Gülər Əhmədovanın oğlu barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB
12 fevral 2020 18:35 (UTC +04:00)

Gülər Əhmədovanın oğlu barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB

Sabiq müllət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov məhkəmə qarşısına çıxarılıb.

APA-nın məlumatına görə, T.Əhmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

T.Əhmədov Bakı İstintaq Təcridxanasına köçürülüb.

***

17:28

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Toğrul Əhmədovun sabiq millət vəkili Gülər Əhmədovanın oğlu olduğu məlum olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya faktı təsdiqləyib.

***

17:07

Keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub.

Lent.az-ın xəbərinə görə, hadisə fevralın 9-da Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 33 yaşlı Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. 

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.

İlk xəbəri baku.ws saytı yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4689
avatar

Oxşar yazılar