17:17
20 Aprel 2020

Evdən iş : ev işləri ilə ofis işini necə balanslaşdırmalı?

Uzaqdan işləmə bizə bəzi bonuslar verir – ofisə get-gələ vaxt itirmir, cədvəlimiz daha rahat olur, kompüterin arxasında yoqa üçün lasinlərdə də otura bilərik. Bundan yaxşı nə ola bilər? Lakin evdən işləmək kimi təcrübəniz yoxdursa, indi başa düşəcəksiniz ki, iş məsuliyyəti ilə şəxsi həyatınız arasındakı tarazlığı qorumaq asan məsələ deyil.

Uzun müddət freelanser və bloger fəaliyyətilə məşğul olduğumdan bu işdə bir az təcrübəliyəm, deyə bilərəm. Müşahidələrimdən çıxardığım nəticələri sizinlə də paylaşmaq istərdim.

Evdən işləyəndə həyat və iş arasındakı sərhədlər silinir. Öz istəklərinizi tamamilə unudursunuz və yalançı məhsudarlıq uğrunda, əldən düşənədək işləməyə davam edirsiz.

Bu hər dəfə bir cür olur:

· Görüləsi işlərdən daha birini həll etməyə qalxırsız və məlum olur ki, bu bir neçə saatınızı alır.

· Televizor önündə oturub elektron məktubları cavablandırısız, hərçənd artıq dincəlmək vaxtıdır.

· Ailə içində olsaz belə, qeyri-iş saatında iş barədə düşünürsüz.

Bu yol sizi uçuruma aparar!

Evdə işləmək professional baxımdan məmnunluq gətirsə də, tədqiqatlar göstərir ki, bu rejimdə calışanlar tələb olunduğundan artıq vaxt və güc sərf edirlər.

Koronovirus pandemiyası elan olunandan çoxları evdən işləməyə başlayıb. Və bu dəyişikliyə uyğunlaşmaq lazımdır.

“Ofisdən” çıxmaq imkanı yoxdursa, işlərdən necə ayrılmaq olar? Balansı saxlamaq üçün bir neçə yol var:

Anladım ki - Gözləntiləri dəyişməliyəm

Həftə içi iş günlərində ofisdə hər gün ən az 2-3 saatı boş keçirdiyimizi bilirik. Məsələn: iş yoldaşlarımızla söhbət, rəhbərliyin qəbulunda və ya öz otağımızda direktorla müzakirələr, qəbulumuza gələn qonaqlar, ofisə daxil olan zənglərə sərf olunan dəqiqələr indi evdə ikən itmir və buna görə biz tapşırığın öhdəsindən qısa müddətdə gələ bilirik.

Ona görə də özümüzə qarşı tələblərə göz gəzdirməliyik. İndi artıq həftədə 40 saat işləmək məcburiyyətində deyilik. Əgər 8 saatlıq işi 4 saata yerinə yetirmişiksə özümüzü buna görə günahkar hiss etməməliyik.

Anladım ki - Yuvarlaqlaşdırmaq lazımdır

Ofisdə günün axırı həmkarlar evə dağılışmağa başlayanda iş saatının bitdiyini anlayırıq. Evdə belə işarələr yoxdur deyə zəngli saatdan istifadə edə bilərik ki, bu iş saatının bitməsinə 30 dəqiqə qalmış bizə zamanı xatırlatsın. Xatırlatsın ki, dincəlmək vaxtıdır!

Anladım ki - Kompüteri söndürmək lazımdır

Adi səslənsə də deməliyəm, sadəcə səhifələri bağlayanda internetdə vaxt itiririk. Bir də, işlə bağlı bütün aplikasiyaları telefondan silmək lazımdır. Bu daha çox psixoloji aspekt daşıyır. Fikrimizi işdən yayındırmaq üçün.

Anladım ki - Öncədən plan qurmaq kömək edir

Beynimiz tapşırıqlar və həllini gözləyən məsələlərlə dolu olanda iş ab-havasından çıxmaq olmur. Ona görə də işi vaxtında bitirmək üçün 5-10 dəqiqə sərf edib sabaha 3 əsas işimi müəyyən edirəm. Bu məni arxayın edir ki, prioritet məsələlər diqqətdən kənarda qalmayıb və beynim rahatlaşır.

Anladım ki - İş gününün sonu üçün bir ritual təşkil etmək lazıdır

Məsələn:

· Duş qəbul etmək

· Paltarı dəyişmək

· 5 dəqiqə meditasiya etmək

· Sabahın planını qurmaq

· Daxil olan məktublara göz atmaq

· İş otağını səliqəyə salmaq

Anladım ki - Ötən günün nəticəsini çıxarmaq lazımdır

Yaxşı günlə pis günün fərqini tək özümüz bilirik. Günümüzün professional inkişaf baxımından dəyərləndirilməsini obyektiv şəkildə həyata keçirmək vacibdir. Bəziləri qiymətləndirməni belə edir: yaxşı/pis/qəhrəman

Qiymətləndirmədə ailəmiz bizə köməklik edə bilər.

· “Yaxşı” – uğuqlu olub sizi sevindirən

· “Pis” – uğursuz olub , kefinizi pozan

· “Qəhrəman” – özünüzlə qürur duyduğunuz gün

Anladım ki - Əl işi görmək olar

İçini yeyən adamlar fikrini dağıtmaq üçün hissiyyat orqanlarına təsir edən məşğuliyyət tapmalıdırlar. Xörək bişirmək, tikiş tikmək, toxumaq, gündəlik tutmaq, yoqa ilə məşğul olmaq belə məşğuliyyət ola bilər.

Anladım ki - Qarşıma başqa tapşırıqlar qoymalıyam

Nə etdim? İşi vaxtında bitirmək üçün fərqli öhdəliklər götürdüm. Dostlarımla, xaricdə yaşayan bacımla videozənglə görüşmək, övladlarımla oyunlar oynamaq, həyat yoldaşınızla stolüstü tennislə məşğul olmaq və s. üçün vaxt təyin etdim.

Anladım ki - Ev işlərini məhdud vaxtda görməliyəm

Sərbəst vaxt tapan kimi özümüzü ev işlərinin ağuşuna atardım. Unudardım ki, dincəlməliyəm. Autsors xidmətlərdən istifadə edə bilmiriksə, ev işlərinə konkret dəqiqələr ayırmalıyıq. Ortalığı toplamağa 20 dəqiqə, yemək bişirmək 30 dəq vəssalam.

Anladım ki - Tükənmə siqnallarını görməzdən gəlməməliyəm

Enerji tükənmək üzrə olanda davamlı stressə fərqli reaksiya vermək olur. Bura baş ağrısı kimi fiziki, işə mənfi münasibət kimi emosional simptomlar daxildir. Nəticədə çanaq ailə üzvlərinzin başında çatlayır. Və ya siz dəymə düşər olub, hər sözdən inciməyə, hirslənməyə başlayırsınız. Bu həddə çatmadan özünüzə vaxt ayırıb dincəlmək şərtdir.

Əlbəttə, yaşadığımız günlər asan deyil. Amma hər vəziyyət kimi, bu durumun da özümüz üçün müsbət tərəflərini axtarıb tapmağı bacarmağı hər birimizə arzu edirəm.

Pr və Kommunikasiya üzrə mütəxəssis Günay Əkbər

Dİgər xəbərlər