705
13:40
20 Aprel 2020

Ağsaqqallar və veteranlardan Prezidentə dəstək: "Ümid dövlətimizə və Sizədir"

İsmayıllı və Pirallahı rayon Ağsaqqallar Şuralarının sədrləri və Nərimanov rayon müharibə, əmək və silahlı qüvvələr veteranları Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıblar. Məktubda koronavirus pandemiyasının Azərbaycanda yayılmasına qarşı görülən tədbirlərə, virusa yoluxanların müalicəsinə, sahibkarlara, sosial həssas ailələrə, eləcə də sadə insanlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı minnətdarlıq edilir. Lent.az həmin məktubları təqdim edir:

Valeh Salehovdan, İsmayıllı

- Möhtərəm cənab Prezident.

Biz – İsmayıllı ağsaqqalları dünyanı bürüyən koronavirusa yoluxmamaq üçün evdə qalmaq tələbinizi mütləq şəkildə yerinə yetiririk. Sizin milli köklər üzərində bərqərar olan rəhbərliyiniz sayəsində dövlət bizim hər qayğımızı çəkir. Həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi, pandemiyaya qarşı mübarizədə də Azərbaycanı çox ölkələrdən fərqləndirən Sizin müdrik rəhbərliyiniz, xalqımıza tükənməz sevginiz, ölkəmizin taleyi üçün hamıdan çox məsuliyyət daşımağınızdır. Ölkə iqtisadiyyatının bu acınacaqlı vəziyyətdən minimum itki ilə çıxması üçün Siz ən səmərəli tədbirlər həyata keçirməklə yanaşı, həm də mövcud resursları insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldirsiniz.

Fəxr edir, qürur duyur və bu çətin anlarda sevinirik ki, rəhbəri olduğunuz, əbədi müstəqilliyə çatmış Azərbaycanın vətəndaşlarıyıq. Pənah Allaha, ümid dövlətimizə və Prezidentimizədir.

Hörmətli cənab Prezident, evdə qalmışıq, lakin ictimai fəallıqdan qalmamışıq. Yaxşı görürük ki, Sizin sərəncam, göstəriş və tövsiyələriniz İsmayıllı rayonunda da geniş miqyasda həyata keçirilir. Ehtiyacı olan hər bir ailə Sizin diqqət və qayğınızın ünvanıdır.

Bütün bunlara görə Sizə minnətdarıq. Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun.

Dərin hörmət və ehtiramla,

Salehov Valeh, İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri,

İsmayıllı rayonu

***

Fazil Məhəmmədovdan, Bakı

- Möhtərəm cənab Prezident.

Xalqımızın bütün dünyanı bürümüş koronavirus infeksiyasından qorunması məqsədilə qəbul etdiyiniz qərarlar və həyata keçirdiyiniz məqsədyönlü tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da sakinlər tərəfindən, o cümlədən yaşlı nəslin nümayəndələri tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Sizin bununla əlaqədar xalqa müraciətinizdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız bütün kateqoriyadan olan insanları bir araya gətirdi. Vətənini, millətini sevən hər bir azərbaycanlı Sizi örnək götürərək, bu çətin məqamda maddi və mənəvi dəstəyə ehtiyacı olan ailələrə yardım edir. Yaşı 65-dən yuxarı tənha insanlara sosial xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarınız bizim heç də tənha olmadığımızı, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğumuzu nümayiş etdirdi.

Bu qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Məhəmmədov Fazil Camo oğlu, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri,

***

Fatma Səttarova və başqalarından, Bakı

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları Sizin həyata keçirdiyiniz uğurlu siyasəti dəstəkləyir və ölkəmizdə yaradılan əmin-amanlığa, nail olduğumuz sabitliyə görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.

Bu gün aktuallığı ilə dünyada diqqət mərkəzində olan koronavirus pandemiyasına qarşı ölkəmizdə Sizin tapşırığınızla aparılan işlər, virusun yayılmaması üçün görülən qabaqlayıcı tədbirlər bütün xalqımız, eyni zamanda, beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Siz və Mehriban xanım hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünürsünüz. Sizin bu mövzuda xalqımıza etdiyiniz müraciətlər bizdə yüksək əhval-ruhiyyə yaradır, hamımıza böyük mənəvi stimul verir. Bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışını biz veteranlar yekdilliklə dəstəkləyirik.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, rayon ərazisində yaşayan yaşlı nəslin nümayəndələrinə, müharibə, əmək və silahlı qüvvələr veteranlarına, imkansız ailələrə Sizin göstərişləriniz və diqqətiniz sayəsində ərzaq yardımları verilmişdir. Biz veteranlara göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın daha da inkişafı naminə gələcək işlərinizdə yeni nailiyyətlər arzulayırıq.

Bakı şəhərinin Nərimanov rayonunun ərazisində yaşayan müharibə, əmək və silahlı qüvvələr veteranları adından dərin hörmətlə,

Səttarova Fatma Hüseyn qızı

Sarıyev Qara Əli oğlu

Timçenko İvan İvanoviç

Məlikov Bağır İbrahim oğlu

Abdullayev Səfər İbad oğlu

Cəfərov Müseyib Hacırəhim oğlu

Cümşüdov Əlikişi Mirzəməhəmməd oğlu

Həsənov Tamleyxa Abbas oğlu.

Bakı şəhəri, Nərimanov rayonu.