2644
15:38
12 İyun 2020

“İmkan verin işimizi görək” - AzTV-dən cavab

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) istənilən müraciətə, hətta qurum daxilində aparılan islahatlar və kadr siyasəti ilə bağlı istənilən fikirlərə, qeyri-obyektiv və qərəzli olsa belə, hər cür yanaşmaya cavab verməyə hazırdır. Niyə? İlk növbədə ona görə ki, biz ictimaiyyətə və bütün mediaya açığıq və gizli heç nəyimiz yoxdur. Ona görə ki, istər kadr siyasəti, istər texniki yenidənqurma, istərsə də verilişlərin forma və məzmununun yenilənməsi baxımından, tutduğumuz yolun doğru olduğunu dəqiq bilir və bu istiqamətdə sistemli, kompleks addımlar atırıq.

Yalnız 3 fakt:

1. AZTV-də əsaslı texniki yenidənqurma siyasəti həyata keçirilir və yeni mövsümdə 64 illik TV-nin nəhayət ki, həqiqətən HD formatına keçəcəyini hər bir tamaşaçı keyfiyyətli yayımda hiss edəcək. Həmçinin, qısa zaman ərzində yaşı, ən pis halda 30-35, ən yaxşı halda isə 15-20 ili ötmüş studiya və çəkiliş kameralarının yeniləri ilə əvəz olunması, ən müasir montaj avadanlıqlarının alınması istiqamətində addımlar atılır və artıq real nəticələr də var. Belə ki, bu gün AZTV-nin siyasi verilişləri (“Həftə” analitik-informasiya proqramı, “Hədəf” analitik proqramı, “Koronavirus İnfo” və s. verilişlər) İMX kassetlərindən deyil, birbaşa serverdən yayımlanır və yaxın gələcəkdə “Xəbərlər”in də HD yayımla serverdən təqdim olunması nəzərdə tutulur.

2. AZTV-də ciddi kadr islahatları aparılır. Qısa zaman ərzində TV təcrübəsi, müasir düşüncə tərzi və kreativ yanaşması ilə seçilən onlarla peşəkar kadr işə cəlb olunub. Təbii ki, kimlərinsə işə götürülməsi kimlərinsə işdən azad olunması deməkdir və burada təəccüblü heç nə yoxdur. Amma təəssüflər olsun ki, bəzi əməkdaşlar 30, 40, 50 illik əmək təcrübələrini əsas gətirib yeniliklə barışmaq, yeni tələblərlə ayaqlaşmaq istəmir, iş təcrübələrinin çoxluğunu “toxunulmazlıq statusu” kimi qavrayırlar. Anlamaq lazımdır ki, artıq köhnə düşüncə tərzindən, dedi-qodu yaratmaq, sözbazlıqla məşğul olmaq, atılan hər addımın müqabilində rüşvət almaq kimi bayağı, çürümüş və xəstə yanaşmalardan xilas olmaq lazımdır. Nəhayət, onu da anlamaq lazımdır ki, bu gün AZTV-də yalnız vizual deyil, daxildə düşüncə tərzinin dəyişdirilməsi, yaradıcı, səmimi və sağlam ab-havanın yaradılması baxımından sistemli addımlar atılır və bu istiqamətdə həm daxildən, həm də xaricdən ümumi işə maneə olmaq sadəcə ağılsızlıqdır.

3. AZTV-də yeni, müasir və maraqlı format dəyişikliyinin şahidi olmaq üçün sadəcə 10 dəqiqə ekran qarşısında əyləşmək, düşünürük ki, kifayətdir. Hər gün onlarla tamaşaçı zəngləri, məktublarında əsasən 1 söz qeyd edilir: “AZTV dəyişib, baxımlı və məzmunlu, dinamik olub”. Bəli, AZTV dəyişib. Düşünürük ki, TV daxilində aparılan yenidənqurma işlərinə vicdanla, obyektiv, qərəzsiz yanaşan hər kəs bunu etiraf edə bilər və etiraf etməlidir də. Niyə? Çünki AZTV dövlətin, xalqın kanalıdır. Orada reallaşan müsbətə doğru istənilən dəyişiklik isə kiminsə hünəri və ya zəfəri deyil. Bu, dövlətin və xalqın zəfəridir. Bu, gecə-gündüz bilmədən, yorulmadan çalışan komandanın (komanda deyəndə köhnə və yeni əməkdaşlar nəzərdə tutulur – red.) uğurudur və bir nəfərə, yaxud kiməsə görə əldə olunan uğurları ləkələmək, qaralamaq, yumşaq desək, mədəniyyətsizlikdir.

Bu siyahını uzatmaq da olar. Lakin lüzum görmürük. Çünki AZTV olaraq həyata keçirilən bütün siyasəti, atılan bütün addımları işimiz, peşə borcumuz və vətəndaş olaraq vəzifəmiz bilirik. Reklama ehtiyacı olmayan VƏZİFƏMİZ.... Əgər qeyd edilən 3 istiqamətin birini belə yalan hesab edən kimsə varsa, buyurub TV-yə gələ, görülən işləri öz gözləri ilə görə bilər. Çünki “danos yazmaq” da köhnəlik əlamətidir, cənablar. Yox, əgər razısınızsa və daxildəki vicdan səsi “doğrudan da dəyişib” deyirsə, o zaman hansı haqla kimsə ümumi işi qaralamağa çalışır? Kimsə öz ağıl və düşüncə səviyyəsindən çıxış edib başqasını rüşvətdə, qeyri-peşəkarlıqda, yalan danışmaqda ittiham edir? “Bizi bizdən çox istəyən” həmin şəxslərə demək istərdik ki, ayıbdır.

Tanınmış diktor Gülşən Əkbərovanın müraciətinə gəlincə...

1. İlk növbədə onu demək istərdik ki, özünü peşəkar hesab edən kəs başqası haqqında fikir bildirəndə ümumi etik qaydaları aşmaz, ən azından, ƏDƏB, TƏRBİYƏ və MƏRİFƏT normalarına riayət edər, təhqirə yol verməz. Təəssüflər olsun ki, yaşının bu çağında peşəkar diktorumuzdan bunu görmədik.

2. Müraciətdə çəkilən adların və deyilən sözlərin heç biri həqiqəti əks etdirmir. Veteran diktorun işdən azad olunması barədə qərarı sədr şəxsən özü verib və bu zaman kollektiv, konkret G.Əkbərova ilə çalışan əməkdaşların fikri əsas götürülüb və bu barədə həmin şəxsə ünvanlanan məktubda da yetərincə məlumat verilib.

3. Hazırda AZTV-də 170-dən artıq təqaüd yaşını ötmüş şəxs çalışır və bu günə kimi onlardan 60 nəfəri ilə (yalnız G.Əkbərova ilə deyil – red.) əməkdaşlıq müqaviləsinə xitam verilib. Digərləri isə hər gün işinin başındadır.

4. AZTV-də əməkdaşlara yalnız yaşına görə deyil, həm də peşəkarlığına və ortaya qoyduğu real, keyfiyyətli işlərə görə qiymət verilir. Əgər kimsə 30-40 illik əmək təcrübəsinə güvənib öz işinin söz aparıb-gətirmək və ya intriqa yaratmaqdan ibarət olduğunu düşünürsə, işdən azad olunur.

5. G.Əkbərovanın diqqətinə çatdırmaq istərdik ki, AZTV-də rəhbərlik dəyişəndən sonra ilk iclas məhz veteranlarla keçirildi və veteranlara müddətsiz xidməti vəsiqələr verildi, onların bəziləri işə cəlb olundu və bu gün veteranlarımız əsasən QSC-nin Teleradio Akademiyasında müəllim, kafedra müdiri vəzifəsində çalışırlar.

6. Konkret G.Əkbərovaya gəlincə, onun videomüraciətdə özünün də etiraf etdiyi kimi, bütün baş verənlərə rəğmən TV-də fəaliyyətini bərpa etmək üçün lazımi şərait yaradılıb, sədr müavini Rafiq Həşimov onunla görüşüb və bir neçə dəfə telefon əlaqəsi saxlayaraq sədrin sözlərini, iş təklifini ona çatdırıb. Lakin G. Əkbərova həmin təklifin müqabilində “Mədəniyyət” kanalının direktor müavini olmalıyam” və “1500 manat məvacib almalıyam” kimi konkret şərtlər irəli sürüb. Düşünürük ki, bütün bunlardan sonra xanım diktorun AZTV rəhbərliyini nədəsə ittiham etməsi sadəcə gülüncdür və onun doğma ocaq hesab etdiyi TV-yə konkret şərtlər daxilində qayıtması da müraciətdə yer alan fikirlərin “səmimiliyinə” yetərincə aydınlıq gətirir.

7. Üstəlik, hazırda G. Əkbərovanın qızı AZTV-də proqram direktorluğunda şöbə müdiri vəzifəsindədir və hər hansı qərəzdən söhbət gedirsə, yəqin ki, bu müddət ərzində həmin adamın vəzifədə qalması da mümkünsüz olardı.

Sonda isə AZTV-ni və ya sədri, eləcə də konkret əməkdaşları rüşvətdə, haqsızlıqda, qanunları pozmaqda, dövlət vəsaitini yeməkdə ittiham edənlərin nəzərinə! Sizdən artıq dərəcədə xahiş edirik, əgər əlinizdə tutarlı faktlar varsa, özünüzü haqlı hesab edirsinizsə, hüquqlarınız pozulubsa, birbaşa məhkəməyə müraciət edin. Bunu biz sizdən XAHİŞ EDİRİK. Yox əgər gücünüz yalnız boş, mənasız, cəfəng və məntiqsiz, qərəzli fikirlərə çatırsa, həyatda başlıca missiyanızı maşa obrazında görürsünüzsə, ünvanı səhv seçmisiniz. Çünki bizim bu ittihamlara, qarayaxma kampaniyasına cavab verməyə nə vaxtımız, nə də həvəsimiz var. İmkan verin İŞİMİZİ GÖRƏK...