Baş gicəllənməsi nədən yaranır?
03 iyun 2020 09:09 (UTC +04:00)

Baş gicəllənməsi nədən yaranır?

Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim Elnur Əkbərov e-tibb.az üçün yazdı:


Ətraf mühitdə yerimizi və hərəkət koordinasiyamızı tənzimləyən müvazinət sistemi təkamül prosesinin ən aşağı pillələrindən öz inkişafına başlayıb. Sistem, 2 əsas komponentdən ibarətdir: mərkəzi və periferik. Mərkəzi komponent-baş beyində, periferik komponent-daxili qulaqdadır. Bəhs edilən sistem patologiyalarının əsas əlaməti baş gicəllənməsidir.

Yazımızın predmeti məhz periferik müvazinət sistemi xəstəlikləridir. Aparılan araşdırmalara əsasən periferik mənşəli baş gicəllənməsi ümumi baş gicəllənmələrin əksəriyyətini təşkil edir. Bu kateqoriyadan, xoşxassəli paroksizmal pozisiyalı baş gicəllənməsi (XPPB, ing:BPPV), vestibulyar nevrit, labirintit, Menyer xəstəliyi və s. adını çəkmək olar. Bəhs edilən xəstəliklərin ortaq əlaməti baş gicəllənməsi olsa da, bir çox fərqli cəhətləri də var. Bunlardan: ümumi halsızlıq, səndələmə, ürəkbulanma, qusma, dayanıqsızlıq, yüksələn bədən hərarəti və s. qeyd etmək olar.

XPPB, daxili qulaqda yerləşmiş olan mikroskopik kristalların istinad nöqtələrindən qopmaqla daxili qulağın bir komponenti olan yarımdairəvi kanallara düşməsi nəticəsində baş verir. Son dövrlərə kimi, bu xəstəlik nevropatoloqlar tərəfindən, uzunmüddətli müxtəlif növ dərmanlarla, çox zaman uğursuz müalicə edilsədə xəstəliyin əsl səbəbi aşkarlandıqdan sonra müxtəlif manevrlərlə (hərəkətlərlə) müalicə olunmağa başlanmışdır. Baş gicəllənməsini səciyyələndirən xüsusiyyət-qısa müddətli (bir dəqiqəyə qədər) olması və müəyyən hərəkətlərlə tətiklənməsidir. Diaqnoz, periferik müvazinət sistemini provokasiya edəcək testlərin nəticəsində görülən göz hərəkətlərinə əsasən qoyulur. Prosesin hansı yarımdairəvi kanalda getdiyinə müvafiq olaraq müalicə manevri icra olunur. Əksər hallarda tək seansla sağalma əldə olunsa da, bəzən boyun hərəkətləri məhdud insanlarda 2-3 manevr icra etməyə ehtiyac qalır.

Vestibulyar nevrit-müvazinət və eşitmə kəllə sinirində iltihabi dəyişiklik nəticəsində meydana gəlir. Adətən müvazinət pozulması ilə bərabər-qulaqda küy, eşitmə zəifliyi və s. şikayətlər müşahidə olunur. Baş gicəllənməsinin əsas xüsusiyyəti-uzun müddət (bir neçə gün), artıb-azalan templə davam etməsidir. Bütün nevritlərdə olduğu kimi, müalicə yataq rejimi, sinirqoruyucu (neyroprotektor) və qan dövranını gücləndirən preparatlar və s. həyata keçirilir. Kliniki sağalma ortalama olaraq 15-20 gündə əldə olunur.

Labirintit, daxili qulağın iltihabi xəstəliyi olmaqla kataral (irinsiz) və irinli formada təzahür edir. Əksər hallarda, davamlı baş gicəllənməsi ilə yanaşı yüksək bədən hərarəti, ümumi halsızlıq, bəzən isə huşsuz vəziyyətlə müşahidə olunur. Müalicə stasionar şəraitdə (xəstəxanada), intensiv şəkildə geniş spektrli antibiotiklərlə aparılır. Əksər hallarda sağaldıqdan sonra eşitmə zəifliyi qalıcı xarakter daşıyır.

Qeyd etdiyimiz patologiyalar baş gicəllənməsinə səbəb olan ən çox rastlananlardır. Görüldüyü kimi, ortaq əlamətlərin şiddəti, müddəti və rastlanma tezliyinə görə bu xəstəliklərin arasında ilkin fərqləndirməni aparmaq mümkündür. Lakin, əlamət meydana gəldiyi ilk andan, uğurlu nəticə əldə etmək üçün mütəxəssis baxışı mütləqdir.

 

# 7885
avatar

Oxşar yazılar