Dünyada bu gün - VİDEO
02 iyul 2020 09:03 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

AZƏRBAYCAN POLİSİ GÜNÜ

(1998)

 

1. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra - 1918-ci il iyulun 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutub. Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

 

 

KAZIM XAN QUŞÇU

(1867-1922)

 

2. El qəhrəmanı Kazım xan Məşədi Rza oğlu Quşçu 2 iyul 1867-ci ildə Urmiya gölü sahillərindən bir neçə km uzaqlıqda yerləşən Ənzəl mahalının Quşçu qəsəbəsində anadan olub. Gənc yaşlarında kiçik silahlı dəstə düzəldib. 1917-ci ildə Quşcu yaxınlığında pusqular quraraq erməni qüvvələrinə ciddi zərbələr vurub, onların Urmiya və Səlmasa girməsinə mane olub. 1922-ci ildə Rza xan Pəhləvi kürdləri də neytrallaşdırmaq qərarına gəlib və Kazım xan öz qüvvələrini pəhləvilərlə birləşdirib, kürdləri bu ərazidən uzaqlaşdırmağa nail olub. Normal münasibətləri olmasına baxmayaraq, Kazım xan Rza xanın ingilislərin əlaltısına çevrildiyini görüb şah kimi Pəhləviləri deyil, hələ də Qacarlar dövlətini tanıdığını bildirib və Qırxlar qalasına çəkilib. Rza xan Kazım xandan qalanı boşaltmasını tələb edib və nəticədə toqquşma yaranıb. Kazım xan Quşçu öz düzəltdiyi əl qumbarasının partlaması nəticəsində qalada həlak olub.

 

 

MƏHƏBBƏT KAZIMOV

(1953-2014)

3. Azərbaycanın əməkdar artisti, müğənni Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Orta təhsilini Şamkənd kənd orta məktəbində alıb. 1974-cü ildə musiqi təhsili almaq üçün Bakıya gəlib və Asəf Zeynallı adına musiqi texnikumuna daxil olub. 1976-cı ildən professional səhnədə çıxış edib, "Dan Ulduzu" ansamblının solisti olub. Məhəbbət Kazımov 27 yanvar 2014-cü ildə Bakıda dünyasını dəyişib.

 

 

 

 

 

 

 

 

NATİQ QƏDİMOV

(1976-2017)

 

4. Jurnalist Natiq Aydın oğlu Qədimov 1976-cı ilin bu günü Bakıda dünyaya göz açıb. Uzun müddət "Ayna" ("Zerkalo") və digər mətbu orqanlarda çalışıb. ANS televiziyasında yayımlanan "İç Xəbər" və "Növbətçi" verilişləri ona böyük populyarlıq gətirib. Sonuncu iş yeri APA TV olub. Natiq Qədimov 22 noyabr 2017-ci ildə infarktdan dünyasını dəyişib.

 

 

KƏRİM KƏRİMOV

(1971-1992)

 

5. Azərbaycanın Milli Qəhrəmanı Kərim Məhəmməd oğlu Kərimov 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tümendə Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə daxil olub. Qarabağ münaqişəsi başlayandan sonra birlikdə təhsil aldığı 15 azərbaycanlı kursantla birlikdə Azərbaycana qayıdıb və təhsillərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdiriblər. Biləcəridə təlim keçdikdən sonra aprelin 15-də Goranboy rayonuna yola düşüblər. “Tümendən gələn zabit” kimi tanınan Kərim Kərimov istehkamçılar bölməsinə komandir təyin olunub. Mayın 5-də bir neçə döyüş yoldaşı ilə birlikdə Talış yüksəkliyi uğrunda döyüşdə yaralanıb və əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxaraq şəhid olub. Cəsədi düşmən tərəfindən götürülsə də, iyunun 16-da əsir götürülən ermənilər nəşinin dəfn olunduğu yeri göstəriblər. Kərim Kərimov iyunun 17-də doğulduğu kənddə torpağa tapşırılıb. Azərbaycan Prezidentinin 11 sentyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

 

 

MÜŞFİQ KƏRİMOV

(1971-1994)

 

6. Şəhid Müşfiq Bəhmən oğlu Kərimov 1971-ci il iyulu 2-də Laçın rayonunun Suarası kəndində doğulub. 1988-ci ildə Səfiyan kənd orta məktəbini bitirib. 1990-cı ildə ordu sıralarına çağırılıb. Rusiyanın Sverdlovsk vilayətində hərbi xidmətini başa vurduqdan sonra Laçın rayonuna qayıdaraq, polis batalyonunda post-patrul xidmətinin sıravi heyətində çalışıb. Səfiyan, Suarası, Xanalılar, Fərəcan, Güləbird, Horadiz, Yağlıvənd, Böyük Bəhmənli kəndləri və Daşkəsən rayonunda gedən döyüşlərdə iştirak edib. Baş serjant Müşfiq Kərimov 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olub və Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 1 iyul 2009-cu il tarixli sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

 

 

SAHİL ATAKİŞİYEV

(1974-1993)

 

7. Şəhid Sahil Durasan oğlu Atakişiyev 1974-cü ilin bu günü Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra 1992-ci ildə hərbi xidmətə yollanıb və bir sıra döyüşlərə qatılıb. Sahil Atakişiyev 1993-cü il martın 7-də Tərtər rayonu istiqamətində şəhid olub və doğulduğu kənddə dəfn olunub.

 

 

PATRİS LUMUMBA

(1925-1961)

 

8. Konqo siyasətçisi Patris Emeri Lumumba 1925-ci il iyulun 2-də Belçika Konqosunun Kasavi bölgəsində anadan olub. Missioner məktəbində təhsil aldıqdan sonra əvvəlcə keşiş, sonra jurnalist olaraq çalışıb. Həmkarlar İttifaqının prezidenti seçilib və Belçika Liberal Partiyasına qoşulub. Konqo milli hərəkatı ilə birlikdə 1960-cı ildə ilk hökuməti təşkil edib və Konqo Demokratik Respublikasının ilk baş naziri olub. Onun üç aylıq hökumət dövrü Katanqa bölgəsinin müstəqillik elan edilməsindən qaynaqlanan siyasi qarşıdurmalarla müşahidə olunub. Ölkəyə BMT qoşunları yeridilsə də, qarşıdurma davam edib. SSRİ-dən yardım istəyən Lumumba sentyabr ayında prezident Kasavubu tərəfindən vəzifəsindən uzaqlaşdırılıb və 1 dekabrda həbs edilib. Patris Lumumba 1961-ci il yanvarın 17-də güllələnib.

 

 

JAN JAK RUSSO

(1712-1778)

 

9. Bu gün fransız filosofu, yazıçı və bəstəkar Jan Jak Russonun xatirə günüdür. O, 1712-ci il iyunun 28-də Cenevrə şəhərində anadan olub. Kilsə təhsili alıb, oymaçı ustası yanında şagird kimi fəaliyyət göstərib. 1728-ci ildə Turin seminariyasına qəbul olub. Musiqiyə olan həvəsinə görə seminariyadan qovulub, Nevşateledə yaşayıb və bir neçə şagirdə dərs deyib. 1742-cü ildə Parisə qayıdaraq Fransanın Venesiyadakı səfirinin katibi kimi fəaliyyət göstərib. Bir sıra əsərlərin müəllifidir. "Elm və mədəniyyət haqqında mühakimələr" əsərinə görə Dijon Akademiyası tərəfindən təltif edilib. Jan Jak Russo 1778-ci ilin iyulunda ürək tutmasından vəfat edib.

 

 

ERNEST HEMİNQUEY

(1899-1960)

 

10. Amerikalı yazıçı və jurnalist Ernest Miller Heminquey da bu gün xatırlanır. O, 1899-cu il iyulun 21-də Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində həkim ailəsində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra "Star" qəzetində çalışıb. Könüllü dəstənin Birinci Dünya müharibəsi cəbhələrinə gedib, İtaliyanın iki hərbi medalı ilə təltif olunub və müharibə qəhrəmanı adı verilib. Hərbi jurnalist kimi cəbhənin ən qaynar nöqtələrində olub. 1952-ci ildə nəşr olunan “Qoca və dəniz” povestinə görə ədəbiyyat üzrə Nobel mükafatı alıb. Ernest Heminquey 1960-cı ilin iyulunda depressiya və ciddi əqli pozuntu diaqnozu ilə klinikaya yerləşdirilib və ov tüfəngindən atəş açaraq intihar edib.

 

 

ƏLƏKBƏR ZİYATAY

(1913-1982)

 

11. Azərbaycan şairi, tərcüməçi Ələkbər Həsən oğlu Cəfərovun anım günüdür. O, 1913-cü il dekabrın 21-də Gəncədə qulluqçu ailəsində doğulub. Yeddi illik şəhər məktəbini bitirib və orada inşaat texnikumuna daxil olub, daha sonra Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsil alıb. İnstitutu qurtaran il "Ədəbiyyat qəzeti" redaksiyasında poeziya şöbəsinin müdiri təyin olunub. Qiyabi Pedaqoji İnstitutda baş müəllim, Azərbaycan Sovet Yazıçıları İttifaqının Gəncə şöbəsində məsul katib, eyni zamanda Gəncə Pedaqoji İnstitutunda baş müəllim, iki illik və qiyabi pedaqoji institutlarda, partiya məktəbində müəllim, Azərbaycan Yazıçılar İttifaqının Gəncə filialında məsul katib olub. Gəncə şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında poeziya şöbəsinin müdiri işləyib. 1973-cü ilin dekabrında fərdi təqaüdə çıxan Ələkbər Ziyatay 1982-ci ilin iyulunda Bakı şəhərində dünyasını dəyişib.

 

 

XUMAR ZÜLFÜQAROVA

(1927-2017)

 

12. Azərbaycanın xalq artisti, rəqqasə, baletmeyster Xumar Rza qızı Zülfüqarova da bu gün xatırlanır. O, 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və Konsert Birliyinin ilk baş baletmeysteri olub. Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurub, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış edib, kinofilmlərdə rol alıb. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında rəqqasə qismində çıxış edib. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayaraq, 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. “Şöhrət” ordeninə layiq görülən Xumar Zülfüqarova 2 iyul 2017-ci ildə Bakı şəhərində vəfat edib.

 

 

ŞİKAR ASLANOV

(1970-1992)

 

13. Azərbaycanın Milli Qəhrəmanı Şikar Davud oğlu Aslanovun xatirə günüdür. O, 1970-ci il iyunun 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olub. 1987-ci ildə Süleymanlı kənd orta məktəbini bitirib. 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Tərxis olunduqdan sonra Cəbrayıl Rayon Daxili İşlər Şöbəsində post-patrul bölməsinə qəbul olub. 1992-ci ilin iyun ayında Xocavənd rayonunun Sur kəndində öz PDM-i ilə düşmənin neçə-neçə atəş nöqtəsini susdurub. Şikar Aslanov 1992-ci il iyulun 2-də “Şayaq” əməliyyatı zamanı həlak olub və doğulduğu kənddə dəfn edilib. Azərbaycan Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

# 1846
avatar

Oxşar yazılar