Hacıqabulda avtomobildən narkotik maddə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumatda bildirilir ki, əldə edilmiş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə Bakı şəhər sakini Fəda Veyisovun idarə etdiyi “Mersedes” markalı avtomobil və onun sərnişinləri – Bakı şəhər sakinləri Şirxan Əhmədov və Samir Calalov ilə birgə rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Avtomobilə baxış keçirilən zaman Ş. Əhmədova məxsus 1 ədəd bükümdə 130 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. S. Calalovun da üzərinə baxış keçirilərkən onun üzərindən metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə yuxarıda adıçəkilən şəxslərə narkotik vasitəni satan şəxsin Şirvan şəhər sakini Aris Səfərov olduğu müəyyən edilib. A. Səfərov da saxlanılaraq Polis Şöbəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman 45 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.