16:51
15 Aprel 2020

"Prezidentin kifayət qədər sərt mövqeyi hər birimiz üçün bir çağırış olmalıdır" - Musa Quliyev

"2020-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirərədə ölkə rəhbəri İlham Əliyev bur çox konseptual məsələlərə toxundu və Azərbaycan xalqının həyatı üçün vacib olan bir sıra tezislər irəli sürdü".

Bu fikirləri Lent.az -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev prezident İlham Əliyevin rəhbərliyi ilə aprelin 14-də ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəni şərh edərkən deyib: "Prezident İlham Əliyev ilk növbədə pandemiya dövrünə baxmayaraq Azərbaycanda birinci rübün yekunlarının müsbət olduğunu deyib. İstər sənaye, istərsə də kənd təsərrüfatı sahəsində, eləcə də sosial-ictimai həyatın digər sahələrində müsbət uğurlar əldə olunub. Qeyd edib ki, bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə Azərbaycanda ön plandadır.

Prezident bildirdi ki, əsas məqsədimiz qısa müddətdə pandemiyanın Azərbaycanda aradan qaldırılması, vura biləcəyi fəsadları minimuma endirilməsi, əhalimizin sağlamlığının qorunması və sosial rifah halının təminatını həyata keçirməkdir. Ölkə başçısı görülən işlər haqqında həm hökumətə, həm də Azərbaycan ictimaiyyətinə ətraflı məlumat verib. Vurğulanıb ki, pandemiya ilə mübarizədə Azərbaycan təcrübəsinin dünya ölkələri tərəfindən öyrənilməsi sevindirici haldır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanın dünyanın pandemiya ilə ən uğurlu mübarizə aparan ölkələri sırasında qeyd olunması vurğulanıb. Həqiqətən də pandemiya ilə mübarizədə prezidentin atdığı addımlar bu virusa qarşı mübarizədə uğur əldə etməmizə səbəb oldu. Prezidentin sərəncamı ilə əvvəl 1 milyard məbləğində vəsait ayrıldı. Bundan sonra bu məbləğ 2,5 milyarda çatdırıldı.

Nazirlər Kabineti tərəfindən koronavirusun törədə biləcəyi fəsadların qarşısının alınması üçün müvafiq Tədbirlər Planı artıq hazırlanıb və dünən prezident bu planın həyata keçirilməsi ilə bağlı müvafiq nazirliklərin hesabatını dinlədi.
Görülən işlərlə müsbət qiymət verdi.

Prezidentin çıxışındakı əsas tezislərdən biri də bundan ibarət idi ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı ön plandadır. İqtisadiyyat və digər məsələlər də əhalinin sağlamlığından sonra gəlir. Hazırda aparılan işləri də prezident İlham Əliyev müsbət qiymətləndirdi. Tibb işçilərinin səyini və zəhmətini bir daha qiymətləndirdi. Son günlər koronavirusa yoluxma hallarının azalmasının, sağalanların sayının artmasının, ölüm statistikasının aşağı olmasının sevindirici olduğunu vurğulayıb. Prezident bildirib ki, pandemiyanın xüsusiyyətlərini nəzərə alaraq qərar verməyə tələsməməliyik. Aparılan ciddi təhlillər əsasında karantinin uzadılması və ya yumşaldılması ilə bağlı doğru qərara gəlməliyik".

MusaQuliyev Prezidentin Azərbaycan vətəndaşlarının görülən işlərdən məmnunluğu haqqında danışmasına da toxunub: "Prezident bildirib ki, gündə ona yüzlərlə, minlərlə telefon zəngləri və məktublar, sosial şəbəkələrdə yazışmalar gəlir. Hər kəs prezidentin gördüyü işləri yüksək qiymətləndirir və ona dəstək nümayiş etdirir. Bütün bunlar Azərbaycanda lider-xalq birliyinin ən yüksək səviyyədə olduğunu, ən çətin sınaq dövürlərində də Azərbaycan xalqının öz liderinə inandığını və güvəndiyini göstərir.

Eyni zamanda prezident ictimaiyyətin digər bir kəsiminin münasibətini də ifadə etdi. Söylədi ki, Novruz bayramı ərəfəsində bizim müxalifətlə dialoq təkliflərimiz oldu. Demək olar ki, Azərbaycanda müxalif partiyaların hamısı bu çağrışa adekvat reaksiya verib. Azərbaycanda ilk dəfə olaraq parlamentdə müxalifət nümayəndələrinin rəhbər vəzifələrə seçilməsi faktı olub ki, bu da ölkədə ictimai həmrəyliyin, sosial dialoqun ölkə başçısı tərəfindən başladılmasının və ümumi harmoniyanın yaradılmasına töfvəsinin ifadəsidir. Bununla yanaşı, Azərbaycandan kənarda və eləcə də ölkə daxilində olan və 5-ci kalona xidmət edən Azərbaycanın düşmənlərinə xidmət edənlər barəsində də ciddi fikirlərini söylədi. Onların pis əməllərini ifşa etdi və göstərdi ki, Azərbaycan xalqının içində onlara yer yoxdur. Tarixin artıq onları çoxdan siyasətin zibilliyinə tulladığını vurğulayıb.

Hesab edirəm ki, prezidentin bu düzgün və kifayət qədər sərt mövqeyi hər birimiz üçün bir çağırış olmalıdır. Hər bir Azərbaycan vətəndaşı belə çətin günlərdə öz millətinin, dövlətinin yanında olan insanlara dəstək verməlidir. Buna qarşı çıxan insanları isə layiq olduqları yerə göndərməlidirlər".

Ümumilikdə dünənki müşavirəni müsbət qiymətləndirdiyini deyən Musa Quliyevin fikrincə, prezidentin optimist çıxışı bir daha xalqımızı ruhlandıracaq. Onun sözlərinə görə, millət, dövlət və cəmiyyətin vəhdəti nəticəsində qısa müddətdə dünyanı bürüyən fəlakətdən uğurla qurtara biləcəyik: "Cənab prezidentin vətəndaşlarımıza bir çağrısını da qeyd etmək istəyirəm. Bəzi hallarda arxayınlıq, pandemiyanın ağır fəsadlarını düzgün qiymətləndirməmək, laqeydlik və məsuliyyətsizlik halları da baş verir. Buna son qoymaq lazımdır. Hər kəs həm özünün, həm yaxınlarının, həm də cəmiyyətin sağlamlığı və həyatı üçün məsuliyyət daşıdığını dərk etməlidir".

Dİgər xəbərlər