18:06
03 Mart 2020

Alternativ enerjinin qiyməti daha sərfəli olacaq - Yeni qanun gəlir


Azərbaycanda “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin istifadəsi haqqında” qanunun qəbul edilməsi günəş enerjisindən əldə edilən elektrik enerjisinin topdan və pərakəndə satış qiymətlərində olan fərqi aradan qaldıracaq.

Bunu “APA-Economics”ə Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Cəmil Məlikov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə günəş enerjisindən əldə olunan elektrik enerjisi üzrə topdan və pərakəndə satış qiymətlərində fərq mövcuddur. Belə ki, günəş enerjisindən əldə olunan elektrik enerjisi üzrə topdan satış qiyməti 1 kVt-saat üçün 5,7 qəpikdirsə, elektrik enerjisinin şəbəkədə satış qiyməti aylıq istehlak həcminin 300 kVts-a qədər (300 kVt-saat daxil) olan hissəsi üçün 7 qəpik, ondan artıq olduğu təqdirdə isə 11 qəpik təşkil edir.

C. Məlikov əlavə edib ki, hazırlanmış və hökumətə təqdim olunmuş alternativ və bərpa olunan enerji mənbələri sahəsinə aid qanun layihəsində bu məsələ əksini tapıb.

“Nəzərdə tutulub ki, alternativ enerjisi sahəsində elektrik enerjisini hansı qiymətlə alırıqsa, satışı da həmin qiymətlə olmalıdır, yaxud bu proses barter üsulu ilə təmin edilməlidir. Qanun layihəsində bu məsələ əksini tapıb və qanun qəbul olunandan sonra topdan satış qiyməti ilə pərakəndə satış qiyməti arasında fərq aradan qaldırılacaq”, - deyə C. Məlikov qeyd edib.

Sədr müavininin sözlərinə görə, hazırda respublikada 150 kVt gücünədək günəş foto-elektrik panellərinin istifadəsi üçün heç bir xüsusi icazə lazım deyil və insanlar bu panelləri fermalarda, yaşayış evlərinin üzərində və həyətlərində rahatlıqla quraşdıra bilərlər: “Lakin 150 kVt həddindən çox böyük gücdür. Adi yaşayış evlərinin elektrik enerjisi ilə təmin edilməsi üçün 3-4 kVt gücündə günəşlə işləyən qurğuların quraşdırılması yetərlidir. Qoyuluş gücü 3 kVt olan elektrik stansiyanın quraşdırılması təxminən 3 750 manata başa gələ bilər, bu da ildə 4 min. kVt-saat elektrik enerjisinin (440 manat dəyərində - 1 kVt-saatı 11 qəpikdən hesablama şərti ilə) istehsalı üçün imkan yaradır.

“Yəni il ərzində siz qoyulan günəş panellərinin quraşdırılmasına xərclədiyiniz vəsaitin 10%-i dəyərində enerji əldə edirsiniz. Bu da o deməkdir ki, 10 il ərzində sizin tərəfindən qoyulan investisiya özünü doğruldacaq. Sonrakı istismar dövründə isə (10-15 il və ya daha uzun müddət ərzində – red.) qurğunun işlənilməsi sizə qazanc gətirəcək və qənaət etməyə imkan verəcək”, - deyə C. Məlikov əlavə edib.

Dövlət Agentliyinin rəsmisi onu da bildirib ki, buna baxmayaraq, bu sahədə bir çətinlik var ki, öncə qeyd edildiyi kimi, hazırda günəş panellərindən əldə edilən elektrik enerjisinin şəbəkəyə satışı topdan satış qiymətləri ilə həyata keçirilir. Lakin istifadəçi elektrik enerjisini şəbəkədən alarkən onun 1 kVt-saatı üçün 11 qəpik ödəyə bilər: “Belə ki, siz fərdi qaydada günəş elektrik stansiyasının quraşdırdığı təqdirdə, əgər istehlak etdiyinizdə daha çox elektrik enerjisi istehsal edirsinizsə, onu şəbəkəyə satdıqda daha ucuz qiymətlə (şəbəkədən alınan qiymət ilə müqayisədə - 7 və 11 qəpik dəyərində) bunu etmiş olacaqsız. Ona görə də biz bu gün insanlara (hansılar ki, belə bir qurğuları özlərini elektrik enerjisi ilə təmin etmək üçün quraşdırır - red.) tövsiyə edirik ki, onların tələbatını qane edəcək gücdə panellər quraşdırsınlar. Əgər siz sizə yetəcək qədər elektrik enerjisi həcmlərindən daha böyük gücdə günəş enerjisi panelləri quraşdıracaqsınızsa, deməli, artıq qalan həcmi siz şəbəkəyə satdıqda qoyduğunuz investisiyanın qaytarılma müddəti 10 il deyil, 15-16 il və ya daha çox olacaq”.

C. Məlikov yeni qanun qəbul olunduqdan sonra alternativ enerji sahəsinə aid bir çox məsələnin həllini tapacağına ümid etdiyini bildirib.

Dİgər xəbərlər