1684
09:09
24 İyun 2020

COVID-19-a görə ən çox hamilələrə diqqət olunmalıdır

Pandemiya dövründə hamilələrin daha çox risk daşıdıqları hər zaman vurğulanır. Mütəxəsslər pandemiyanın ilk günlərindən ana olmağa hazırlaşanları daha diqqətli olmağa, gigiyena qaydalarına riayət etməyə və vacib olmadığı hallarda evdən çıxmamağa, məsafə saxlamağa çağırırlar. Koronavirusa yoluxanların artdığı bir dövrdə bu tövsiyələr, çağırışlar daha da aktuallaşıb.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova hamilələlərin koronavirusla bağlı riskləri haqda yazıb. e-tibb.az həmin yazını təqdim edir:

Ruh dünyaya göndərilmədən öncə Tanrıdan soruşur: "Ey Tanrım! Məni dünyaya göndərirsən. Mənsə, oranı tanımıram, nə edəcəyimi, necə edəcəyimi bilmirəm, özümü qorumaqda acizəm!"

Tanrı isə ona cavab verir: "Sən dünyaya getdiyin andan etibarən, sənə bir mələk verəcəm. O, səni həmişə qoruyacaq, sənə hər şeyi öyrədəcək".
Ruh soruşur: "Onun adı nədir? Mən onu necə tanıyacağam?"
Tanrı cavab verir: "Sən onu ana çağıracaqsan!"
Bəli, gələcəyimiz olan körpələrimizi bətnə düşdükləri gündən qorumaq ilk növbədə hamilə xanımların, anaların işidir.
Pandemiya başlanandan hamımız yaşlıların, gənclərin, xroniki xəstəlikləri olanların vəziyyətindən danışır, məlumatlandırırıq. Amma mən bu dəfə diqqəti ana olmağa namizəd hamilə xanımların üzərinə çəkmək istəyirəm. Buna məni son zamanlarda etdiyim müşahidələr vadar edir. Övlad gözləyən analar COVİD-19-a qarşı ən çox diqqət etməli kateqoriyadır. Çünki onların bədənləri, immun sistemləri hamiləliklə əlaqədar zatən zəifləmiş olur. Onlar kənardan gələn virusa, özü də bu cür ciddi bir virusa qarşı sağlam insanlar qədər dözümlü ola bilmirlər. Həm də onlar özlərindən başqa əlavə bir can da daşıyırlar axı. Artıq neçə həftədir ki, xəstəxanamıza müraciət edən hamilələrin demək olar ki, hamısında ağır pnevmoniya ilə qarşılaşırıq. Onların çəkdiyi əziyyətlər, keçirdiyi hisslər dözülməzdir.
Bu dəfə mən bir həkim və bütün bunların canlı şahidi kimi hamilə xanımlara, ailəsində belə qadınlar olanlara səslənirəm:
Siz bizdən fərqli olaraq, öz sağlamlığınıza ikiqat cavabdehsiniz! Özünüzün və hələ doğulmamış körpənizin xətrinə çox ciddi qorunun! İmkan verməyin ki, koronavirus həm sizin, həm də gələcək körpənizin həyatına səbəb olsun! P.S.həyatda ən zəif yerim uşaqlardır... Günlərlə məsum, təmiz qoxularını unuda bilmədiyim və baxışları ilə dünyamızı ümud pəncərəsi edən körpələr...

Sağlam qalın.