SMS müraciətlərə cavab nə üçün gecikir? - SƏBƏBLƏR
06 aprel 2020 14:19 (UTC +04:00)

SMS müraciətlərə cavab nə üçün gecikir? - SƏBƏBLƏR

“İcazə məqsədilə “8103” nömrəsinə SMS göndərilməsi xidmətindən həm smart, həm də köhnə, düyməli telefonlardan istifadə etməklə yoxlamışam”.

Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O bildirib ki, sözügedən sistem  Azərbaycan  Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyində (“ASAN xidmət”) qısa müddətdə hazırlanıb:

“Daxil olan bütün informasiyaların emal prosesi və texniki-texnoloji proseslər mobil operatorlarında deyil, məhz  “ASAN”da baş verir. Operatorlar yalnız məlumatın ötürülməsini icra edirlər.

Düşünürəm ki, bu nəhəng informasiya sistemini təkmilləşdirməklə, toplanmış DATA-nı gələcəkdə müxtəlif fors-major, fövqəladə hallarda da effektiv istifadə etmək olar”.

Ekspert qeyd edib ki, smart telefonlardan “8103”ə göndərilən mesajların cavabı dərhal gəlir:

“Köhnə, düyməli telefonlarla göndərilən mesajlarda isə problem yaşanır. SMS düzgün göndərilsə də,  məlumatın səhv olması ilə bağlı mesaj daxil olur. Belə anlaşılır ki, telefonların modellərinə uyğun olaraq tənzimləmədə problemlər var. Güman ki, köhnə telefonlardan daxil olan simvolları sistem düzgün anlamır.

Ümid edirəm ki, “ASAN xidmət” və mobil operatorlar birgə bu texnoloji məsələni tezliklə həll edəcəklər. Belə problemi olanlar dərhal mobil operatorlarla əlaqə saxlamalıdırlar”.

O.Gündüz əlavə edib ki, sosial mediada yazılanlardan belə qənaətə gəlmək də olur ki, çox zaman təsdiq mesajları tez daxil olsa da, bəzi hallarda mesajlara cavablar gec daxil olur:

“Xüsusilə də “Azercell” istifadəçilərində bu müşahidə olunur. Görünür ki, bu istifadəçilərin çoxluğu ilə bağlıdır.

Son olaraq tövsiyə edərdim ki, istifadəçilər “8103”ə lazımsız informasiyalar göndərib sistemi yükləməsinlər”.

Qeyd edək ki, mövzu ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyev isə bildirib ki, SMS müraciətlərində gecikmələrlə bağlı müxtəlif səbəblər ola bilər:

“Müxtəlif yeni və köhnə nəsil telefon modellərinin tənzimləmə məhdudiyyətləri, bəzi şəxslərin lüzumsuz yerə dəfələrlə sistemə müraciət etməsi nəticəsində şəbəkənin yüklənməsi və mobil qurğularla bağlı digər bu kimi texniki səbəblər ola bilər.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etmək tövsiyə olunur. Evdən çıxarkən vətəndaşın şəxsiyyət vəsiqəsinin üzərində olması mütləqdir”.

E.Niftəliyev qeyd edib ki, SMS sistemi hazırda tam dayanıqlı və təhlükəsiz vəziyyətdə çalışır:

“Hər hansı problem yaranacağı təqdirdə vətəndaşlar dərhal bu barədə və hansı addımların atılmalı olduğu haqda məlumatlandırılacaqlar”.

 

# 1315
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar