Azərbaycanda bu qidaların satışı qadağan edildi - SİYAHI
20 fevral 2020 16:36 (UTC +04:00)

Azərbaycanda bu qidaların satışı qadağan edildi - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkəyə gətirilən bəzi bioloji fəallığa malik qida əlavələrində mineral maddə və vitaminlərin miqdarının dəfələrlə aşağı olduğunu aşkarlayıb.

Agentlikdən Lent.az-a verilən məlumata görə, idxal olunan bioloji fəallığa malik qida əlavələri üzərində aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra məhsulların tərkib analizləri həyata keçirilib. Sınaq nəticələrinə əsasən bu məhsulların tərkib göstəricilərinin etiket məlumatlarına uyğun olmadığı aşkar edilib.

Rusiya Federasiyasından idxal olunan “Siberian Super Natural Sport” Mega Essentials / “Siberian Super Natural Sport” Meqavitaminlərdə, “Vertex plus”, “Supradin Coenzim Q10, Türkiyə Cümhuriyyətindən idxal olunmuş “Mikroflorid” və “Gamino Forte”, “El Prodep”, “Chonzamin” və “Parametabol, şərbət”, “Optimin”, “Lipadrom” adlı bioloji fəallığa malik qida əlavələrində müxtəlif mineral maddələrin və vitaminlərin miqdarı qablaşdırma üzərində və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyində göstərilən miqdarlardan dəfələrlə aşağı olduğu aşkarlanıb. Bununla da istehlakçıların aldadılması hallarının baş verməsinin qarşısının alınması məqsədilə həmin qida əlavələrinin satış şəbəkələrinə daxil olunmasının qarşısı alınıb və ölkə ərazisində istifadəsi qadağan edilib.

Hazırda aşkar olunmuş faktlar əsasında agentliyin mütəxəssisləri qanunvericiliyin tələblərinə uyğun araşdırmalar aparır.

Qida Təhlükəsizliyi Agentliyi bir daha vətəndaşlardan satış şəbəkələrində sözügedən əmtəə nişanlı bioloji fəallığa malik qida əlavələrinin satışı ilə rastlaşsalar və ya bununla bağlı hər hansı şübhəli məqam müşahidə etsələr, bu barədə agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.

# 4793
avatar

Oxşar yazılar