2221
11:33
18 İyun 2020

Paşinyanın ayaqlar altına atdığı dəyərlər: Qərb niyə susur?

Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkəni siyasi repressiyalar ağuşuna alıb. Meydanlardan, necə deyərlər küçədən dövlət başına gətirilən Paşinyanın təcrübəsizliyi və siyasi səriştəsizliyi, deyəsən onun öz məntiqi sonununu yaxınlaşdırır. Paşinyan iqtidarından narazılıq o həddə çatıb ki, koronavirus qorxusu belə, insanları kütləvi etiraz aksiyalarından çəkindirmir. Özünü demokrat elan edən Paşinyan etirazçılara, hətta narazı deputatlara belə polis zorakılığı göstərməkdən çəkinmir.

Bu arada Ermənistan parlamenti “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Sarukyanın həbsi barədə Baş prokurorun ikinci müraciətini təsdiqləyib. Erməni KİV-nin verdiyi xəbərə görə, o, 2017-ci il parlament seçkilərində seçiciləri pulla ələ almaqda şübhəli bilinir.

Parlamentin iclasında Q.Ssarukyanın deputat toxunulmazlığı da ləğv edilib. Daha əvvəl qanunverici orqan Baş prokuror Artur Davtyanın onun məsuliyyətə cəlb edilməsi haqqında birinci ərizəsini qəbul etmişdi. Lakin A.Davtyan deputatın öz nüfuzundan istifadə edərək istintaqın gedişatına təsir göstərəcəyindən ehtiyat etdiyi üçün həbsinə icazə istəyib.

Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 2004-cü ildə yaradılıb. Hazırda partiya parlamentdəki 132 yerdən 25-nə sahibdir.

Partiya sədri ilə bağlı verilən qərara etiraz əlaməti olaraq Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilib. Hüquq-mühafizə orqanları narazı kütləyə dağılışmaq əmri verib, tabe olamayanlarla sərt davranılıb. Aksiyanı işıqlandırılan bir neçə jurnalist vəhşicəsinə döyülüb. Parlamentin binası qarşısına əlavə polis qüvvələri və suvuran maşınlar cəlb olunub.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları “Çiçəklənən Ermənistan” Partiyasının ölkə vilayətlərindəki ofislərində də axtarış aparıblar.

Bir sözlə, ölkədəki siyasi böhran diktatura rejimi ilə müşayiət olunur.

Hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və sair kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salındı. Onda belə bir sual yaranır: Qərb niyə susur?

Məsələ ondadır ki, bütün baş verən bu repressiyalara Qərbin demokratiya institutları heç bir reaksiya göstərmir, işğalçı ölkənin repressiyalarına qiymət vermirlər. Beləliklə, qlobal ictimai rəydə onun demokratik obrazının yaradılmasına xidmət göstərmiş olurlar ki, bu faktor da nəticə etibarilə Ermənistanın işğalçı yox, demokratik ölkə olması rəyinin yaradılmasına xidmət edir.

Millət vəkili Hikmət Babaoğlu bildirir ki, bu günə qədər nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın Ermənistandakı səfiri, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər. “Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi, dərahal ölkəmizə qarşı sistemli bir qarayaxma kampaniyası başladar, uzun müddət bunu gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurardılar. Ona görə də Qərbin demokratiya institutları üçün əgər doğrudan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə, mütləq Ermənistanda baş verənərə adekvat münasibət bildirməli, işğalçı olkənin diktatura rejimini ifşa etməlidirlər”.

Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.

Yəni pandemiya dövrü və siyasi böhran isə Ermənistanda vəziyyəti çox acınacaqlı hala aparıb çıxardacaq. Ölkənin bunun qarşısını almaq üçün nə güclü iqtisadiyyatı var, nə düzgün siyasət aparan lideri. Ermənistan böyük itkilər verəcək və bunu özləri də etiraf edirlər.