16:15
06 Mart 2020

"Qalan rəqiblərlə oynamaq mümkündür" - Ramil Şeydayev

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi Millətlər Liqasında Lüksemburq, Monteneqro və Kipr yığmaları ilə eyni qrupa düşdü. Daha güclü komandalar gözləyirdiniz, yoxsa hazırki qrup da çətindir?

- Püşkatma məncə, olduqca normal alınıb. Bütün komandalar aşağı-yuxarı eyni səviyyədədirlər. Ona görə də bununla bağlı heç bir bəhanəmiz ola bilməz.

- Püşkatmadan əvvəl ölkəmizdə əksər azarkeşlər yığmamızın MDB ölkələrinin yığmaları ilə düşməsinin daha uyğun olduğunu düşünürdü. Gürcüstan, Belarus kimi komandaları nəzərdə tuturdular. Siz də bunu istəyirdiz?

- Bu barədə mən bir söz deyə bilmərəm. Yəni hansı komandaya qarşı oynamağın asan olduğunu demək çətindir. Hazırda bütün komandalar futbol oynamağı bacarır. Ona görə də, asan rəqibimiz olmadığını düşünürəm. Biz özümüz də asan rəqib deyilik.

- Kipr, Monteneqro və Lüksemburqla mübarizədə növbəti mərhələ üçün millimizin şansı varmı? Bu komandalar bizim üçün çətin rəqiblərdir?

- Bizim üçün güclü rəqiblər Fransa, Argentina, Braziliya kimi komandalardır. Qalan rəqiblərlə isə oynamaq mümkündür. Sadəcə görüşlərə yaxşı hazırlaşmaq lazımdır. Belə olandan sonra rəqiblərə qarşı da yaxşı oynamaq mümkündür.

- Rəqiblərimizin heyətində, "Atletiko"(Madrid), "Monako", "Maynts", "Latsio", "Peskara" kimi komandalarda oynayan oyunçular var. Bu millimizlə mübarizədə həmin komandalara üstünlük qazandırır?

- Bircə, onu deyə bilərəm ki, qrupumuzda favorit yoxdur. Çünki komandalar hamısı eyni səviyyədədir. Meydanda hansı komandanın nəyə qadir olduğunu görəcəyik.

- Bu qrupdan çıxa bilməsək, böyük uğursuzluq hesab olunmalıdır?

- Millimizin qrupdan çıxmayacağı barədə heç düşünmək belə istəmirəm. Hər bir komandanın böyük məqsədləri var. Ümidvaram ki, biz də bunu meydanda göstərəcəyik.

- Sizdən sonra, ölkə xaricində çıxış edən daha bir futbolçumuz - Emil Balayev də Azərbaycana qayıtdı, "Zirə" ilə anlaşdı. Onun Premyer Liqaya dönüşünü necə şərh edərdiz?

- Bu haqda çox danışmaq olar. Amma hələ ki, şərh vermək istəmirəm.

Dİgər xəbərlər