09:30
18 Avqust 2020

Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb


Bu ilin iyul ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikin sürəti 31,23 Mbit/s-ə təşkil edib. "APA-Economics" "Ookla"nın "Speedtest Global Index"inə istinadən verdiyi məlumata görə, bu göstərici iyun ayı ilə müqayisədə 0,77% artıb.

İyulda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti iyun ayının göstəricisi ilə müqayisədə 0,5% azalaraq 13,72 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 34,51 Mbit/s və 10,93 Mbit/s təşkil edib.

İyul ayının nəticələrinə görə Azərbaycan bu göstərici üzrə dünya ölkələri sırasında bir pillə geriləyərək 65-ci yerdə qərarlaşıb. Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (110,90 Mbit/s), Cənubi Koreya (109,04 Mbit/s), və Çin (105,11 Mbit/s) daxil olub.

Reytinqə əsasən, iyul ayında Azərbaycanda sabit genişzolaqlı internet trafikinin giriş sürəti 21,27 Mbit/s, çıxış sürəti isə 22,43 Mbit/s təşkil edib. Bu göstəricilər iyun ayı ilə müqayisədə müvafiq olaraq 0,14 artım və 2%-dək azalma qeydə alınıb.

Dünya ölkələri üzrə sabit internetin sürəti reytinqində Azərbaycan iyul ayının yekunlarına görə (iyun ayında olduğu kimi) 115-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (213,18 Mbit/s), Honkonq (202,60 Mbit/s) və Tailand (171,45 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 81,46 Mbit/s və 42,63 Mbit/s olub.

Dİgər xəbərlər