15:37
21 May 2020

“Deyirlər ki, pulsuz baxım, sonra da altına söyüş yazım” – Kinoçəkənlərimizin yaralı yeri

Son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da onlayn film izləyənlərin sayı artıb. Bunun əsas səbəbi mövcud vəziyyət, yəni koronavirus səbəbi ilə yaranan karantin rejimidir. İnsanlar Netflix, Amazon Prime, BluTV, PuhuTV, Filmbox Live və bu kimi bir çox film platformalarına müəyyən məbləğdə aylıq ödəniş edərək üzv olur, ən son çəkilən film və serialları izləyirlər.

Bu yerdə ortaya maraqlı suallar çıxır. Niyə bizdə Türkiyədə, yaxud dünyanın bir çox ölkələrində olduğu kimi film platforması yoxdur? Bunun üçün tələb olunan nədir?

Tanınmış aktyor Elməddin Cəfərov Lent.az -ın sualına cavabında deyir ki, Azərbaycan izləyicisinin psixologiyası hələ buna hazır deyil:

“Hələ ki bu şeylər bizlik deyil. Bir neçə dəfə yaratmağa cəhd olundu, amma alınmadı. Bizim insanlarda “youtubda olanda baxaram” düşüncəsi var. Bir misal çəkim. Elə Netflixin özündə araşdırma aparsanız görərsiniz ki, ən az qeydiyyatdan keçən biz azərbaycanlılarıq. Bizdə deyirlər ki, pulsuz baxım, sonra da altına söyüş yazım. Yəni bizimkilər pulsuz təqdim olunan materiala belə xoş yanaşmırlar, o ki qala pullu filmlərə”.

Söhbətimizi aktyor Azər Aydəmirlə davam etdik. Aktyor belə platformaların yaradılması üçün çox sayda film və serial çəkilişlərinə ehtiyac olduğunu söylədi:

“Əslində, bu sahədə görüləcək işlər çoxdu. Belə bir platformanın yaradılması çoxdan lazımdır. Bilirik ki, bu platformalar internet üzərindən yayımlanır. Amma bunun yaradılması üçün ilk olaraq kütləvi formada filmlər, seriallar çəkilməlidir. Yeni tamaşalar qurulmalıdır. 30-40 ildir oynanılan, tamaşaçının doyduğu tamaşalar yox. İlk olaraq bunları bərpa etmək lazımdır. Sayını çoxaltmaq və keyfiyyətli iş ortaya qoymaq üçün şərait yaratmaq lazımdır. Sonra platforma qurmaq işin ən asan tərəfidir. Düzdü, bu gün yeni-yeni filmlər çəkilir. Amma lazım olan platforma üçün bunlar yetərli deyil. Buna görə də görünən odur ki, hələ ki, bizə film platforması lazım deyil. Əslində indidən həmin platforma yaradılmalı və diqqət çəkən bir ad da qoyulmalıdır. Mövcud filmlərimizi, seriallarımızı da gözəl tərtibatla yayımlamaq olar ki, bizim belə bir film platformamız var. Yəni qısacası tanıtmaq. Bundan sonra daha həvəsli çalışaraq yeni işlər də ərsəyə gətirmək olar. Şəxsən mən özüm 4 ildir çalışıram ki, mövsümi yayımlanan seriala çəkilim. Yəni ümumiyyətlə, belə bir serial çəkilsin. Amma təəssüf ki, indi gündəlik efirə gedən serial maraqdadır”.

Gülüş ustası, aktyor Fərda Xudaverdiyev isə bu fikirlərlə razı deyil:

“Yox, mən deməzdim ki, bizdə yetərincə film yoxdur. Serial baxımından kasıbçılıq ola bilər. Buna görə də, düşünürəm ki, bizim ölkədə də ödənişli platformaların olması çox yaxşı olardı. Çünki platformanın olması bu sahədə canlanma yaradacaq və film çəkilişlərinə sövq edəcək. Ödənişli əsaslarla olduğuna görə yaradıcı insanlar daha həvəsli işə başlayacaq və keyfiyyətli işlər ərsəyə gətirəcəklər. Mən belə düşünürəm ki, öncə film platforması yaradılmalıdır ki, bu sahədə canlanma yaransın. Çünki bəlli bir kinoteatr tamaşaçı kütləmiz var ki, ümumilikdə götürüləndə 60-70 min civarındadır. Müşahidələrimiz də onu göstərir ki, bu say o zaman 100-150 min olur ki, bir adam eyni filmi bir neçə dəfə izləyir.

Bizi izləyən həmyerlilərimiz var ki, dünyanın ayrı-ayrı ölkələrində yaşayırlar. Və bu gün onlar bizə yazıb müraciət edirlər ki, filmləri haradan, necə izləyək? Şəxsən mənim üzə çıxmayan bir sıra filmlərim, “st-up” ım var. Nə telekanallarda nümayiş olunub, nə də “Youtube”-a yerləşdirilib. Bunlar kimi nə qədər belə film var ki, üzdə deyil , amma izləmək istəyənlər var. İnsanlar evlərində oturub, 1-2 manat ödəyərək rahat izləmələri üçün belə bir platformanın yaradılması mütləqdir. Əlbəttə, bu həm də inkişafdır. Çünki burada seçim üçün filmlər çoxdur. Tamaşaçı istədiyi vaxt seçim edərək film izləyə bilir. Bu da rəqabət yaradır. Mən ümid edirəm ki, yaxın zamanda film platforması Azərbaycanda da yaradılacaq və biz də yaradıcı işlərimizi rahatlıqla yerləşdirə biləcəyik”.

Aktyorlarımızı dinlədikdən sonra istədik ki, bu məsələdə rejissorların da fikrini öyrənək. Belə ki, bir çox seriallara imza atmış, tanınan rejissor Rövşən İsax da film platformasını yaratmazdan öncə lazımi qədər materialları hazır etmək lazım olduğunu dedi:

“Belə bir platformanın yaradılması, təbii ki, yaxşı olardı. Amma bunun yaradılması üçün ən əsası keyfiyyətli iş lazımdır. Bununla yanaşı, bizdə istehsal olunmuş keyfiyyətli filmləri üzə çıxarmaq lazımdır”.

Aktyor-rejissor Kamal Yaşar deyir ki, Azərbaycanda film platforması var, amma:

“Təbii ki, yaradılması yaxşı olardı. Amma bizdə həmin bazar yoxdu axı. Kütləvi baxış sayı yoxdur. Axı əhali sayı da azdır. Ona görə də film istehsalına yatırılan pul geri qazanılmır. Bax biz filmi çəkəndə hesablayırıq ki, Azərbaycanda film bazarının alıcısı ortalama 120 min civarındadır. Bu ümumi rəqəmdir. Bütünlüklə ölkə üzrə 120 min potensial kinoteatra gedən adam var. Bu sayı bilet sayına vuranda nəticə olaraq filmin çəkilişi üçün qoyulan pulu çıxartmır. Ona görə də bizdə böyük büdcəli filmlər heç vaxt çəkilməyəcək. Bu tip kino platformalarının açılması da məhz ona görə sərf eləmir. Çəkilən filmləri satmaq mümkün olmayacaq. Çünki alıcısı yoxdur. Açığı, heç kim Netflixi qoyub, Azərbaycanda yaradılan platformaya pul qoyan deyil. Amma onu da deyim ki, bizdə “tvseans.com” var. Burada xarici filmlər dublyaj olunur. Bu platformada ödəniş illikdir. Həm də ucuzdur. İllik ödəniş 20 manat. Burada məhdud sayda bizim filmlərə də rast gəlmək olur”.

Hə, bütün bu açıqlamaları dinlədikdən sonra belə nəticəyə gəldik: əslində, hamı - aktyorlar və rejissorlar Azərbaycanda onlayn film platformasının yaradılmasının tərəfdarıdır. Amma hələ ki, ortaya qoyulacaq nə platforma var, nə də ki, platformaya qoyulacaq filmlər, seriallar.

Qeyd edək ki, Netflix-də aylıq abunə qiyməti 9 dollar ilə 16 dollar arasında dəyişir. Onun rəqibləri olan Disney+, Apple+ və Hulu isə daha aşağı qiymət təklifləri ilə çıxış edirlər. Məsələn, istifadəçilər adıçəkilən xidmətlərə abunə üçün aylıq cəmi 5-7 dollar arası ödəniş etməlidirlər. Blutv isə aylıq ödənişini 2 dollara yaxın olaraq təklif edir.

Lamiyə Məmmədova

Dİgər xəbərlər