1630
15:35
28 Avqust 2020

“Xankəndi qırğınları” - Yeni kampaniyaya start verildi - VİDEO

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Xankəndi qırğınları” adlı yeni kampaniyaya start verib.

İcmadan Lent.az -a verilən məlumata görə, kampaniyanın məqsədi 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanan və həmin ilin sentyabrın 18-dən məqsədli şəkildə Xankəndi şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən terror hadisələrinə diqqəti cəlb etməkdir: “Xalqımıza qarşı Ermənistanın törətdiyi dəhşətli cinayətlər silsiləsində Xankəndi hadisələrinə az diqqət yetirilib. Erməni vəhşiliyinin bariz nümunəsi olan bu hadisələrin öyrənilməsinə, yenidən gündəmə gətirilməsinə və gələcək nəsillərə çatdırılmasına xüsusi ehtiyac var.

Azərbaycan Dövlət Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin texniki dəstəyi ilə hazırlanan hər bir çarxın süjet xətti erməni terrorunun qurbanı olmuş və bu gün də həmin ağrını yaşayan insanların həyat hekayələri üzərində qurulub”.

İcma “Xankəndi qırğınları” layihəsi ilə internet resurslarında Xankəndi hadisələri barədə məlumat bazası formalaşdırmağı qarşısına məqsəd qoyub.

İnsan hekayələri üzərində qurulan qısa filmlərin müxtəlif dillərə tərcümə olunması və beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulub.

“Xankəndi qırğınları” layihəsi çərçivəsində ilk qısa film Xankəndi şəhərində yaşamış Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə müəllimə işləmiş Nuridə Məhərrəmovanın həyat hekayəsindən bəhs edir. Nuridə xanım bu filmdə ermənilər tərəfindən ailəsinin başına gətirilən müsibətlərdən danışır.