil almaq arzuları...

Psixoloq Əfsanə Rüstəmova Lent.az -ın suallarını cavablandıraraq birincilərə çıxış yolu tapmaqda bizə kömək olub. Onun sözlərinə görə, onsuz da hər il bu ərəfələrdə valideynlər təlaş içində olurdu. Sadəcə, builki təlaşın rəngi bir az fərqlidir:

“Belə ki, hər il “Uşağa hardan və nə almalıyam?" qayğısı barədə düşünən valideynlər bu il ilk dəfə “Təhsil necə olacaq?” haqqında düşünməyə başladılar. Əvvəlcə təklif olaraq verilən 3 günlük dərs, 2 günlük onlayn qrafikin Azərbaycan reallığında nə qədər tətbiq oluna biləcəyini müzakirə etmək lazımdır. Bizim tərbiyə və yetişmə mühitini nəzərə alaraq bu işin əksəriyyət üçün çətinlik yaradacağını birmənalı anlaya bilərik. Öncəliklə qeyd edim ki, məktəb həyatı ilə yeni tanış olacaq azyaşlılar üçün “Məktəb” məfhumu bu cür formalaşacaq. Daha sonrakı dönəmdə bu qrafiki düzəltmək çətinlik yarada bilər. Digər tərəfdən onlayn təhsil üçün lazım olan resursların təminatı müzakirə oluna bilər. Mən hələ dərs müddətində maska ilə dərsdə oturacaq azyaşlıların fiziki və psixi sağlamlıq baxımından nə qədər təsirlənəcəyini demirəm. Burnunda ət olan körpələrin və xroniki xəstəliyi olan müəllim və şagirdlərin bu halda çətinliklər yaşayacağını indidən görmək mümkündür”.