1268
19:30
07 Aprel 2020

Qadının həyat yoldaşı tərəfindən yandırılması ilə bağlı Dövlət Komitəsi məlumat yaydı



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gəncə sakini 1986-ci il təvəllüdlü Məhbubə Vaqif qızı Abbasovanın həyat yoldaşı tərəfindən üzərinə benzin tökülərək yandırılması ilə bağlı məlumat yayıb.

Komitədən APA -ya verilən xəbərə görə, qurum hadisə ilə bağlı məlumat əldə etmək üçün Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Məlum olub ki, M.Abbasovanın boşanmaq üçün məhkəməyə müraciət etməsi tərəflər arasında mühabisəyə səbəb olub. Qeyd edilib ki, M.Abbasova uzun müddətdir yoldaşından ayrılıb və ata evində yaşayır. Aprelin 4-ü S.Abbasov həmin ünvana gələrək M. Abbasovanın üzərinə benzin tökərək yandırıb. 34 yaşlı qadının müxtəlif nahiyələrdən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin kafi olduğu bildirilib. Hadisəni törədən S. Abbasov istintaqa cəlb edilib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır: "Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin təyin etdiyi mütəxəssis və psixoloq nənələrinin himayəsində olan uşaqların vəziyyətini qiymətləndirmək üçün ailəyə səfər edib. Məlum olub ki, uşaqların psixoloji durumları normaldır və qohumları ilə birgə analarını xəstəxanada ziyarət ediblər. Onların bildirdiyinə görə, anaları əvvəllər də S.Abbasov tərəfindən zorakılığa məruz qalıb. Ailə hazırda Komitənin və yerli İcra Hakimiyyətinin nəzarətindədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi cəmiyyətimizdə baş verən zorakılıq və etinasızlıq hallarını təəssüf hissi ilə qeyd edir. Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə apardığımız çətin bir dövrdə bəzi ailələr daxilində baş verən məsuliyyətsiz və zorakı davranışları kəskin şəkildə pisləyir, cəmiyyətin əsas aparıcı qüvvəsi olan ailələrimizdə bir-birimizə tolerant, qarşılıqlı hörmət, qayğı, sevgi və məsuliyyət hissi ilə yanaşmağa, uşaqlara və yaşlılara qarşı daha həssas davranmağa çağırır".