Nizami Muzeyinə 5 dildə ekskursiyalar təşkil olunur
22 aprel 2020 13:25 (UTC +04:00)

Nizami Muzeyinə 5 dildə ekskursiyalar təşkil olunur

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi  xüsusi karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərir.

AMEA-dan Lent.az-a verilən məlumata görə, muzeydə insanlarla təmasları qiyabi olsa da, mütəmadi şəkildə davam etdirə bilmək üçün bir sıra yeni layihələr həyata keçilir. Həmin layihələrdən biri də “Nizami muzeyinin zallarına videoekskursiyalar” adlanır. Sözügedən layihə sayəsində istər yerli, istərsə də xarici vətəndaşlar mövcud şəraitdə evlərində qalaraq Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təcrübəli bələdçilərinin müşayiəti ilə bu qurumla yaxından tanış ola biləcəklər.

5 dildə – Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində bələdçilərin söhbətlərini dinləyən tamaşaçılar muzeyin zalları, eksponatları, əlyazmaları, arxeologiya nümunələri, miniatürləri, xalçaları, memarlıq abidələrinin maketləri barədə məlumat ala, eyni zamanda, kamera vasitəsilə onları canlı olaraq izləyə bilərlər. 
Videoekskursiyaları izləyənlər Azərbaycanın qədim mədəniyyət beşiyi Qarabağda yerləşən Azıx mağarasından başlayaraq, III-VII əsrlərə aid maddi mədəniyyət nümunələri, Dədə-Qorqud dövrünün arxeologiyası, coğrafiyası, musiqi mədəniyyəti, IX-XIII əsrlər Azərbaycan ədəbiyyatının və fəlsəfi fikrinin yüksəlişini göstərən rəsm əsərləri, qədim kitablar, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqa klassiklər barədə məlumatlar əldə edə bilərlər.

Videosəyahətlər ədəbiyyatı sevən insanlarla yanaşı, muzeyin daimi qonağı olan orta məktəb şagirdləri üçün də xüsusi əhəmiyyət daşıyır. Hazırda distant təhsil elementlərinin geniş tətbiq edildiyi dönəmdə Nizami muzeyinin bu layihəsi videoeksursiyaların da tədris prosesində istifadəsinə əlavə bir köməkdir.

Muzeyin “Youtube” kanalında və rəsmi nizamimuseum.az veb-saytında yerləşdirilmiş videoekskursiyalar tamaşa edənlərə bütün bunları rahat seyr etmələri üçün ayrı-ayrı hissələrə bölünüb. Hər bir zal, böyük ədəbi şəxsiyyət, bəzən isə zəngin tarixi olan hansısa qiymətli eksponat ayrıca bir süjetdə təqdim edilir. Qeyd edək ki, ana dilimizdən başqa, daha 4 dildə aparılan bu videoekskursiyalarda klassiklərimizin əsərlərinin ingilis, rus, fars və ərəb dillərinə ən uğurlu tərcümələrindən də hissələr yer alır.

# 1823
avatar

Aygün İbrahimli

Oxşar yazılar