25 may Qalxanabənzər Vəzi Günüdür
25 may 2020 18:00 (UTC +04:00)

25 may Qalxanabənzər Vəzi Günüdür

Hər il mayın 25-i Dünya Qalxanabənzər vəzi günü (Tiroid vəzi günü-World Thyroid Day) günü kimi qeyd olunur.

e-tibb.az xəbər verir ki, bu günün qeyd olunmasının əsası 2009-cu ildə qoyulub. Günün təsis olunma təşəbbüsü qalxanabənzər vəzini və onun problemlərini öyrənən Avropa Tiroid Assosiasiyası (European Thyroid Association) tərəfindən irəli sürülüb. Azərbaycanda bu gün 2013-cü ildən qeyd olunmağa başlayıb. Belə bir günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Qalxanabənzər vəzi boğazın önündə, qırtlaqdan bir qədər aşağıda yerləşən 20-25 qram ağırlığında olan kiçik, amma orqanizmin ən böyük daxili sekresiya vəzisidir. Sekresiya vəziləri içərisində ən əsas funksiyanı daşıyan vəzilərdən biri sayılır.

Qalxanabənzər vəzi tiroid hormonları ifraz edir. Bu hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir-maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. İnsan bu mühüm hormonların təsiri olmadan yaşaya bilməz.

Qalxanabənzər vəzin xəstəlikləri zamanı onun hormonlarının səviyyəsinin həm artması, həm də azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir. Mütəxəssislər bildirir ki, qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Tiroid hormonları (T3 və T4) orqanizmin əsas mübadiləsində iştirak edir. Mübadilə zamanı əldə edilən enerji ürək əzələ yığılmasına, sinir impulslarının ötürülməsinə, bağırsaq peristaltikasına və bu kimi digər həyati vacib proseslərə sərf olunur. Bu proseslərin aktivliyi qalxanvari vəzin hormonları tərəfindən idarə olunur. Xalq arasında qalxanvari vəzin bütün xəstəliklərinə “zob” deyilir. Amma qalxanvari vəzi xəstəliklərinin hər birinin öz adı var. Zob isə qalxanvari vəzin böyüməsini ifadə edir. Azərbaycanca “ur” adlandırlan bu prloblem əhali arasında geniş yayılıb. Ümumiyyətlə, şəkərli diabetdən sonra endokrin orqanların patologiyaları arasında qalxanabənzər vəz xəstəlikləri rast gəlmə tezliyinə görə ikinci yeri tutur. Dünyada qalxanabənzər vəz xəstəliklərindən 200 milyondan çox insanın əziyyət çəkdiyi bildirilir.

Saç tökülməsi, dırnaqlarda kövrəklik, dəridə quruluq, halsızlıq, yorğunluq, artıq çəki, eləcə də çəki itkisi, yuxululuq, süstlük, depressiya, oynaqlarda ağrı, yaddaş zəifliyi, əsəbilik, ağlağanlıq, səbrsizlik, temperaturun artması, tərləmə, gözlərdə bərəlmə, ürəkdə döyünmə, yüksək təzyiq qalxanabənzər vəzi xəstəliklərinin əlamətləri sayılır. Bu əlamətlər olarsa, qanda qalxanabənzər vəzin hormonları yoxlanması, ultrasəs müahyinəsi tövsiyə olunur.

# 3649
avatar

Oxşar yazılar