14:50
24 İyul 2020

"Təxribatın arxasında erməni diasporu və səfirlikləri dayanıb" - Şamil Tağıyev

Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikadakı diplomatik nümayəndəliklərinə, xarici ölkələrdə yaşayan və Ermənistanın təxribatlarına qarşı dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı vəhşiliklər törədilir.

Çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulur.

Əslində, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyil.

Heç kimə sirr deyil ki, 1970-80-ci illərdə ASALA və digər erməni terror təşkilatları ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər.

1991-ci ildə Ermənistan respublikası müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirmiş bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil ediblər. Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. Adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, beynəlxalq hüquq-müdafiə təşkilatlarının susqunluğu anlaşılan deyil. Bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm sürdüyünü aydın göstərir.

Ermənilərin xaricdəki təxribatlarına Ermənistan dövlətinin heç bir rəsmi reaksiya verməməsi də bu dövlətin faşist-terror təbiətini birbaşa nümayiş etdirən faktdır.

Siyasi ekspert Aydın Quliyevin sözlərinə görə, Ermənistanın Tovuz təxribatlarının rüsvayçı hərbi və diplomatik nəticələrini ört-basdır etməkdən ötrü əl atılan mühüm üsullardan biri xaricdəki təxribatlardır. “Tovuzdakı son erməni təxribatları Ermənistanın dünyada təklənmə prosesini daha da dərinləşdirməklə Azərbaycanın beynəlxalq mövqelərinin hansı dərəcədə möhkəmlənməkdə olduğunu bir daha göstərdi. Ermənistanın xaricdə azərbaycanlılara qarşı vandal və qanlı təxribatlarında sistemli dövlət təşkilatçılığı ilə bərabər sürətlə uçuruma gedən tərəfin aşkar panik vəziyyətə düşməsinin də elementləri görünür”.

Ekspertin fikrincə, Azərbaycanla hərbi və diplomatik qarşıdurma müstəvisində tam uğursuzluq Ermənistanı xaricdə terror və təxribatlar törətməyə məcbur edir. “Avropa və Amerikada azərbaycanlılara qarşı erməni terrorları dünya üçün çox ciddi siqnal olmalıdır. Ermənistanın terror və təcavüz siyasəti dayandırılmayınca bu ölkənin özü və ümumən erməniçilik bütün dünya üçün daha böyük təhlükələr mənbəyinə çevrilir. Dünya liderləri və beynəlxalq təşkilatlar Ermənistanın dünya boyu terror və təcavüzkar hərəkətlərinin qarşısını almaq barədə bütün tərəddüdlərə son qoymalı və ciddi nəticələr çıxarmalıdır”.

Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, son aylar həm cəbhədə həm də dünyada diplomatik müstəvidə uduzan ermənilər Azərbaycandan barbar yolla qisas almağa çalışırlar. “Onlar əvvəldən müəyyən planlar qurmuşdular. Ancaq proses əleyhlərinə yönəldi, biabırçı duruma düşdülər. Əsl mahiyyətləri ifşa olundu”.

Millət vəkili deyir ki, adətən ermənilər hər yerdə Azərbaycanlıları vəhşi kimi dünyaya təqdim etməyə çalışırdılar. Deyirdilər biz Azərbaycanlılarla birgə yaşaya bilmərik. Ancaq əksi baş verdi. “Dünya açıq-aydın gördü ki, sözün həqiqi mənasında əsl vəhşi ermənilərin özləridir. Bu millət yalnız terroru yaxşı bacarır”.

Yeri gəlmişkən, dünən Rusiyanın paytaxtı Moskva şəhərində baş verənlər də erməni barbarlığının bariz nümunəsi idi. Moskva Azərbaycan İcmasının sədri Şamil Tağıyevin dediyinə görə, son günlərdə Belçikada, Fransada, Amerikada ermənilərin azərbaycanlılara olan hücumları göstərir ki, bu hücumların arxasında həmin ölkələrdə fəaliyyət göstərən erməni təşkilatları, səfirlikləri durur.

“Bu, Moldovada olan aksiyada da sübut olundu. Ümumiyyətlə bu günə qədər dünyanın hər bir yerində, eyni zamanda Moskvada olan bütün aksiyalarda azərbaycanlılara qarşı təxribatın arxasında erməni diasporu dayanıb. Dünən biz yenə də gördük ki, Moskvada azərbaycanlılar və ermənilər arasında baş verən kütləvi davaya münasibətdə erməni diasporu buna həll yolları axtarmaqdansa, yenə də öz variantları ilə, yəni hücumları ilə azərbaycanlıların üstünə düşdülər. Azərbaycan hakimiyyətini, Azərbaycan səfirliyini günahlandırmaqdadırlar. Bu, bir erməni siyasətidir. Yaşadıqları ölkədən asılı olmayaraq bu siyasəti hər yerdə yürüdürlər”.

Dİgər xəbərlər