930
11:19
28 Avqust 2020

Gələn həftədən bu şəhərlərdə də seroloji testlər keçiriləcək

“COVİD-19 xəstəliyi bir çox adamda asimptomatik keçir, yəni xəstənin heç bir simptomu, şikayəti olmur. Həmin şəxs xəstəliyi keçirdiyinin fərqinə varmır. Seroloji testlər vasitəsilə həmin şəxsin xəstəliyi keçirib-keçirmədiyi və buna qarşı immunitetinin formalaşdığını müəyyən etmək olur”.

Bunu APA -ya açıqlamasında TƏBİB-in mikrobiologiya üzrə İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova bildirib. Onun sözlərinə görə, Azərbaycanda da hazırda seroloji testlər keçirilir: “Müəyyən olunanda ki, həmin şəxs xəstəliyi keçirib, çox zaman həmin adam təəccüblənir ki, xəbəri olmayıb. Son 2 həftədir Azərbaycanda icra olunan layihə nəticəsində artıq 300-dən çox nümunə götürülüb, laboratoriyaya göndərilib və analiz nəticələri əldə olunub. Təsadüfi seçilmiş əhali qrupuna zəng vurulur. Həmin şəxslərdən seroloji test vermək istədiyi barədə soruşulur. Razılıq verirsə, xüsusi təlim keçən tibb bacıları həmin şəxsin ünvanına gedərək analiz götürür. Nəticələr maksimum 1-2 gün ərzində məlum olur. Bu analizi verən şəxslərə qanın ümumi analizini verməyi də təklif olunur. Hər iki analiz tam ödənişsiz həyata keçirilir”.

Q. Ələkbərova deyib ki, hazırda layihə yalnız Bakıda icra olunur, gələn həftədən isə Gəncə və Sumqayıtda da həyata keçiriləcək: “Hələlik layihənin bütün ölkə üzrə keçirilməsi nəzərdə tutulmur, amma nəticələr və statistik məlumatlar əldə edildikdən sonra bu haqda da düşünülə bilər. Bu testin zəruriliyi budur ki, ölkənin neçə faizinin bu xəstəliyi keçirdiyi məlum olduqdan sonra yeni sanitar-epidemioloji qaydalar tənzimlənə bilər. Bir sıra xarici ölkələrdə də bu analiz icra olunur, xüsusilə də Almaniya, İtaliya, İspaniya, İsveçrə kimi Avropa ölkələrində əhali arasında bu cür elmi-tədqiqatlar keçirilib”.

İşçi Qrupunun rəhbəri qeyd edib ki, seroloji testin nəticəsi hazırda həmin şəxsin aktiv xəstə olduğunu göstərmir, sadəcə daha əvvəl koronavirus keçirib-keçirmədiyini müəyyən edir: “Elmi-tədqiqatlara görə, qanında koronavirusla bağlı immunitet formalaşan şəxslərdə bir daha yoluxma olmayacağı bildirilir. Amma zamanla necə olacağını deyə bilmərik. Çünki bu, yeni bir xəstəlikdir, ona görə bu haqda bir söz demək mümkün olmur, amma hazırda təkrar yoluxma olmadığı bildirilir. İmmunoqlobinlər hamıda, xüsusilə də asimptomatiklərdə ömürlük qalmaya da bilər, ona görə də həmin şəxslərin ən azı 3-6 ay ərzində yoluxmayacağı məlumdur. Koronavirusu keçirən hər bir vətəndaş ağır koronavirus xəstələrinə müalicəsi üçün qan plazması verərək kömək edə bilər”.

Dİgər xəbərlər