Sirli Seyid, Türkiyəyə aparılan qızıllar, Atatürklə görüş – SƏBUHİ MƏMMƏDLİ YAZIR
19 mart 2020 15:40 (UTC +04:00)

Sirli Seyid, Türkiyəyə aparılan qızıllar, Atatürklə görüş – SƏBUHİ MƏMMƏDLİ YAZIR

Həmin qızıllar üzü Gəncəbasardan tutmuş Borçalıya, Dağıstandan tutmuş Şəkiyə qədər ağa və bəylərdən, varlı tacirlərdən toplamışdılar. Amasiyaya göndəriləcəkdi həmin qızıllar. Bəs, kimə, niyə?

Bu məqama qayıdacağıq. Amma indi əsas məsələ başqaydı; çar Rusiyasının sərhədlərini keçib Osmanlı torpağına bu qızılları kim çatdıracaqdı? Məhz həmin adamın kimliyində qərara gələ bilmirdilər. Gözlər mürşidə tikilmişdi.

 

- Səhər sübh namazından sonra deyəcəm.

 

Bu sözləri deyib də aralanmışdı mürşid adamlardan.

Səhər sübh namazından sonra hamı yenə bir yerə yığışmışdı. Həyəcanla veriləcək qərarı gözləyirdilər.

 

- Amasiyaya Cındır Osman gedəcək.  

 

Qərar hamını təəccübləndirmişdi. Amma Şeyx öz sözünü demişdi. Osmanlıya Osmanı göndərirdilər. El arasında həm də Dərviş Osman kimi tanınan, şeyxin sevimli müridlərindən birini.

 

- Çox kasıb adam olub Dərviş Osman. Amma pirani bir adam imiş. Həm də Şeyxin gözünün işığı, etibarını qazanmış müridi. Özü də əslən Borçalıdan idi.  Həddən artıq pis geyinərmiş. Səliqəsiz, sahmansız. Bu ləqəbi də kim veribmiş ona, bilinmir. İncə dərəsidi, buralar. Buralarda ləqəbsiz az adam tapılar indinin özündə də.  Üstündən 150 il keçsə də, hələ də bu ləqəblə qalıb İncədə yaddaşlarda.

Dostumuz Babək Məmmədli deyir bunları.

 

Hə, qızılları Osmana verirlər, yola düşür. Əmanəti Amasiyaya çatdırmalıydı. Atla 3 gün yol yetdikdən sonra  Osmanlıyla sərhədə çatır Osman.  Onu sərhəddə saxlayan rus əsgərlərinin “o bağlamalarda nədir, nə aparırsan” sualına əslində düz cavab vermişdi o.

 

- Qızıl aparıram.

 

Əsgərlər onun üst-başına baxıb gülmüşdülər. O da əsgərlərə tərəf baxıb qımışaraq üzü Amasiyaya yol almışdı. Nə az, nə çox, düz 1000 verst yol gedəcəkdi. Onu orda gözləyirdilər…

 

***

Amasiyada “Şirvanlı” adında məscid tikiləcəkdi. Məhz Azərbaycandan yığılan qızıllar hesabına. Çünki Osmanlı türklərinin təbirincə desək, cami elə bir adamın türbəsi yaxınlığında tikiləcəkdi ki, indiki Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində anadan olan bu şəxs bütün Qafqazlarda minlərlə mürid yetişdirmişdi, məcburən onları oralarda qoyub Osmanlı dövlətinə sığınmışdı. Əslində bu da səbəbsiz deyildi. Onun çar Rusiyasında yaşaması mümkünsüz olmuşdu. Çünki məşhur Krım müharibəsi zamanı Osmanlı ordusunda cihada qatılmaq üçün müridləri ilə birlikdə gizlicə Qarsa gəlmişdi. Ruslara qarşı vuruşmuşdu. Hələ bu harasıdır? Elə adıçəkilən müharibə gedən illərdə Qafqazdakı Şamil hərəkatı da çar ikinci Aleksandr üçün əsl bəlaya çevrilmişdi. Həmin hərəkatın ideoloji əsasını isə onun mürşidi kürdəmirli İsmayıl Şirvani qoymuşdu. Şamilin mənəvi atası sayılan Qazi Məhəmməd də məhz İsmayıl Şirvanidən təlim almışdı, onun müridi idi. Elə onun özü kimi. Şamilin hərəkatında guya azmı idi ki, onun da müridlərinin sayı. Hə, söhbət bilirsinizmi kimdən gedir bayaqdan? Şeyx Seyid Həmzə Nigaridən. Bütün həyatı sirri-xuda olan bu sufinin  şərəfinə ucaldılırdı bu məscid.  

Adı da “Şirvanlı məscidi” olacaqdı. Düz 22 ilə tikiləcəkdi, bu məscid. 1873-ci ildə inşasına başlayacaqdılar, bir də 1895-ci ildə ilk dəfə namaz qılınacaqdı “Şirvanlı”da. Azərbaycandan gedən qızıl pullar hesabına. Həmin pulları isə İncə dərəsində, Aslanbəylidə hamının şeyx deyərək qəbul etdiyi Hacı Mahmud Əfəndi toplayıb göndərirdi Amasiyaya.



Bəs kim idi bu Hacı Mahmud Əfəndi. Bu pulları və qızılları niyə o yığırdı, göndərirdi?

1835-ci ildə Qazağın Aslanbəyli kəndində anadan olmuşdu. Kiçik yaşlarında ikən atası Veysi itirmişdi.

Hacı Mahmud Əfəndi uşaq ikən yaxşı təhsil görmüşdü, ərəb və fars dillərini mükəmməl öyrənmişdi. O, bir müddət Şəkidə də təhsil almışdı. Bu şəhərdə MirHəmzə Seyid Nigarinin sorağını alaraq ondan dərs almaq üçün Amasiya şəhərinə gedib çıxmışı.

 

Amasiyada ustadından din və İslamın qəlb elmi sayılan təsəvvüf dərsləri öyrənmişdi. Oradan, nəqşibəndilik təriqətinin Azərbaycan üzrə xəlifəsi kimi yenidən Aslanbəyliyə qayıtmışdı. Burada dərs demək üçün hücrə də tikdirmişdi. Qısa bir zaman ərzində onun yanına Qafqazdan, Türkiyədən, İrandan onlarla mürid toplanmışdı.

 

Hacı Mahmud Əfəndi Amasiyada və Azərbaycanda çox sayılıb seçilən, dini dərindən bilən övliya kimi qəbul edilib. O da məlumdur ki, övladlarını Amasiyada təhsil üçün saxlamış və özü Aslanbəyli kəndinə dönmüş və bir müddət sonra Həcc ziyarətinə getmişdi. Həcdən qayıtdıqdan sonra Qafqaz canişini ondan Türkiyəyə getməyi tövsiyə etmişdi. Amma təklif rədd olunmuşdu.

 

O, 1896-cı ildə dünyasını dəyişmişdi. Aslanbəyli kəndində dəfn olunmuşdu, müridlərinin vəsaiti və köməkliyi hesabına qəbri üzərində türbə ucaldılmışdı. Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncəsu çayı boyunca uzanan yolun solundadır. Qazax, Gəncə və Borçalıda “Göy türbə” kimi tanınan Hacı Mahmud Əfəndinin türbəsi həm də xalqın inanc yeri kimi məşhurdur. Buraya əhd edib gələnlərin sayı-hesabı bilinmir. Dağıstanda, Türkiyədə belə tanınan bir ziyarətgahdır.

 

Deyilənə görə, türbənin layihəsini Hacı Mahmud əfəndi Türkiyədən gətiribmiş. Tikintini İncə dərəsinin və Borçalının ən məşhur ustaları yetiribmiş. İnşaya rəhbərliyi isə Hacının kürəkəni, daşsalahlı Mustafa bəy Miralayev edibmiş. Türbə müqəddəs sayılır və hətta sovet hakimiyyəti dövründə qoyulan qadağalara baxmayaraq, indiyə qədər bütün illər uzaq və yaxın ellərdən gələn adamlar tərəfindən ziyarət olunur

Hacı Mahmud Əfəndinin soyu Azərbaycanda Seyidovlar kimi tanınır. Veys, Məhəmməd, Əhməd adında 3 oğlu və Ayşə, Səyalı adında 2 qızı var idi.

Oğlu Məhəmməd Əfəndi ilahiyyat üzrə Türkiyənin ən məşhur alimlərindən olub. Çox savadlı və tədbirli birisiymiş.  Amasiyada çoxlu torpaq sahəsi alıbmış. Şəhərin mərkəzində mülkü varmış. Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdu. Amasiyanın tarixi adlı 2 cildlik kitabda Hacı Mahmud Əfəndi və oğlu Məhəmməd Əfəndi haqqında yazı vardır.

Məhəmməd Əfəndinin 3 qızı və 1 oğlu olub. Oğlu Kamal Qarani Türkiyədə Cümhuriyyət Xalq Partiyasından deputat da seçilib.

Biz, qısa da olsa Hacı Mahmud Əfəndidən, onun mürşidi Seyid Nigaridən, oğlanlarından, danışdıq. Sadəcə tanıtmaydı bu. Dünyaya meydan oxuyan çar imperiyasını 30 il lərzəyə salan Şamil hərəkatı, bu hərəkatın ideoloji əsasını qoyan kürdəmirli İsmayıl Şirvanlı, onun müridləri haqda oxuyacaqsınız. Elə həmin dərviş Osmanın Tiflisdə Şamilin naibi Hacı Muradla niyə görüşdüyünü də biləcəksiniz. Və onu da öyrənəcəksiniz ki…

Lent.az-da qalın…

Bakı-Qazax

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9567
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar