688
12:48
14 Aprel 2020

Bu müsabiqənin vaxtı uzadıldı

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi və “British Council Azərbaycan”ın dəstəyi ilə keçirilən “Yeni dudman” müasir dramaturgiya müsabiqəsi üçün yazıların qəbulu mövcud vəziyyətlə bağlı mayın 15-dək uzadılıb.

Nazirlikdən Lent.az -averilən xəbərə görə, həmçinin aprel və may aylarında keçirilməsi nəzərdə tutulmuş tədris proqramı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Azərbaycanda və dünyadakı vəziyyətdən asılı olaraq yeni tarixlər müəyyənləşdiriləcək.

Xatırladaq ki, “Yeni dudman” müsabiqəsi tədris proqramı, dramaturgiya müsabiqəsini və pyeslərin teatrallaşdırılmış oxunuşunu özündə ehtiva edir.

Tədris proqramı çərçivəsində yerli və xarici mütəxəssislər iştirakçılar üçün teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş mövzularda mühazirələr oxuyacaq, dram təlimçiləri isə dram əsərinin yazılma metodları haqqında praktiki seminarlar aparacaqlar. Teatr haqqında mühazirələri rejissorlar, dramaturqlar, teatr tənqidçiləri və teatrşünaslar oxuyacaq. Praktiki ustad dərslərini (drama-treninqləri) isə peşəkar dramaturqlar aparacaq.

Dramaturgiya ilə bağlı treninqlər nəzəriyyə, ümumi və fərdi söhbətlər, əks əlaqə üzərində qurulmuş təcrübi tapşırıqlar üzrə intensiv məşğələlər formasında keçiriləcək. Təlimlərin yekununda iştirakçılara öz pyeslərini yazmağa vaxt veriləcək. Onlar peşəkar dram təlimçiləri ilə sıx əlaqədə mətn üzərində işləyəcəklər.

Dramaturgiya müsabiqəsi mərhələsində iştirakçılar öz pyeslərini müsabiqəyə təqdim edəcəklər. Pyeslər müsabiqəyə üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Oxunuş və quruluş üçün pyeslərin tərcümə variantından istifadə ediləcək.

Üçüncü mərhələdə, müsabiqənin yekununda təqdim olunan pyeslərin teatrallaşdırılmış oxunuşu və müzakirəsi təşkil olunacaq. Münsiflər heyəti əsərləri qiymətləndirəcək və festivalın üç qalib pyesini seçəcək. Uğur qazanmış pyeslərin 2021-ci ildə dövlət sifarişi ilə teatrlarda tamaşaya qoyulması nəzərdə tutulur.

Müsabiqənin əsas məqsədi teatr sənətinin populyarlaşdırılması, ilk növbədə yeni pyes müəlliflərinin aşkar edilməsi, habelə Azərbaycan teatr ənənələri kontekstində, ölkədə baş verən yenilikləri əks etdirən dram əsərlərinin yazılmasıdır. “Yeni dudman” müasir dramaturgiya müsabiqəsinin iki ildən bir təşkil olunması planlaşdırılır.

Müsabiqədə 16 yaşdan 50 yaşa qədər hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər. Daha əvvəl pyesi tamaşaya qoyulan şəxslər müsabiqədə iştirak edə bilməz.

İştirak etmək istəyənlər [email protected] e-mail adresinə özləri haqqında informasiya göndərə bilərlər.