11:06
18 Avqust 2020

Səid Rüstəmovun “Gəl” mahnısının caz-muğam versiyası təqdim edildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə həyata keçirilən yeni Azərbaycan və İspaniya birgə musiqi layihəsində görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun bayatılara bəstələdiyi “Gəl” mahnısının caz-muğam versiyası təqdim edilib.

Lent.az xəbər verir ki, layihədə piano və vokalı 11 yaşlı gənc “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülmüş, Bülbül adına orta ixtisas musiqi məktəbinin “Klassik fortepiano və bəstəkarlıq” sinfinin şagirdi beynəlxalq festivallarda uğurla çıxış edən Məhəmməd Allahverdiyev, gitara və cajon-da etno-caz üslubunda improvizələri ilə tanınmış ifaçı Melon Jimenez ifa edib.

Layihənin yaradıcı heyətinə muğam müəllimi, Xalq artisti, xanəndə Teyyub Aslanov, piano müəllimi, tanınmış pianoçu, bəstəkar və aranjemançı Etibar Əsədli, art direktor – A.Gülnarə, prodüser – Nurlan Həsənzadə, operator Pərviz Niyazoğlu, redaktor – Aleks Anişenko daxildir.

Azərbaycan və ispan milli musiqisinin ritmləri ilə cilvələnərək, muğam və cazın elementlərini özündə birləşdirən yeni kompozisiya qədim qala divarları və gözəl təbiətlə, müasir meqapolisin ahəngində bir daha mədəniyyətin sərhəd tanımadığını və musiqinin bütün dillərdə anlaşıqlı olduğunu ifadə edir.

Dİgər xəbərlər