Koronavirus daha çox "simptomsuz" insanlar tərəfindən yayılır - Alimlər
02 aprel 2020 17:47 (UTC +04:00)

Koronavirus daha çox "simptomsuz" insanlar tərəfindən yayılır - Alimlər

Koronavirusun əlamətləri bildirməyən insanlar tərəfindən yayılması getdikcə daha çox sübuta yetirilir. Alimlər koronavirusun aşkar əlamətləri olmayan sağlam insanlar tərəfindən yayıldığına dair xeyli dəlillər təqdim ediblər.

Alimlər tərəfindən Sinqapur və Çində aparılan tədqiqatlar göstərir ki, koronavirus infeksiyasının 10 faizi virus daşıyıcıları tərəfindən yaradıla bilər. Lakin tamamilə mümkündür ki, bu adamlarda simptomlar hələ aşkarlanmayıb, yaxud da onlar xəstəliyi simptomsuz keçirirlər.
Ekspertlər hesab edirlər ki, alınan nəticələr koronavirus pandemiyasının nəzarətə alınmasını mürəkkəbləşdirir və sosial distansiya saxlamağın və koronavirus infeksiyasının yayılmasının qarşısını almağa imkan verən digər tədbirlərin əhəmiyyətini qat-qat artırır.

"Siz tamamilə sağlam görünən insanlar arasında ünsiyyətin azaldılmasında həqiqətən də fəal olmalısınız", - deyə Ostindəki Texas Universitetinin tədqiqatçısı, koronavirusun ötürülməsini öyrənən Loren Ansel Meyers bildirib.

Tədqiqatın gedişində Sinqapurda yanvarın ortalarından martın ortalarınadək qeydə alınan koronavirusa 243 yoluxma halı, o cümlədən ölkə hüdudlarından kənara çıxmayan 157 nəfər arasında yoluxma halı diqqət mərkəzində olub. Alimlər müəyyən ediblər ki, yerli yoluxdurma hallarının 6 faizində koronavirus infeksiyası "simptomsuz" adlandırılan insanlar tərəfindən törədilib.

Çində daha bir tədqiqat belə ehtimal etməyə əsas verir ki, xəstəliyə tutulma hallarının 10 faizi koronavirusa yoluxan, lakin özünü xəstə hesab etməyən insanlar tərəfindən ötürülüb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) direktoru Robert Redfild dəyərləndirməni misal çəkərək bildirib ki, xəstəliyə yoluxanların 25 faizi simptomsuz ola bilər. Bu fakt bir sıra ölkələrin hökumətlərini tibbi maskalar taxılması barədə tövsiyələrə yenidən baxmağa məcbur edir.

(AZƏRTAC)

# 2075
avatar

Oxşar yazılar